Bəziləri COP29 konfransını hədddinən artıq siyasiləşdirirlər - Rəy

19:13 11.11.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Azərbaycan əleyhinə böyük hücumlar var. Ancaq bu hücumlar qısa müddətlidir və COP29 konfransı necə başlayıbsa, elə də bitəcək”.

Bunu hafta.az-a politoloq Natiq Miri iqlim dəyişikliyi ilə bağlı paytaxt Bakıda keçirilən COP29 konfransında iştirakdan imtina edən dövlətlərin mahiyyətinə diqqət çəkərkən bildirib.

Politoloq qeyd edib ki, bundan istifadə edib ortalığa milyonlar qoyanlar, başda erməni lobbisi olmaqla xəyal qırıqlığına uğrayacaq. Ona görə də Ermənistanın, Fransanın, yaxud Avropa İttifaqından kimlərinsə Bakıda keçirilən COP konfransına gəlib-gəlməməyi Azərbaycanın gündəmi deyil.

“Hər bir uğurun mahiyyətində bir olmaq durur. Bu güc deməkdir və bunun arxasında onun bəsləndiyi ədalət olduqda kimsə bizə heç nə edə bilməz. Biz doğru yoldayıq, gördüyümüz iş müqəddəsdir. Biz bizə düşmən olanların niyyətlərini ifşa etməklə, tənqid etməliyik.

COP konfransı hər bir insanın həyat rifahını yüksəltməyə xidmət etməlidir. Çünki bir siyasətin arxasında əxlaq dayanmırsa, o heç nəyə yaramır”.

N.Miri bildirib ki, bəzi qlobal güclər, qlobal maliyyə şəbəkələri COP29-la bağlı konfransı həddən artıq siyasiləşdirirlər. Unudurlar ki, iqlim dəyişikliyi siyasi məsələ deyil, insani məsələdir və bütün bəşəriyyəti düşündürməlidir.

“Çünki bu gün atmosferdə, yer kürəsində baş verən kataklizmlərdə tək bir dövlət, yaxud hansısa seçilmiş xalqlar, millətlər zərər çəkmir, bundan bütün dünya və insanlıq zərər görür. İqlim dəyişilkiyi ilə bağlı yaranan təhlükə qlobaldır və bütün insanlıq üçün potensial təhlükədir. Məsələyə bu prizamadan yanaşmayan dövlətin siyasi niyyəti qeyri-insani davranışdır. Məhz bu cür siyasət boykot edilməlidir. Ona görə də Bakıda keçirilən COP29-a hansısa dövlət nümayəndərinin gəlməməsi müzakirə predmeti olmalı deyil. Bu, konfransa münasibət, həmin dövlətin insanlığa, humanitar prinsiplərər münasibətini formalaşdırır, göstərir. Bu mövzuda keçirilən konfrans lakmus kağızıdır. İnsanı sevən bir siyasi lider, dövlət başçısı bu konfransa hər hansı siyasi iddia olmadan gəlməli, dövlətinin əlini bu "daşın altına qoymalıdır" ki, özü, övladları, gələcəyini xilas etsin. COP bütövlükdə BMT-nin tədbiridir, Azərbaycanın deyil”.

N.Miri hesab edir ki, konfransa qatılmayan dövlətlərin, o cümlədən Fransanın, Aİ-nin mövqeləri bu prizmadan təhlil olunmalıdır.

“COP29-a gəlməmək, Azərbaycanı boykot etmək deyil. Bu 8 milyard insanı boykot etmək, etinasız yanaşmaq deməkdir”.

Politoloq Azərbaycanın 14 strateji hədəflər müəyyənləşdirdiyini qeyd edib və hər bir halda bu strateji layihələrin gələcək perspektivdə Azərbaycanın sədrliyi müddətində qlobal səviyyədə insanlara xidmət edəcəyini vurğulayıb.

Politoloq bildirib ki, Azərbaycan öz öhdəsinə düşən səlahiyyət və məsuliyyətini anlayaraq işini görür. Bundan sonra kimin kim olduğu ortaya çıxacaq.

N.Miri hesab edir ki, COP konfransına evsahibliyi etməsi qlobal səviyyədə Azərbaycanın hörmətini, səviyyəsini, imkanlarını ortaya qoyacaq. Dövlətlər müəyyən mənada Azərbaycanla əməkdaşlığın nə dərəcədə yararlı olduğunu, eyni zamanda geosiyasi əhəmiyyəini göstərəcək. Hər halda Azərbaycan bundan zərər çəkən tərəf deyil.