Azərbaycanda “qızıl exchange”ləri yaradılır - Araşdırma

12:20 16.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Proqnozlara görə, bu mərkəzlərin yaradılması ikinci əl bazarının "kölgə iqtisadiyyatı"ndan çıxarılmasına mühüm töhfə verəcək

Bu gün Azərbaycanın qızıl bazarında vəziyyət heç də ürəkaçan deyil və bu sahədə çoxsaylı problemlər mövcuddur. Məsələn, zərgərlik sənayesində keyfiyyətə effektiv nəzarət mexanizminin olmaması ciddi iqtisadi itkilərlə müşayiət olunur. Xüsusilə də əyar nəzarəti mexanizminin yetərli olmaması bu gün pərakəndə satış seqmentinə mənfi təsir göstərir və istehlakçı hüquqlarının pozulmasına səbəb olur.

Vahid idarəetmə mexanizmi yoxdur

Belə ki, "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq subyektləri tərəfindən istehsal olunan, həmçinin ölkədə satışa çıxarılan zərgərlik məmulatlarının dövlət əyarı olmalıdır. Qanunun bu müddəasına uyğun olaraq, ölkəyə gətirilən və ölkə ərazisində qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik əşyaları və digər məhsullar müvafiq dövlət orqanına təhlil, müayinə, sınaq və əyar üçün təqdim edilməlidir. Bununla birlikdə, son illərdə ticarət mərkəzlərində və zərgərlik mağazalarında, habelə dövlət təhlili markaları olmayan naməlummənşəli əyar sikkəsi olan on minlərlə məhsul aşkar edilib. Bundan başqa, üzərində göstərilən qızıl və gümüş əyarlarına uyğun gəlməyən, qiymətli metalın çəkisi göstəriləndən az olan, qiymətli daşları keyfiyyətsiz olan və s. zərgərlik məhsulları satılır.

Burada xatırlatmaq yerinə düşər ki, 2018-ci ilin sonuna qədər Maliyyə Nazirliyi yanında Dövlət Əyar Palatası ölkədə satılan zərgərlik məhsullarına nəzarət funksiyasına malik idi, lakin bu qurum ləğv olunduqdan sonra sözügedən sahədə vahid idarəetmə mexanizmi yoxdur, təchizatçı və alıcı hüquqlarının pozulması riskləri nəzərəçarpacaq dərəcədə artıb. Hazırda bu sahədə ciddi pərakəndəlik hökm sürür.

Alış və satış qiyməti arasında ciddi fərq

Azərbaycanın qızıl bazarında mövcud problemlərdən biri də qızılın alış və satış qiyməti arasında ciddi fərqin ortaya çıxmasıdır. Məsələn, istehlakçı bu gün 1000 manat dəyərində aldığı qızıl məmulatını bir gün sonra satmaq qərarına gələrsə, onu ən yaxşı halda 650-700 manata sata biləcək. Halbuki xarici ölkələrdə bu fərq 0,1-0,5 faiz civarındadır. Ekspertlər isə mövcud vəziyyətdən çıxış yolu olaraq qızılın investisiya bazarı kimi inkişaf etdirilməsinin, “qızıl exchange”lərinin yaradılmasının zəruriliyini vurğulayırlar.

Qeyd edək ki, Azərbaycanda qızıl bazarındakı mövcud vəziyyət aidiyyəti qurumları da narahat etməkdədir və hazırda mövcud problemlərin həlli istiqamətində çıxış yolları axtarılır. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun sözlərinə görə, 2020-ci ilin fevralın 18-də İqtisadiyyat Nazirliyinin təşəbbüsü və rəhbərliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “AzerGold”un iştirakı ilə “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar” mövzusunda sahibkarlarla görüş keçirilib, zərgərlik sənayesinin inkişafını ləngidən bir sıra problemlər gündəmə gətirilib: “Görüşdə İqtisadiyyat Nazirliyi və digər qurumlar tərəfindən zərgərlik bazarında alternativ yollarla, yəni qaçaqmalçılıq, vergilərdən yayınma və s. üsullarla məmulatların satışa çıxarması və müvafiq nəzarət orqanının mövcud olmamasından istifadə edərək göstəriləndən daha az əyarlı məhsulları alıcılara təqdim etməsi əsas problemlərdən biri kimi qeyd olunmuşdur. Bununla yanaşı, müəyyən edilib ki, Çin, Hindistan, İtaliya və Türkiyə kimi bu sahədə zəngin təcrübəyə malik ölkələrdə xammal qızıl, qiymətli daşlar və hazır məmulatların maya dəyərinə əlavələrin (ƏDV və digər rüsumlar daxil) təqribən 0-24 faiz arasında təşkil etdiyi halda, ölkəmizə idxal olunan xammal qızıl, qiymətli daşlar və məmulatlara maya dəyərinin əlavələri ortalama 42 faizdək artır. Bu da bazar iştirakçıları tərəfindən xammalı qeyri-qanuni yollarla əldə edərək alternativ yollarla istehsal etməyə, eyni qaydada da satışa çıxarmağa və nəticədə vergi və rüsumların ödənilməsindən yayınmağa sövq edir. Digər tərəfdən, dünyada müasir və innovativ keyfiyyətə nəzarət mexanizmlərinin mövcud olmasına baxmayaraq, hazırda yerli zərgərlik sənayesinin dəyər zənciri üzrə keyfiyyətə nəzarət sistemlərinin yoxluğu iqtisadi itkilərə, tədarükçülərin və alıcıların hüquqlarının pozulmasına səbəb olması faktları əsas problem kimi müəyyən edilib”.

