Koronavirusa yoluxma sayının kəskin artdığı bir vaxtda mütəxəssislər insanları vaksin olunmağa səsləyir. Bu gün Azərbaycanın hər yerində vaksinasiya üçün lazımı şərait yaradılıb. Dünyada Covid-19 virusunun qarşısını almaq məqsədilə hazırlanan müxtəlif vaksinlər üzrə işlər davam edərkən Azərbaycanın seçimi Pekində yerləşən Sinovac şirkətinin "CoronaVac" peyvəndi olub.
Ölkəmizə yanvarın ortalarında çatdırılan vaksinin tətbiqinə yanvarın 18-dən başlanıb. Bundan başqa hazırda paytaxt Bakının sayılı tibb müəsisələrində Pfizer-BioNTech peyvəndi də tətbiq olunmaqdadır. O, Covid-19 xəstəliyi əleyhinə Azərbaycanda vaksinasiya üçün istifadə edilən sayca 4-cü peyvənddir.
Ölkəmiz üçün yeni olan “delta” ştammı özü ilə müəyyən sualların da yayılıb çoxalmasına səbəb oldu. Bunlardan biri də, ölkənin hər yerində tətbiq edilən "CoronaVac" vaksininin bu ştamma qarşı da effektiv olub olmamasıdır.
Məsəslə ilə bağlı hafta.az-a danışan həkim-infeksionist Nicat Əzimli bildirdi ki, “Sinovac”ın hər iki dozasını alan şəxslərdə xəstəliyin daha yüngül keçdiyi müşahidə edilir. Lakin “Delta” ştammına qarşı nə qədər təsirlidir bu dəqiq deyil:
“Sinovac vaksininin “delta” ştammına qarşı “Pfizer” qədər effektiv olub olmadığı barədə dəqiq bir araşdırma yoxdur. Pfizer haqqında isə dünən İsraildəki araşdırmanın nəticəsi olaraq bildirildi ki, Deltaya qarsi effekti 39-42%-dir”.
Qeyd edək ki, bu günə qədər ölkədə vurulan vaksinlərin ümumi sayı 5 794 232, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 419 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 374 294 təşkil edir.