Baş prokuror Düşənbəyə işgüzar səfərə gedi

16:52 16.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvətilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərində işgüzar səfərədir.

Səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti cənab Emomali Raxmon tərəfindən qəbul ediliblər. Prezident iclasın işinə uğurlar arzu edərək İƏT-ə üzv dövlətlər arasında hüquq mühafizə sahəsində əməkdaşlığın önəmini, xüsusən cinayətkarlığa qarşı mübarizədə birgə səylərin regionumuzda sabitliyin və təhlükəsizliyin qorunmasında prokurorluq orqanlarının rolunu qeyd edib.

Görüşdə Baş prokuror Kamran Əliyev İƏT-ə üzv dövlətlərin baş prokurorları adından Tacikistan Prezidentinə qəbula görə təşəkkürünü bildirərək ölkəmizin Prezidenti cənab İlham Əliyevlə Tacikistan Prezidenti cənab Emomali Raxmonun sarsılmaz səyləri nəticəsində ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Daha sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclası keçirilib. İclası giriş nitqi ilə açan Tacikistanın Baş prokuroru Yusuf Raxmon qonaqları salamlayaraq tədbirin əhəmiyyətini və beynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə danışaraq terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda çıxış edib. Ölkəmizin terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu, həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlara uyğunlaşdırldığını bildirib.

 

 

Kamran Əliyev torpaqlarımızın bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistanın bu ərazilərdə mina terrorunun müəllifi olduğunu qeyd edərək, işğal dövründə 1.5 milyondan çox mina basdırıldığını, birinci və ikinci Qarabağ müharibəsindən bu günə kimi təxminən 3500 nəfər azərbaycanlının minadan zərər çəkdiyini, 4000 şəxsin itkin düşdüyünü, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar edildiyi barədə ətraflı məlumat verib, terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.

Baş prokuror çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu və ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarına məlumat verib.

Eyni zamanda, Kamran Əliyev cari ilin sentyabr ayında ölkəmizin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına, noyabr ayında isə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini bildirib.

Yüksək səviyyəli iclasda İƏT-in Baş katibi, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Tacikistan, Pakistan, Qırğızıstan, Türkmənistan və qonaq qismində dəvət olunmuş Səudiyyə Ərəbistanı Krallığının prokurorluq orqanlarının rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətininin Tacikistana səfəri davam edir.

Oxunma sayı 116