İşçi qrup yaradılıb

Z. İbrahimov qeyd edib ki, bütün bu problemlərin həlli məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən İşçi qrup yaradılıb: “İşçi qrupun fəaliyyəti çərçivəsində hazırlanmış təkliflər zərgərlik sənayesində mövcud fiskal siyasət çərçivədə stimullaşdırma, gömrük rüsumlarının, o cümlədən, aksiz və əlavə dəyər vergisinin optimallaşdırılması, məmulatların dövriyyəsinə və keyfiyyətinə nəzarət mexanizminin tətbiqi, maliyyələşdirmə və stimullaşdırma mexanizmlərinin formalaşdırılması, zərgərlik ənənələrinin gənc nəslə ötürülməsi məqsədilə peşə təhsil məktəblərinin yaradılması və s. istiqamətlərdə sistemli islahatların aparılmasını ehtiva edir. İslahatların icrası nəticəsində zərgərlik sahəsi üzrə ölkə büdcəsinə vergi və rüsum formasında daxilolmaların artacağı gözlənilir. Bununla yanaşı, artıq qızıl istehsalçıları rəsmi və şəffaf formada xammal əldə etmək və bu xammaldan istehsal ediləcək qızıldan hazırlanan məmulatların ixracını rahatlıqla həyata keçirmək imkanını da qazanmış olacaqlar”.

Zərgərlik qurğularının idxalı vergidən azad ediləcək

Yeri gəlmişkən, Azərbaycanda zərgərlik sahəsində istifadə olunan dəzgah, avadanlıq və qurğuların idxalı vergidən azad ediləcək. Bununla bağlı məsələ Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir. Eyni zamanda, Kəlbəcər rayonunun işğaldan azad edildiyini və rayonun böyük qızıl ehtiyatına malik olduğunu nəzərə alaraq, sözügedən vergi güzəştləri Kələbəcər rayonunun qızıl ehtiyatının səmərli şəkildə istismar olunmasını təmin etməklə ölkə iqtisadiyyatına töhfə vermiş olacaqdır. Dəyşiklik ötən gün Milli Məclisdə müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qızıl investisiya bazarı kimi inkişaf etməlidir

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı ekspert Rəşad Həsənovut sözlərinə görə, Azərbaycanda qızıl bazarı çox məhdud bazardır: “Ona görə də bu bazar Azərbaycanda daha çox zinət əşyalarının alınıb satılması bazarı kimi təşəkkül tapıb. Xarici ölkələrdə qızıl investisiya vasitəsidir. Bu baxımdan da qızılın alışı və satışı arasında qiymətlər çox cüzidir. Yəni kiçik faizlərlə ifadə olunan marjadır. Azərbaycanda isə dünya təşkilatçısı kimi alınıb satıldığı üçün qızılın alışı və satışı arasında kəskin fərq var. Yəni burada təxminən 10 bəzən də 15 dollara qədər, lom şəklində olan qızılda isə 50 faizə qədər fərq olur ki, bu da investisiya yatırılması baxımından sərfəli deyil. Biz bu fərqi aradan qaldırmaq üçün qızılın investisiya bazarı kimi inkişaf etdirilməsini təmin etməliyik. Bu məsələ sahibkarlıq subyektləri üçün də əlavə problem yaradır. Sahibkarlıq subyeklərinin dövriyyəsi qızılın daha çox zinət əşyası kimi satışından formalaşır. Alternativ investisiya bazarının olmaması qızıl bazarının əhatəliliyinin də kiçik olmasını şərtləndirir. Xüsusilə bu böhran dövrlərində özünü daha aydın göstərir. Dünyada böhran olanda zinət əşyası kimi qızıla tələb aşağı düşsə də, ehtiyat yığım risksiz sayıldığından tələb artır. Bu baxımdan, Azərbaycanın qızıl bazarında oyunçuların sayının artırılmasına və bazarın təşviq edilməsinə ehtiyac var”.

“AzerGold” qızıl bazarının inkişafında maraqlıdır

“AzerGold” QSC-nin mətbuat xidmətinin rəhbəri Ariz Tarverdiyev isə hafta.az-a açıqlamasında bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın qızıl bazarının inkişaf etdirilməsində maraqlıdır: “Aparılan sistemli islahatların nəticəsində "AzerGold" tərəfindən atılacaq ilk addımlardan biri kimi satış mərkəzinin yaradılması nəzərdə tutulub. Belə deyək də, “qızıl exchange”ləri yaradırıq. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb. Burada yalnız "AzerGold" tərəfindən istehsal edilən sikkə və külçələrin minimal mənfəət marjası ilə satışı və bu məhsulların qızılın dünya birjasındakı cari qiymətinə uyğun geri alışı reallaşdırılacaq. Yəni, həm istehsal etdiyimiz qızılı satacağıq, həm də geri alacağıq. Tətbiq edilməsi planlaşdırılan sistem həm də bu sahədə ikinci əl bazarının "kölgə iqtisadiyyatı"ndan çıxarılmasına mühüm töhfə vermiş olacaq”.

 

Oxunma sayı 1192