Azərbaycanın dövlətçilik tarixi

11:16 01.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın dövlətçilik ənənələri ta qədimlərə dayanır. Aparılan tədqiqatlar sübut edir ki, ölkəmizin 5 min illik dövlətçilik tarixi var. Bunu sübut edən tarixi faktlar kifayət qədərdir. Tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik ənənələrinə bağlı bir xalq olaraq, bu təməllər üzərində öz milli-mənəvi dəyərlərini formalaşdırıb. Bununla belə, uzun illər boyu, əsasən də Çar Rusiyası və Sovet İttifaqı dönəmində regiona maraq göstərən bir çox alimlərin müəyyən siyasi mövqeyə xidmət edən yanaşması Azərbaycan xalqının dövlətçilik tarixinin təhrif olunmuş şəkildə öyrənilməsinə və təqdim olunmasına gətirib çıxarmışdı. 1991-ci ildə əldə olunan müstəqillik tariximizin dəqiq öyrənilməsi və erməni yalanları ilə mübarizəyə geniş imkan yaratdı.

Ulu öndər Heydər Əliyevin bu sahədə alimlərin fəaliyyətini dəstəkləməsi, elmin bütün sahələrinin inkişafına dövlət tərəfindən şəraitin yaradılması öz müsbət nəticələrini verməyə başladı. Ümummilli liderin də söylədiyi kimi: “Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir”.

Müstəqillik dövründə Azərbaycan tarixi ilə bağlı bir çox yeni araşdırmalar aparılıb. Bununla belə, xalqımızın, Cənubi Qafqaz regionunun tarixinin saxtalaşdırılması yönündə erməni təxribatları davam etməkdədir. Bu isə tarixi həqiqətlərin daha geniş işıqlandırılmasına, araşdırmaların nəticələrinin beynəlxalq səviyyədə təbliğinə ehtiyac yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tarixi irsimizin dərindən araşdırılmasının zəruriliyini öz çıxışlarında dəfələrlə vurğulayıb: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar”.

Bu gün Azərbaycanın dövlətçilik tarixi və elm-mədəniyyəti uğurla təbliğ edilir, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilir. Azərbaycanda milli adət-ənənələr mühafizə olunur və inkişaf etdirilir. Müstəqillik dövründə milli mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini verib. Qeyd etmək yerinə düşər ki, Vətən müharibəsində heç zaman Qarabağda olmayan, o yerləri görməyən, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə qazandı. Məhz bu amil Azərbaycan gəncliyinin, eləcə də xalqının tariximizə olan ən böyük diqqəti kimi dəyərləndirilə bilər.

Məsələyə münasibət bildirən millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov da hesab edir ki, Azərbaycanda dövlətçilik tarixinin öyrənilməsi və təbliği istiqamətində kifayət qədər işlər həyata keçirilib: “İndiyədək Azərbaycanda dövlətçilik tarixinin öyrənilməsi və təbliği istiqamətində kifayət qədər işlər görülüb. Hazırda da bu istiqamətdə işlər uğurla aparılır. Məhz bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində düşmən ordusu darmadağın oldu”.

