Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Müsəlman Qardaşlar” (İhvan) təşkilatı ilə əlaqəsi olduğu iddia edilən minlərlə insana və yüzlərlə təşkilata qarşı “qara kampaniyası” apardığı üzə çıxıb.
Hafta.az-ın Mepa News-a istinadən yazdığına görə, bu casusluq şəbəkələrinin “Müsəlman Qardaşlar”la yanaşı müxtəlif İslami hərəkatları və şəxsləri də hədəf aldığı düşünülür.
“Əbu-Dabi sirləri” araşdırmaları çərçivəsində “Alp Services”in 2017-2020-ci illər arasında Avropanın 18 ölkəsində “Müsəlman Qardaşlar” təşkilatının bir hissəsi olduğu iddia edilən 1000-ə yaxın şəxs və 400 təşkilatın BƏƏ-yə kəşfiyyat məlumatı verdiyi üzə çıxıb.
Fransa mərkəzli “Mediapart” qəzetinin 78 min məxfi sənədə əsaslandığı xəbərinə görə, BƏƏ-nin casusluq fəaliyyətləri üçün razılaşdığı İsveçrə mərkəzli “Alp Services” şirkəti tərəfindən 18 fərqli Avropa ölkəsindən bəzi şəxslər və təşkilatlar dinlənilib.
Xəbərdə BƏƏ rəhbərliyinin “terror təşkilatı” olaraq xarakterizə etdiyi “Müsəlman Qardaşlar” hərəkatının üzvü və rəğbəti olduğu iddia edilən şəxslər və təşkilatlara qarşı qarayaxma kampaniyasına 5,7 milyon avro xərclədiyi bildirilib. Adıçəkilən təşkilata bağlı olduğu iddia edilən şəxs və təşkilatların siyahısı BƏƏ-nin kəşfiyyat xidmətlərinə göndərildikdən sonra siyahıdakı şəxslər internet üzərindən müxtəlif üsullarla hədəfə alınıb. Hətta bəzi hallarda şəxslərin və təşkilatların bank hesablarının bağlanması üçün cəhdlər edilib.
BƏƏ-nin hədəfində olan insanlar arasında suriyalı dini lider, İspaniya İslam İcmaları Birliyinin keçmiş prezidenti Riay Tatari də olub.