Azərbaycanda ərzaq bankı yaradıla bilər - ARAŞDIRMA

13:48 06.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda dünyada qidaya ehtiyacı olan, təxminən, 6,5 milyon insan ərzaq bankından pulsuz qida əldə edir

Azərbaycanda ehtiyacı olan aztəminatlı ailələrə dəstək məqsədilə ərzaq bankının yaradılması təklif olunur. Юлкямиздя ərzaq bankının yaradılması ilə bağlı təşəbbüslər əvvəllər də olub. Belə ki, 2016-cı ildə qəbul edilən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qeyd olunurdu ki, əhalinin bütün kateqoriyalarının istehlak normalarına uyğun qidalanmasını təmin etmək üçün daha həssas sosial qrupların müəyyənləşdirilməsi və həmin qrupların ərzaqla təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti orqanlarla birlikdə məqsədli dövlət proqramlarının hazırlanması imkanları araşdırılacaq, xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması nəzərdən keçiriləcək.

Maraqlıdır, Azərbaycanda ərzaq bankının yaradılması təklifi dəstəklənərsə, bu qurumun fəaliyyəti necə qurulmalıdır?  Ərzaq bankına hansı qurum nəzarət etməlidir? Bankın ərzaq təminatı mənbəsi hansı strukturlar olmalıdır? Bu işin dəstəklənməsinə özəl şirkətlərin və sahibkarların cəlb edilməsi üçün hansı addımlar atılmalıdır?

2020-ci il və 2021-ci ilin ötən aylarında 7489 ton, 84 min dekalitr məhsulun məhv edilməsi, 92 min ton, 113 dekalitr məhsulun isə utilizasiyası barədə qərar çıxarılıb. Azərbaycanda qida itkisinin 14 faizini düyü, 12 faizini buğda, 10 faizini isə kartof təşkil edir.Ümumiyyətlə, hər il dünyada 1,3 mlrd. ton qida itirilir və ya israf edilir. Qida itkisi və tullantılarının dəyəri 680 milyard dolları təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 310 milyard dollardır. Məsələnin həlli yollarına gəldikdə, istifadə müddətinə az qalmış məhsulların yenidən istifadəsi, ərzaq bankının yaradılması, QHT-lərin köməyi ilə həmin ərzaq bankının ehtiyacı olan aztəminatlı ailələrə çatdırılması ilə bağlı təkliflər səsləndirilir. Artıq qərara alınıb ki, məsələ ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılsın.

Dünyada, 30 min qida bankı var

Qeyd edək ki, dünya təcrübəsində “qida bankı” və ya “Foodbank” kimi adlandırılan bu qurumlar bağışlanan qida, geyim, təmizlik və gigiyena məhsullarını ehtiyacı olanlara toplayan, ayıran, saxlayan və paylayan qeyri-hökumət təşkilatıdır. Firmalar və şəxslər qida, geyim, təmizlik və yanacaq məhsullarının bir həmrəylik platformasına köçürülür və ehtiyacı olanlar bu məhsulları pulsuz alır. Bu gün dünyadakı təxminən 30.000 qida bankı, 6.5 milyon adama 540 min ton qida paylayır. Dünyada ilk qida bankı isə 1967-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılıb. ABŞ və Avstraliyada qida bankları anbar kimi də fəaliyyət göstərirlər. Standard model olan qida banklarında isə məhsullar qida talonları ilə verilir.

Avropada ilk dəfə qida bankı 1984-ci ildə Fransada yarandılıb. İtaliyada ilk qida bankının yaradılması 1989-cu ilə təsadüf edir. Qida bankları bəzi Asiya ölkələrində də fəaliyyət göstərir. Bura Yaponiya, Hindistan, Tayvan və Cənubi Koreya kimi ölkələr daxildir. Sinqapurda isə Buddist məbədləri insanlara pulsuz vegetarian qida təklif edir.