Onun sözlərinə görə, Azərbaycan 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1918-20-ci illərdə olduğu kimi erməni təcavüzü, erməni iddiaları ilə üz-üzə gəldi: “Çox təəssüflər olsun ki, həm 1918-20-ci illərdə, həm XX əsrin 90-cı illərin əvvələrində erməniləri müdafiə edən qüvvələr eynən həmin qüvvələr idi. Ona görə də, 1991-ci ildən sonra Azərbaycan sadəcə öz dövlət müstəqilliyinin bərpası haqqında aktı qəbul etdi. Azərbaycan torpaqları işğal olundu, xalq olaraq, dövlət olaraq sevinə bilmədik. Həm ölkə xaricindəki olan qüvvələr, həm də daxildəki qüvvələr hakimiyyət uğrunda mübarizə, mübahisələri Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi. 30 il ərzində Azərbaycanın dövlətçilik tarixi üçün ən böyük istək və arzu nədən ibarət oldu? Xalq olaraq öz torpaqlarımızı azad edək. Qeyd edim ki, həm ölkə daxilində, həm də ölkədən kənarda bu istiqamətdə Azərbaycanın aparmış olduğu təbliğat əvəzsizdir, kifayət qədərdir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün dövlət başçısı olaraq, Ali Baş Komandan olaraq əlindən gələnləri etdi. Heydər Əliyevin siyasi varisi, Azərbaycan dövlət başçısı İlham Əliyev hakimiyyətə gəldikdən sonra öz dili desək, 17 illik hakimiyyəti dövründə öz əsgərindən bir gün belə ayrılmadı. Nə üçün ayrılmadı? Bütün danışıqların sonu onu göstərdi kİ, nə problemlə məşğul olan dövlətlər, nə də Ermənistan Azərbaycan torpaqlarından çəkilmək istəmir. Ona görə də, Azərbaycan dövləti əlindən gələni etdi və bunun da nəticəsi nədən ibarət oldu? 44 günlük müharibə ilə düşmən darmadağın oldu və Azərbaycan öz tarixi torpaqlarının sahib çıxdı. Həm Ali Baş Komandan, həm Azərbaycanın əsgər və zabiti bu boyda tarixi problemi öz xeyrinə həll edərək Azərbaycanın qəhrəmanı oldular. Təbii ki, bu gün Azərbaycan dövlətçilik tarixi üçün qarşımızda duran məqsəd nədən ibarət idi? Azərbaycanın dövlət başçısı da bu problemə dönə-dönə münasibət bildirir. Zaman gələcək bizim Ermənistan dövləti ilə səmimi münasibətlərimiz yaranacaq, yararlanmalıdır. Amma azərbaycanlı əhaliyə qarşı ermənilərin həyata keçirdiklərini biz heç vaxt yaddan çıxarmamalıyıq”. 

A.İsgəndərov onu da qeyd edib ki, bu gün Azərbaycan qüdrətli, dünyada öz mövqeyi olan bir dövlətə çevrilib: “Bu gün bir tərəfdən Qarabağda quruculuq işi görən, o biri tərəfdən dünyaya neft və qaz verən güclü Azərbaycan var. Güclü ordu, güclü iqtisadiyyat, vətənini dərin məhəbbətlə sevən xalq və iqtidar birliyi təbii ki, bu məsələnin hamısının uğurlu həlli üçün ən böyük vasitədir. Bu mənada Azərbaycan dövləti artıq 90-cı illərdəki Azərbaycan deyil. Bu gün təkcə Cənubi Qafqazda deyil, artıq dünyada öz mövqeyi olan bir güclü Azərbaycan var”.

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Musa Qasımlı isə bildirib ki, bu gün ölkəmizdə qədim və zəngin dövlətçilik tariximizin araşdırılmasına həsr edilmiş xeyli əsərlər var: “Bütün vətəndaşların tarixi tədqiqatlarla məşğul olmaq imkanı və potensialı heç bir vaxt olmur. Tarixi tədqiqatlarla peşəkar araşdırmaçılar məşğul olar və əsərlər yazarlar. Bizdə də belədir. Qədim və zəngin dövlətçilik tariximizin araşdırılmasına həsr edilmiş əsərlər ölkəmizdə vardır. Bu iş indi də bu və ya başqa səviyyədə davam etdirilir. Əlbəttə, yazılan bütün əsərlərin heç də hamısı tarixi tədqiqatların metodoloji prinsiplərinə tam cavab vermir. Tədqiqatçı tarixi görmək istədiyi kimi deyil, olduğu kimi yazmalı və düzgün tarixi biliyin, təfəkkürün formalaşmasına kömək etməlidir. Həmin tədqiqat əsərlərindən istifadə etməklə dərsliklər yazılar, mediada və digər vasitələrlə milıətin tarixi təbliğ olunar. Bu, artıq öyrədici tarixdir. Hansı peşə və sənət sahibi olmasından asılı olmayaraq, millətin nümayəndələri öz tarixini -haradan gəldiyini, harada olduğunu və onun əsasında da haraya gedəcəyini bilməlidir. Heç bir millətin tarixi yalnız qələbələrdən və ya yalnız məğlubiyyətlərdən ibarət deyildir. Ona görə də millət, tarixindəki uğursuzluqların səbəblərini bilməli, dərs çıxarmalıdır”.

Oxunma sayı 11537