Berlində Rusiya səfirliyi yaxınlığında rus diplomatın meyitinin tapıldığı iddia edildi.
Hafta.az xəbər verir ki, “Spiegel” nəşri bu barədə polisə istinadla məlumat yayıb.
İlkin məlumata görə, o, binanın sonuncu mərtəbəsindən yıxılıb.
Alman kəşfiyyatı və “Spiegel”-ə görə, diplomat “FSB” generalının oğlu olub. “The Insider” və “Bellingcat” isə ölənin əslində “FSB” zabiti olduğuna inanır.
Qəzetin yazdığına görə, oktyabrın 19-da səhər saatlarında polis əməkdaşları binanın yaxınlığında kişi cəsədi tapıblar, onu həyata qaytara bilməyiblər. İlkin məlumatlara görə, ölən 2019-cu ilin yayından Berlindəki səfirliyin ikinci katibi vəzifəsində akkreditə olunmuş 35 yaşlı kişidir. Ehtimallara görə, o, binanın yuxarı mərtəbəsindən yıxılıb.
Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyanın Berlindəki səfirliyinin əməkdaşının öldüyünü təsdiqləyib.
“Bu iş nazirliyə məlumdur, lakin şəxsi məlumatların və məlumatların mühafizəsi ilə bağlı müddəalara görə mən hər hansı təfərrüat verə bilmərəm” –deyə o bildirib.