Bakıda yüksək, bölgələrdə aşağı

18:31 31.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ən çox və ən az maaş alanların hansı rayonlarda yaşadığı məlum olub. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2024-cü il iyul ayının 1-i vəziyyətinə bölgələrdə ən yüksək orta aylıq nominal əməkhaqqı Xankəndi şəhərində olub. Xankəndidə orta aylıq nominal əməkhaqqının miqdarı 1 309 manat olub.

2024-cü il iyul ayının 1-i vəziyyətinə rayonların içərisində ən az orta aylıq nominal əməkhaqqı olan rayon Qax rayonu olub. Bu rayonda orta aylıq nominal əməkhaqqı 532 manat olub. Rayonda muzdla çalışan işçilərin sayı isə 9 min 900 nəfər olub.

Bəs, görəsən, bölgələrdə orta aylıq əməkhaqqı arasında ciddi fərqlərin yaranması nədən qaynaqlanır?

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, mövcud problemin kökündə ölkə iqtisadiyyatındakı disbalans dayanır: "Məsələn, Abşeron yarımadası və ona bitişik ərazilər dövlət büdcəsinin 90 faiz, ixracatın 95 faizini təşkil edir. Yəni, ölkə iqtisadiyyatının 90-95 faizi Abşeron yarımadası və onun ətrafında formalaşır. İqtisadi disbalans yarandığına görə iqtisadi fəallıq bölgələrdə az olduğu üçün sözsüz ki, bölgələrdə orta aylıq əmək haqqında ciddi fərqlər yaranır”.

Onun fikrincə, Azərbaycanın qarşısında duran ən vacib vəzifəsi iqtisadiyyatın balanslı şəkildə ölkə ərazisinə yayılmasıdır: "Bu disbalansın həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, bizim iqtisadiyyatımızın 60 faizini neft hasilatı və neft məhsulları tutur. Neft və neft məhsulları Abşeron yarımadasında və Xəzər dənizində istehsal edilir. Hökumət iqtisadi siyasəti ilə mümkün qədər iqtisadiyatı ərazi üzrə paylaşdıra bilər. Məsələn, bölgələrdə məhsul istehsalını stimullaşdırmaq və yetişdirilən məhsulların emalının təşkili müsbət addım olar. Avropa standartlarına görə, kənd təsərrüfatı ilə məşğul olan 18 min sakinə bir emal zavodu düşür. Azərbaycanın hansı rayonunda bu şərt ödənilir? Yüz min əhalisi olan rayonda əmək qabiliyyətli əhalinin sayı 60 mindir. Bir rayona 3 emal zavodu düşür. Varmı belə qayda? Ən rentabelli rayon İmişlidir. Orada bir neçə zavod var. Digər rayonlarda da bunu həyata keçirtmək lazımdır. Belə olanda iş yerlərinin sayı ilə bağlı əmək haqqları da artacaq".

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov qeyd edib ki, bölgələrdə əməkhaqqı dispraporsiyasını yaradan müxtəlif faktorlar var:

“Məsələn, buna əmək bazarının strukturu, daha çox iş yerini hansı sahələrin yaratması, iqtisadiyyatın sənayeləşmə səviyyəsi, dövlət sektorunun büdcə təşkilatlarının paylanması və s. bu kimi faktorlar təsir göstərir. Məlumdur ki, regionlarda əmək bazarında daha çox pay kənd təsərrüfatı sahəsinə məxsusdur, amma kənd təsərrüfatında əməkhaqqı səviyyəsi çox aşağıdır. Biz əgər ölkə üzrə aylıq əməkhaqqına baxmış olsaq görərik ki, ən aşağı əməkhaqqı olan sahələrdən biri kənd təsərrüfatıdır. Bu, orta göstəricinin aşağı düşməsinə səbəb olan amillərdən biridir. Hansı bölgələrdə sənayeləşmə nisbətən daha irəli gedibsə, orada orta əmək haqqı nisbətən yuxarı olur. Bu məsələdə büdcə təşkilatının regionlar üzrə paylanmasının da rolu var. Tutaq ki, hansı bölgələrdə regional mərkəzlər yerləşirsə, xüsusilə də əsas dövlət qurumlarının regional mərkəzləri yerləşirsə, bu rayonlarda orta aylıq əməkhaqqı səviyyəsi digərləri ilə müqayisədə daha yüksək olur. Müvafiq strukturlar üzrə əməkhaqqının səviyyəsi daha yüksəkdir. Müxtəlif faktorlar əməkhaqqının regionlar üzrə qeyri-mütənasib şəkildə paylanmasını şərtləndirir. Bu, müəyyən mənada təbii qəbul edilsə də, amma eyni zamanda bu göstərici ölkədə gəlirlərin nə qədər qeyri-bərabər şəkildə paylandığını göstərir. Hökumətin tarazlı inkişafa siyasəti daha çox bu aspektləri özündə birləşdirməlidir. Regionlar arasında sosial iqtisadi göstəricilər və əməkhaqqı fərqlərinin minimuma endirilməsi ilə bağlı kompleks tədbirlər planı, sosial və iqtisadi siyasətlər hazırlanaraq həyata keçirilməlidir”.