44 günlük müharibədə qazandığımız qələbənin 1 ili tamam oldu, amma hələ də Ermənistan fərarilik edən əsgərlərinin aqibətindən, məğlubiyyətindən bir dərs çıxarmayıb. 44 günlük müharibədə də Azərbaycan Prezidenti Ermənistan qadınlarına müraciət elədi ki, övladlarınızı cəbhədən geri çəkin, övladlarınızı cəbhəyə buraxmayın. Azərbaycan Prezidenti bu müddət ərzində müdrik, humanist addımlar atdı. Bu gün də Ermənistanı sülhə dəvət edir.
Bunu hafta.az sabiq deputat, professor Havva Məmmədova Azərbaycanın Ermənistanı sülhə dəvət çağırışlarına münasibət bidirərkən deyib.
H.Məmmədova bildirib ki, Azərbaycan nə qədər sülh, iqtisadi inkişafa açılan yollarla bağlı təkliflər, humanist addımlar atsa da revanşist Ermənistan heç birini qiymətləndirmək istəmir.
“Amma biz sona qədər torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə apardıq və zəfər çaldıq. Ermənistan bu müharibədə uduzdu və 30 ilə yaxın müddət ərzində erməni ordusu barədə yaratdığı “böyük erməni mifi” dağıdıldı. Ermənistan bundan sonra hələ 10 illər iqtisadi, siyasi sahədə özünə gəlməyəcək. Ermənistan nə qədər çətin durumda olsa da, nədənsə müstəqil şəkildə sülh yolunu tapa bilmir. Bütün bunlarla yanaşı, Azərbaycan öz humanist ideyalarını davam etdirir və regiona sabitlik, sakitlik gətirmək məqsədini güdür. Amma görünən odur ki, Ermənistan sülh təkliflərimizə cavab vermir. Belə davam edərsə, elə erməni xalqı revanşist siyasətçilərinin üzərinə qalxıb onları məhv edəcəklər”.
H.Məmmədova tarixi faktlara əsasən Ermənistanın verdiyi vədlərə heç zaman əməl etmədiyini önə çəkib. Onun sözlərinə görə, ən böyük tarixi fakt ondan ibarətdir ki, 44 günlük müharibədə xalq, ordu, Ali Baş Komandanın birliyi nəticəsində Azərbaycan, müzəffər ordumuz qələbə çaldı.
“Biz bizimlə qonşuluq münasibətində yaşamaq istəyən insanlarla yaşamaq istəyirik. 30 il ərzində daim bizim millətə qarşı yanlış təbliğat aparıblar. 20-ci əsrin sonunda 20 yanvar faciəsi, Xocalı soyqırımı, Qaradağlı faciəsi, Ağdaban, Xocavənd faciələri, eləcə də bütün işğal olunmuş ərazilərimizdə ermənilər böyük faciələr, qırğınlar, dağıntılar törədilib. Elə 20-ci əsridə xalqımız Qarabağdan öz ev-eşiyindən 4-5 dəfə didərgin düşüb. Əgər bu ermənilərin başına gəlsəydi, bütün dünya bizim üzərimizə qalxardı. Amma nədənsə dünya Ermənistanın yürütdüyü siyasəti sanki görmür”.
H.Məmmədova hesab edir ki, bu gün dünya, beynəlxalq ictimaiyyət Ermənistanın dinc yanaşı yaşamaq istəmədiyini bilməli, dərk etməlidirlər. O, təəssüflə bildirib ki, hələ də böyük dövlətlərdə olan erməni lobbisi, erməni havadarları yenə də işğal, torpaq iddiası ilə yaşayırlar.
“Ermənistan və onun havadarları bilməlidir ki, bu ərazi iddiaları arxada qaldı. Ermənistan düşünməsin ki, Azərbaycan torpaqlarını işğal edib, bir də ala bilərlər. Çünki o torpaqların sahibi qayıtdı. O torpaqları canı, qanı ilə döyüşüb azad edən qəhrəman ordumuz var. Bütün cəbhələrlə qətiyyətlə döyüşən Azərbaycanın müzəffər Ali Baş Komandanı var və mübarizəmiz davam edir”.
H.Məmmədova bildirib ki, xalqımız bundan sonra ermənilərin Azərbaycan xalqının başına açdığı müsibətləri unutmamalıdır.
“Biz birgə yaşaya bilərik, amma 30-50 il keçəndən sonra ermənilər yenə baş qaldıracaqlar. Ona görə də işğaldan azad olunmuş bütün ərazilərimizdə, xüsusilə Xankəndində özümüz yerləşməliyik. Elə etməliyik ki, ermənilər bir daha içərimizdə baş qaldırmasınlar. Xankəndində yaşayan azərbaycanlılar nə qədər əziyyət çəkdiklərini yaxşı bilirlər. Vəzifələrdə olan ermənilər tərəfindən daim sıxışdırılmışıq. Xankəndi Azərbaycanın qədim torpağı, xanın kəndi olub. Biz o yerlərdə möhkəmlənərək ermənilərə heç bir fürsət verməməliyik. Azərbaycan xalqı bir daha ermənilərin o “timsah göz yaşlarına” inanmamalıdır”.