Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğunu deyib. O, Ümummilli Liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-nin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. "Üzeyir bəy bizim üçün müqəddəs insandır. Onun adını daşıyan Akademiyanın məzunları bütün dünyada uğurla çıxış edir. Əlbəttə ki, bu, Üzeyir bəyin uğurudur", - deyə rektor vurğulayıb.
Üzeyir Hacıbəylinin musiqimizin inkişafındakı xidmətlərini qeyd edən Fərhad Bədəlbəyli bildirib ki, dahi bəstəkar musiqi ictimaiyyətinin və insanların qəlbində daim yaşayacaq.
Xalq artisti Xuraman Qasımova Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: "Bu gözəl musiqi ocağının məzunu olduğum üçün fəxr edirəm. Onu da qeyd etmək istəyirəm ki, nə gözəl bir haldır ki, azad olunan Şuşada, dahi Üzeyir bəyin yurdunda onun adını daşıyan festival çərçivəsində tədbirlər keçiriləcək".
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəylinin doğum gününün ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu söyləyərək, xalqımızın musiqi mədəniyyəti tarixində dahi bəstəkarın böyük rol oynadığını bildirib. “Yer üzündə elə bir yer yoxdur ki, orada Üzeyir bəyin musiqisi səslənməsin. Bizim musiqiçilər dünyanın gözəl səhnələrində uğurla çıxış edərək milli musiqimizi təbliğ edir”, - deyə nazir müavini qeyd edib.
Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.azertac