Birləşmiş Ərəb Əmirliklərinin prezidenti vəfat etdi

15:06 13.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed əl-Nəhyan 74 yaşında vəfat edib. Ölkədə bayraqlar yarıya endirilib və 40 gün yas elan edilib.

Hafta.az-ın yazdığına görə, 7 sentyabr 1948-ci ildə Əbu-Dabidə dünyaya gələn Zayed əl-Nəhyan BƏƏ-nin ikinci prezidenti və Əbu-Dabi Əmirliyinin 16-cı hökmdarı olub.

Ümumiyyətlə, Əl-Nəhyan kim olub, gəlin qısaca onun həyat hekayəsinə nəzər salaq:

İngiltərədəki Sandhurst Kral Hərbi Akademiyasının məzunu olan Əl-Nəhyan 1 fevral 1969-cu ildə Əbu-Dabinin vəliəhd şahzadəsi, ertəsi gün isə Əbu-Dabi Müdafiə Nazirliyinin rəhbəri təyin edilib. 1971-ci ildə BƏƏ-nin yaradılmasından sonra baş nazir, müdafiə və maliyyə nazirləri kimi vəzifələrdə çalışan Şeyx Xəlifə 1976-cı ilin mayında BƏƏ Silahlı Qüvvələri baş komandanının müavini vəzifəsini icra edib. O, 1980-ci illərin sonunda Ali Neft Şurasının sədri olub və son nəfəsinədək bu vəzifəni icra edib.

Zayed bin Sultan əl-Nəhyanın ilk oğlu Şeyx Xəlifə 2 noyabr 2004-cü ildə atasının ölümündən sonra Əbu-Dabi əmiri olub və ertəsi gün BƏƏ prezidenti seçilib.

Dünyanın ən zəngin hökmdarlarından hesab edilən Şeyx Xəlifə 875 milyard dollarlıq aktivləri idarə edən Əbu-Dabi İnvestisiya Təşkilatının sədri idi. O, 2018-ci ildə "Forbes" jurnalının dərc etdiyi “Dünyanın ən güclü insanları” siyahısına daxil edilib.

Şeyx Xəlifə “Ərəb baharı” kimi tanınan prosesdə BƏƏ Hərbi Hava Qüvvələri ilə Liviya prezidenti Müəmmər Qəddafiyə qarşı hərəkatı dəstəkləyib. O, bu ilin fevralında, normallaşma çərçivəsində İsraillə turizm və sağlamlıq məsələlərində kommersiya əməkdaşlığını dəstəkləyən sazişlər imzalayıb.

2014-cü ilin yanvarında insult keçirən Şeyx Xəlifə təcili əməliyyat olunub. Bundan sonra isə dövlət işləri ilə daha az məşğul olub, amma prezident səlahiyyətlərini qoruyub saxlayıb.

Şeyx Xəlifə bin Zayed əl-Nəhyanın şəxsi həyatına gəlincə, 1964-cü ildə Şamsa bint Suheyl əl-Məzrueylə ailə qurub və bu izdivacdan səkkiz övladı olub. Bunlar Sultan bin Xəlifə əl-Nəhyan (oğlan), Məhəmməd bin Xəlifə bin Zayed əl-Nəhyan (oğlan), Şamma bint Xəlifə bin Zayed əl-Nəhyan (qız), Şeyxa bint Zayed əl-Nəhyan (qız), Muza bint Zayed əl-Nəhyan (qız), Latifa bint Xəlifə bin Zayed əl-Nəhyan (qız), Salama bint Xəlifə bin Zayed əl-Nəhyan (qız) və Oşa bint Zayed əl-Nəhyandır (qız).     

Bu gün Azərbaycan prezidenti İlham Əliyev BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktuma başsağlığı məktubu ünvanlayıb. Məktubda qeyd olunur ki, bütün həyat və fəaliyyəti ilə ölkəsinə sədaqət nümunəsi göstərmiş Şeyx Xəlifə bin Zayed əl-Nəhyan beynəlxalq aləmdə də yüksək nüfuz sahibi olub. Azərbaycanla BƏƏ arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında müstəsna rol oynayıb.

Allah rəhmət eləsin!

Oxunma sayı 564