Zorakılıq və intensiv etirazların davam etdiyi Haitidə Keçid Şurası Qarri Konili yeni baş nazir təyin edib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, şura üzvü Luis Herald Gilles elan edib ki, Konil 9 üzvdən ibarət şuranın 7 səsvermə hüququna malik üzvündən 6-nın səsi ilə təyin olunub. Müvəqqəti baş nazirin nəzarəti bandalardan alaraq ölkədə sabitliyi və seçki mühitini təmin edəcəyi gözlənilir.
58 yaşlı Konil X hesabında etdiyi paylaşımda bunları deyib: "Prezident Şurasının məni Haitinin yeni baş naziri seçməsindən qürur duyuram. Uşaqlarımızın daha yaxşı gələcəyini təmin etmək üçün birlikdə çalışacağıq".
Şuranın prezidenti Edqard Leblan da eyni platformada mesaj verib: “Baş nazirliyə namizədlərlə görüşlərimizdən sonra Keçid Şurası ilə görüşdük və konsensusla doktor Qarri Konilli bu keçid dövründə hökumətə rəhbərlik etməyə seçdik".
İş adamı Aliks Didyer Fils-Ayme də baş nazirlik yarışında rəqibinə səmimi təbriklərini çatdıraraq, "Mən bu ölkəyə inanmağa davam edən vətənpərvərəm. Yaşasın Haiti!" deyib.
2011-2012-ci illərdə təxminən 8 ay baş nazir vəzifəsində çalışan Konil 2023-cü ilin yanvar ayından UNICEF-in Latın Amerikası və Karib hövzəsi üzrə direktorudur.
Konil 2010-cu ildə ölkədə baş verən və yüz mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra BMT-nin Haiti üzrə xüsusi nümayəndəsi olmuş keçmiş ABŞ prezidenti Bill Klintonun aparat rəhbəri vəzifəsində çalışıb.
Ölkədə yeni prezidentin xalq tərəfindən seçilməsi üçün seçkilərin ən geci 7 fevral 2026-cı il tarixinə qədər keçirilməsi planlaşdırılır.
Haitinin 53 yaşlı prezidenti Covenel Moyse 2021-ci il iyulun 7-də silahlı şəxslərin evinə hücumu nəticəsində öldürüldükdən sonra "təhlükəsizlik böhranı" səbəbindən ölkədə prezident seçkiləri keçirilə bilmədi.
Amerika qitəsinin ən kasıb ölkələrindən biri olan Haiti quldur dəstələrinin yaratdığı zorakılıq spiralına və hakimiyyət boşluğuna görə iqtisadi çöküş ərəfəsindədir. Siyasi və iqtisadi böhranlarla yanaşı, təhlükəsizlik də böyük problemə çevrilib.
BMT-nin məlumatına görə, əksəriyyəti paytaxt Port-au-Prinsdən olmaqla təxminən 360 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
12 milyona yaxın insanın yaşadığı ölkənin demək olar ki, yarısı kəskin qida çatışmazlığı ilə üzləşir.