Bakının toz dumanı – qarşısını almaq olarmı?

16:42 23.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar paytaxt Bakıda havada çirkliliyin miqdarı bir xeyli artıb.  Tozlu və çirkli havanın isə daha 2 gün də müşahidə ediləcəyi gözlənilir. Bəzi vətəndaşlar  keçmişdə belə halların baş vermədiyini və çirkliliyin zamanla, kimyəvi faktorlarla yarandığını iddia edirlər. Bəs görəsən doğurdandamı paytaxtın tozlu havası təbii yox kimyəvi amillərin nəticəsidir? Tozluluğu azaltmaq üçün nə etmək olar?

Mövzu ilə bağlı hafta.az-a danışan Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirdi ki, Bakıda hava çirklənməsinə səbəb hakim küləklərin təsiridir. Əsas hakim küləklər isə şimal, şimal qərb və cənub küləkləridir:

“Uzun müddət quru keçən hava şəraiti atmosferdə toz hissəciklərinin şəhərə daxil olması ilə müşahidə olunur. Xüsusən də  cənub və şərq tərəfdən əsən küləklər, Ərəbistanının, Orta Asiya səhralarından xırda hissəcikləri özü ilə gətirir. Başqa bir səbəb isə şimaldan gələn hava kütlələridir”.

Ekoloqun sözlərinə görə havanın çirklənməsinin qarşısını almaq mümkünsüzdür:

“Təbii proses olduğu üçün qarşısını almaq mümkün deyil. Havanın çirklənməsi mürəkkəb atmosfer prosesidir. Hətta orta əsr səyyahları öz əsərlərində Bakının tozlu atmosferindən bəhs ediblər. Əsərlərin birində, “biz, “Badi Kübə”dən tələsik çıxırdıq ki, küləkli, tozlu havadan canımızı qurtaraq”. Ona görə bu məsələ tarixən, elə yaradılışdan belə olub. Bakı şəhəri neft kəşf edilənə qədər insan məskəni kimi əlverişli hesab edilməyib. Səbəblər arasında təbii şirin su qaynaqları – çayların olmaması və küləkli tozlu havalar da var. Belə şəraitdə açıq havada maska taxmaq daha məsləhətlidir”.

Qeyd edək ki mütəxəssislər belə havalarda toz dumanının artması ilə bağlı  tənəffüs sistemi xəstəlikləri olan, nəfəsalma problemləri yaşayan, allergik xəstəliklərdən əziyyət çəkən insanlara açıq havada çox gəzməməyi tövsiyyə edir.

Bizləri Covid-19 bəlasından qoruyan maska isə toz dumanı ilə mübarizədə də ən əlverişli dostumuzdur. Maska toz hissəciklərinin tənəffüs zamanı orqanizmə daxil olmasının qarşısını alıb, bizi yaranacaq təhlükələrdən qoruyur.

Onu da nəzərinizə çatdıraq ki, Dünya hava keyfiyyəti indeksinə görə Porto Riko, Yeni Kaledoniya, ABŞ Virgin Adaları, İsveç və Finlandiya havası ən təmiz olan  ölkələrdir.  Havası ən kirli ölkələrdən isə, Banqladeş, Pakistan, Hindistan, Monqolustan və Əfqanıstan ilk sıralardadır.