Amerika təcrübəsində bu ölkədə qanuni olaraq məskunlaşıb qazancını itirən hər kəs qida bankına müraciət edə bilər. Ancaq rəsmi status olmasa da, ehtiyacı olan insan yeməksiz qalmır. Belə ki, Foodbank tamamilə pulsuz yalnız ərzaq deyil, həm də paltar, uşaq bezi və hətta Milad hədiyyələrini də verir. Bəzi Foodbanklar kilsədə, bəziləri isə xüsusi binalarda fəaliyyət göstərirlər. Ehtiyac olanlar üçün nəzərdə tutulan Foodbank qutusunda düyü, konservləşdirilmiş balıq və tərəvəz, kişmiş, şirin şərbət, dondurulmuş balıq və bir qutu makaron, təzə tərəvəz və meyvələr, kraker, pendir, kolbasa olur.

25 milyondan çox amerikalı “Foodbank”la qidalanır

Amerikada 200-dən çox ərzaq bankı ilə hər il 25 milyondan yuxarı amerikalı qidalanır. Bunlardan 9 milyonu uşaq, 3 milyonu yaşlı insanlardır. Qida bankı ümumiyyətlə birbaşa ərzaq istehsalçıları və təchizatçıları ilə işləyir. Bura müddəti başa çatan mallar daxildir. Könüllülər insanlara pulsuz paylanan ərzaq paketləri təşkil edirlər. Bir yemək bankına gəlsəniz və məhsulların satışa çıxdığını görsəniz, buna təəccüblənməyin.

Bu ölkədə qida banklarına həddindən artıq inventar satmağa icazə verilir. Yeməkdən əlavə qida bankları insanları paltar, məişətdə istifadə olunan kimyəvi maddələr, ev əşyaları və hətta ev heyvanları üçün yemək və geyimlə də təmin edir. Amma bu sadalananları əldə etmək üçün gəlir bəyannaməsi və kirayə müqaviləsi göstərmək lazımdır.

Hər bir ərzaq bankının öz iş qrafiki var. Bəziləri həftədə 2 dəfə işləyir, məhsulları səhər 10-dan başlayaraq günorta saat 1-ə kimi bitirir. Digərləri yalnız iş həftəsinin sonunda açıqdır. Ona görə də Amerikada qida bankından yemək əldə etmək istəyən şəxs yaşadığı əraziyə yaxın Foodbankın rəsmi veb saytına daxil olmaqla iş saatı ilə bağlı məlumatları dəqiqləşdirməlidir.

Avropada ilk qida bankını yaradan Fransa da Foodbankla bağlı zəngin təcrübəyə malikdir. Hətta bu ölkədə israfçılığa “dur” demək üçün xüsusi qanun qəbul olunub. Belə ki, Fransa Senatının 3 fevral 2016-cı il tarixində qida israfının qarşısını almaq üçün çıxardığı qanunla, bazarlar sona çatma müddəti yaxınlaşan qida məhsullarını xeyriyyə qurumlarına bağışlamaq məcburiyyətindədirlər. Qanuna görə, 400 kvadratmetri aşan supermarketlər bir xeyriyyə qurumu ilə müqavilə bağlamalı və tövsiyə olunan istehlak tarixinə yaxınlaşan məhsulları tərəfdaş yardım təşkilatına pulsuz ötürməlidirlər. Qanuna əməl etməyən supermarketlər 3750 avroya qədər cərimə olunur. Diqqətçəkən məqam ondan ibarətdir ki, bu qanunun qəbulundan sonra Fransada bir ildə 5 min yeni yardım təşkilatı açıldı.

Tullantıların ən yüksək həddə çatdığı qonşu Türkiyədə isə qida bankçılığının ehtiyac sahibləri üçün geniş yayılması üçün yeni addımlar atılması üzərində iş aparılırır. Türkiyədə qida bankçılığının hüquqi əsasları 2004-cü ildə qoyulub. Hazırda bu ölkədə rəsmi olaraq 64 qida bankı fəaliyyət göstərir. Bunların da əksəriyyəti bələdiyyələrin tabeliyindədir. Qida müəssisələri kimi qəbul edilən qida bankları Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi tərəfindən yoxlanılır. Dövlət eyni zamanda, yoxsullara yardım məqsədi ilə qida bankçılığı ilə məşğul olan birlik və fondlara vergi və maliyyə güzəştləri də nəzərdə tutub.

