Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ardıcıl 12 ildir ki, ərəb gənclərinin yaşaması və işləməsi üçün ən çox üstünlük verilən ölkə mövqeyini qoruyub saxlayır.
Hafta.az-ın yazdığına görə, BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun Twitter hesabında paylaşımında deyilir: “18 ərəb ölkəsinin 53 şəhərində ərəb gənclər arasında aparılan sorğuda əksəriyyət BƏƏ-də yaşayıb işləməyə üstünlük verib. BƏƏ-dən sonra ABŞ və Kanada önə çıxır. Onlar da bunu öz ölkələrinin nümunə götürməli olduğu ən uğurlu model kimi görürlər”.
Şeyx Məhəmməd bin Rəşid əl-Maktum, "Ərəb gənclərə qalıcı mesajımızı bir daha təkrar edirik. BƏƏ ərəb ölkəsidir və bütün ərəblərə əl uzadır. Onun torpaqları ərəb gənclərin arzularını həyata keçirməsi üçün hər zaman açıq qalacaq” deyib.
Qeyd edək ki, ASDAA BCW-nin 2023-cü il sorğusuna əsasən, ardıcıl 12-ci ildir ki, birinci olan BƏƏ-ni siyahıda ABŞ ikinci, Kanada üçüncü, Fransa və Almaniya isə dördüncü və beşinci pillədə olmaqla izləyib.
BƏƏ yüksək inkişaf etmiş infrastrukturu və təhlükəsiz yaşayış mühiti ilə tanınır.
Mövcud iş imkanları ilə yanaşı, BƏƏ həm də dünya ölkələri arasında ən yaxşısı sayılan həyat tərzi təklif edir. Buna görə də yaşamaq və işləmək üçün ən çox seçilən ölkə kimi önə çıxır.