Azərbaycanı COP29-a aparan yolun əsası 20 il öncə qoyulub - Millət vəkili

15:10 09.11.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

COP29-a ev sahibliyi etməsi yalnız ölkəmiz üçün deyil, eyni zamanda Cənubi Qafqaz üçün önəmli hadisədir və mühüm tarixi əhəmiyyət kəsb edir.

Bu fikirləri hafta.az-a deputat Sadiq Qurbanov bildirib.

Onun sözlərinə görə, bu böyük bir məsuliyyətdir. Biz nəinki yaxşı tədbir təşkil etməliyik, eyni zamanda, müsbət nəticələrin əldə olunmasına öz töhfəmizi verməliyik.

“COP29-un Azərbaycanda keçirilməsinə ölkəmizin innovativ inkişafının nəticəsi kimi baxmaq lazımdır. Bakının seçilməsi ölkədə keçirilən uğurlu siyasətin, bu sahədə ardıcıl fəaliyyətin, davamlı inkişafın, düzgün proqnozların və onların əsasında uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsinin nəticəsidir. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanı COP29-a aparan yolun əsası 20 il öncə atılıb. Buna misal olaraq, Prezident İlham Əliyevin  21 oktyabr 2004-ci il tarixli 462 nömrəli Sərəncamını göstərmək olar. Həmin Sərəncamla Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı təsdiq edildi. Bu o zaman idi ki, torpaqlarımızın 20 faizi işğalda idi, ölkəmizdə yoxsulluq 35 faiz təşkil edirdi, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz vardı.  Prezident İlham Əliyevin alternativ və bərpa olunan enerji ilə məşğul olması onun dünyada gedən prosesin aktuallığını hər kəsdən qabaq vahid kompleks şəklində görməsindən irəli gəlirdi”.

COP29-un ölkəmiz üçün əhəmiyyətinə və nə qazandıracağına gəlincə, deputat bildirir ki, 200-ə yaxın ölkənin dövlət və hökumət başçıları, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri, nazirlər, 3 mindən çox dünyanın aparıcı media təmsilçiləri ölkəmizdə olmaqla bizim iqlim müzakirələrinə liderlik etmək, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəmizlə tanış olacaqlar.