Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Elm və Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 5 – 12 oktyabr tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.