Мümkündür, amma…

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov deyib ki, Azərbaycanda ərzaq bankının yaradılması faydalı ola bilər:

“Bu məsələdə bir çox ölkələrin uğurlu təcrübəsi var. Hesab edirəm ki, həmin təcrübələri öyrənməklə Azərbaycanda qida bankı yaratmaq mümkündür. Bu qurum heç bir dövlət təşkilatından asılı olmamalıdır və qeyri-hökümət təşkilatı formasında fəaliyyət göstərməlidir. Təşkilata ictimai nəzarət edilməsi vacibdir. Ərzaq bankının bütün parametrlərinə isə Qida Təhlükəsizliyi Agentliyi ciddi nəzarət etməlidir. Banka vaxtıkeçmiş, keyfiyyətsiz, təhlükəli mallar daxil ola bilər”.

Mən bu məsələdə dövlətin birbaşa iştirak etməsinin əleyhinəyəm

Ekspert bildirib ki, qida bankının ərzaq ehtiyatı özəl şirkətlər və sahibkarlar hesabına formalaşmalıdır: “Mən bu məsələdə dövlətin birbaşa iştirak etməsinin əleyhinəyəm. Dövlət sadəcə əlində olan rıçaqlardan istifadə etməklə bu banka dəstək verən sahibkarlar üçün müəyyən güzəştlər tətbiq edə bilər. Məsələn, vergi qanunvericiliyində mütləq dəyişikliklər aparılmalıdır. Hansı şirkət və ya sahibkar bu təşəbbüsdə fəallıq nümayiş etdirərsə, həmin hüquqi və ya fiziki şəxşlərə vergi güzəştləri tətbiq olunmalıdır. Bu addım ərzaq bankının daha effektli fəaliyyət göstərməsinə, aztəminatlı ailələr üçün pulsuz ərzağın əldə edilməsinə əlçatanlığın daha da artmasına imkan yarada bilər”.

E.Hüseynov onu da vurğulayıb ki, Azərbaycanda xeyriyyəçilik ənənələri həmişə mövcud olub və bu gün də yerli sahibkarlar belə təşəbbüsləri dəstəkləməyə hazırdırlar: “Mənə elə gəlir ki, ölkədə ərzaq bankı yaradılarsa, nəinki sahibkarlar, adi vətəndaşlar bu işə yaxından dəstək verəcəklər. Çünki biz pandemiya dövründə, 44 günlük müharibə dövründə xalqımızın xeyirxah əməllərinin bir daha şahidi olduq. Hesab edirəm ki, ehtiyacı olan aztəminatlı ailələrə dəstək məqsədilə irəli sürülən ərzaq bankının yaradılması təklifi dəstəklənərsə, vətəndaşlar, sahibkarlar bu işə öz tövhələrini tam şəkildə verəcəklər”.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov isə mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşərkən bildirib ki, ilk növbədə bu işə peşəkar yanaşma tələb olunur:

“Bu iş qeyri-peşəkarlardan təşkil olunacaqsa, hansısa effekt gözləmək doğru olmaz. Məsələn, biz vaxtilə böyük ümidlərlə Maliyyə Bazarlarına Nəzarət Palatası yaratmışdıq.

Ərzaq bankı əgər Maliyyə Bazarlarına Nəzarət Palatası kimi işləyəcəksə, heç onu yaratmasaq yaxşıdır

Amma sonradan bəlli oldu ki, bu qurum bank sektoruna əngəldən başqa heç bir işə yaramır. Yəni, nəyisə yaratmaq niyyəti olanda ideoloqlar  ilk növbədə ciddi şəkildə düşünməlidirlər. Bu ideyanı necə reallaşdırmaq olar, müəssisə necə işləyəcək, hansı çatışmazlıqları ola bilər və s. Yəni, ərzaq bankı əgər Maliyyə Bazarlarına Nəzarət Palatası kimi işləyəcəksə, heç onu yaratmasaq yaxşıdır. Ona görə burada dəqiq idarəçilik və peşəkar yanaşma ortaya qoyulmalıdır”.

Oxunma sayı 3041