Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi və Dubay Elektrik və Su İdarəsi eksklüziv məlumatlandırıcı şəbəkələşmə tədbiri keçirib.
Səfirlikdən Hafta.az-a daxil məlumata görə, tədbirdə səfir Məhəmməd əl-Bluşi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Azərbaycana səfər edən Dubay Elektrik və Su İdarəsinin (DEWA) sədri Səid Məhəmməd əl-Təyyar, Azərbaycan iqtisadiyat nazirinin müavini Anar Axundov, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iştirak edib.

Səfir Məhəmməd əl-Bluşi çıxışında bildirib ki, BƏƏ ilə Azərbaycan arasında güclü ikitərəfli iqtisadi əlaqələr mövcuddur: “İnanıram ki, bu tədbir BƏƏ ilə Azərbaycan arasında daha bir məhsuldar əməkdaşlığa zəmin yaradacaq və bu, xalqlarımızı daha yaxşı gələcəyə aparacaq”.

Səfir qlobal davamlılıq təşəbbüslərinin güclü tərəfdarı kimi BƏƏ-nin lider mövqeyini vurğulayaraq, qeyd edib ki, elm və texnologiya müasir iqtisadi inkişafın hərəkətverici qüvvəsidir və bu gün innovasiyalar iqtisadi strategiyaların mərkəzində dayanır.

BƏƏ-nin elm, texnologiya və innovasiya siyasəti barədə ətraflı məlumat verən səfir onu da nəzərə çatdırıb ki, gözlənilən nəticələrdən biri də Əmirliklərdə prioritet sahələr üzrə tədqiqat və inkişafı maliyyələşdirməyə özəl sektorun həvəsləndirilməsidir.
Tədbirdə bir sıra yerli və xarici iş adamları və investorlar da iştirak edib.