Azərbaycanda partiya sədri rus sülhməramlılarını TƏNQİD EDƏNLƏRƏ İRAD TUTDU

17:10 11.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan ictimaiyyətini maraqlandıran əsas məsələ Qarabağ problemi və onun həlli yollarıdır. Erməni xisləti vəziyyəti gərgin olaraq saxlamağa yönəlsə də, əvvəl-axır problem öz həllini tapacaq. Bu gün Ermənistanda olan ağır ictimai-siyasi həyat, əhalinin ölkəni tərk etməsi, acınacaqlı iqtisadi durum erməni lobbisinin apardığı soyqırım siyasətinin nəticəsidir.

Bu fikirləri hafta.az-a Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov deyib:

"Hesab edirəm ki, Azərbaycan ictimai-siyasi kəsimi mövcud məsələ ilə bağlı bir qədər səbrli olmalıdır. Azərbaycan hərb, diplomatiya tarixində ilk dəfə olaraq 44 günlük müharibədə dövlətimizin, xalqımızın nəyə qadir olduğunu göstərdi. Düşünürəm ki, Qarabağ probleminin tam həlli üçün xırda bir məsələ qalıb. “Biz tam qələbə əldə etmədik”- kimi çıxışlarla cəmiyyəti gərginləşdirməyə ehtiyac yoxdur. Bəzən bir çox siyasilər öz leksikonlarına uyğun olaraq sülhməramlıları işğalçı adlandırır və onların qələbəmizin tam olmasına imkan vermədiklərini deyirlər. Mən bu fikirlərin əksinə olaraq hesab edirəm ki, 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hərblə bitən nəticəsindən sonra sülhməramlıların bölgəyə gəlməsinə ehtiyac var idi. Biz bu gün Minsk qrupunun digər həmsədrlərinin fəaliyyətinə baxsaq görərik ki, elə Fransadan, ABŞ-dan fərqli Rusiyanın Qarabağda sülhməramlı kimi iştirak eləməsi daha məqsədyönümlüdür. 44 günlük müharibədə də Rusiyanın məsələyə müdaxilə etməməsi, yaxud Putinin öz çıxışlarında “Azərbaycan öz haqqı olan torpaqları üçün mübarizə aparır” deməsi, həmin dövlətin Azərbaycana və Ermənistana olan münasibətinin təsdiqidir.

Rusiya sülhməramlıları ilə bağlı bu kimi fikirləri Azərbaycan ictimaiyyətinə yayımlayanlar var. Guya orada silahlıların və silahların Qarabağa keçirilməsi üçün şərait yaradırlar. Rusiya o silahlıları, silahları Qarabağa keçirib nəyə nail olmağa çalışır. Burada bir məntiq olmalıdır. Nəzərə alsaq ki, 10 noyabr 2020-ci ildə Rusiya Prezidenti bu məsələ ilə bağlı özünün mövqeyini nümayiş etdirib. Həmin üçtərəfli sazişdə Rusiya, Azərbaycan, Ermənistan atəşkəslə bağlı sənədə imza atıblar, indi rusların ora silahları daşıması, silahlılara yer verməsi məntiqli görünmür. Ona görə də belə fikirlərlə kütləni qıcıqlandırmaq, gərginləşdirmək, insanlarda bir narahatçılıq yaratmağa əsas yoxdur. Fransada prezidentliyə namizəd xanımın gəlib Qarabağda ermənilərlə görüşməsi qərb tərəfindən ortaya atılan təxribat xarakterli məsələdir. Biz hər bir məsələyə isti münasibət göstərib hay-küy qaldırırıq. Sülhməramlıların burada olması ilə bağlı müəyyən təxribatlar, onların missiyasına aid olmayan məsələlər var. Bu məsələlərə də səbirlə yanaşmalıyıq. Problemin əsas hissəsini həll edə bilmişik. Bu gün Şuşadan baxanda Xankəndini əlimizin içində görürük. Yəni istənilən vaxt oradan Xankəndini yerində otuzdurmaq mümkündür".