Azərbaycanda təhsil müəssisələri "online" təhsilə hazır deyil - PROBLEM

16:29 09.03.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus təhlükəsi səbəbindən martın 3-dən 27-dək bütün təhsil müəssisələrində tədris prosesinə ara verilib. Dünyanın bir çox ölkəsində, o cümlədən Çində təhsil müəssisələri fəaliyyətlərini dayandırsalar da, bir çox yerlərdə ali məktəblərdə onlayn təhsil metoduna keçilib. Bəs Azərbaycanda təhsil ocaqları "online" təhsilə keçid edə bilərmi, buna hazırdırmı?

Hafta.az-ın sualını cavablandıran təhsil ekperti Kamran Əsədov dedi ki, 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında qanunda ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilib.

Lakin indiyə qədər Azərbaycanda distant təhsil mexanizmi müəyyən olunmadığı üçün bu formada xarici ölkələrdə təhsil almış şəxslərin diplomları tanınmır: "Belə ki, hal hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz.

Amma baş verən fövqəladə hadisə onu göstərdi ki, biz əyani və qiyabi təhsil alma formalarından başqa da təhsil alma formasına keçid etməliyik ki, buna da ən uyğunu distant təhsildir.

Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır.

Bu forma uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli  təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.

Peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsil uzaqdakı şagirdlərə çatdırılır. Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar bu sahədə çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr Distant Təhsilə böyük önəm verirlər.

Hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi istiqamətində iş aparılır. Bu fakt onunla izah edilir ki, nəzəri tədris kurslarının az qala hər birini elektron variantda təqdim etmək mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif multimedia vasitələrindən – videofilmlərdən, multiplikasiyadan, musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən – laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb qurğularla işləmək vərdişləri yaradır.

 Amma təəssüflər olsun ki, bu qədər müsbət tərəfləri olmasınna baxmayaraq ölkəmizdə bunun mexanizmi işlənib hazırlanmayıb. Hal hazırda ölkəmizdə faəliyyət göstərən 4447 orta məktəbin bu resursu yoxdur və o qədər məktəbdə çalışan 150 min müəllimimiz bu texniki imkanları idar etmək kompetensiyasına malik deyil.

Düşünürəm ki, qısa müddətdə elektron dərs metodlarının tətbiqinə geniş şəkildə başlamaq lazımdır".

Təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, Azərbaycanda "online" təhsilə keçid problemli məsələdir.

Ekspertin sözlərinə görə, həm ali təhsil müəssisələrində, həm orta məktəblərdə "online" təhsilə keçid üçün bir sıra qaydalar tətbiq olunmalıdır: "Eləcə də kadr strukturunda yenilənmə getməli, xarici ölkələrin praktikası dərindən öyrənilməlidi. Hələ ki, Azərbaycanda bunlar yoxdur. Nə özəl, nə dövlət müəssisələri "online" təhsilə hazır deyillər. Ola bilsin Azərbaycan Diplomatik Akademiyası, Bakı Ali Neft məktəbi müəyyən mənada keçid edə bilsin. Bu da zaman ala bilər".