Regionda geostrateji mənzərəni dəyişdirən çox mühüm proseslər baş verir. Azərbaycan həm coğrafi, həm də geosiyasi, geoiqtisadi baxımdan hadisələrin mərkəzindədir və yeni reallıqların əsas imzası olaraq çıxış edir. Belə bir şəraitdə, heç şübhəsiz ki, region üzrə özünün “rəhbərliyini” əldən vermək istəməyən güclər 30 il əvvəl başladıqları imperialist siyasəti bu gün də davam etmək üçün əllərindəki “erməni maşası” ilə “ocağı qarışdırmaq” cəhdlərindən əl çəkmirlər. Belə bir şəraitdə Azərbaycanın atdığı və atacağı addımlar daim diqqətlə izlənir. Milli Məclisin deputatı Cavanşir Paşazadə ilə söhbətimiz maraqlı alındı:
– Azərbaycan hədəflərinə çatmaq üçün hansı “yol xəritəsi” ilə hərəkət edir?
– İyirmiillik fəaliyyətini qeyd etdiyimiz Ali Baş Komandan, cənab İlham Əliyevin apardığı doğru, qətiyyətli siyasət məntiqi nəticəsini verir. Bəli, illərlə gözlənilən nəticə Ordunun hərbi biliyi, gücünün artırılması, eləcə də ictimai, siyasi platformaların vahid mərkəzdə birləşərək, Dəmir Yumruq kimi möhkəmləndirilməsi hesabına baş verdi. Biz Ali Baş Komandanın rəhbərliyi, xalqın birliyi ilə 44 günlük müharibədə topraqlarımızın böyük bir hissəsini işğaldan azad etdik. O dönəmdə cənab Prezident bütün dünyanın aparıcı media qurumlarını, jurnalistlərini ölkəmizə dəvət etdi, hər birinə ayrı-ayrılıqda müsahibələr verib Azərbaycan həqiqətlərini, məqsədlərimizi, istəklərimizi dünyaya çatdırdı. Prezident hər zaman qətiyyətlə bəyan edirdi ki, Azərbaycan işğala məruz qoyulan tərəf olsa da, daim sülh danışıqlarına hazırdır. Lakin göründüyü kimi, Ermənistan uzun zaman aparılan danışıqlar zamanı ərazi iddialarından əl çəkmədi, sülh müqaviləsini imzalamaqdan yayındı, dəfələrlə təxribatlara əl atdı. Azərbaycan bütün təxribatların cavabını layiqincə verdi və son antiterror tədbirindən sonra Xankəndidə özlərinə sığınacaq tapan erməni separatçı rejimin rəhbərlərinin həbsi, rejimin özünü buraxması, ağ bayraq qaldırmalarına qədər əməliyyatları davam etdirdi. 24 saatlıq tədbir Azərbaycan dövlətinin, siyasətinin hədəflərini reallaşdırdı. Bu gün bizim torpaqlar azaddır. Orada yaşayan mülki ermənilər üçün yaradılan münbit şəraitə, gələcək üçün verilən təkliflərə baxmayaraq, ərazini tərk edirlər. Azərbaycan onların bu seçiminə də hörmətlə, humanistliklə yanaşır. Bu insanlar öz istəklərinə uyğun olaraq rahat şəkildə sərhəd keçid məntəqəsini keçib-gedirlər. Azərbaycanın tibbi personalı orada öz fəaliyyətini davam etdirir, ermənilərə səyyar tibbi yardım xidməti göstərir. Bu köç prosesi separatçı rejimin müharibə vaxtı Gəncəyə, Bərdəyə qadağan olunmuş raketlər ataraq mülki əhalini qətlə yetirdikləri ərəfədə baş verirdi. Azərbaycana qarşı cinayətlər törədən separatçı rejimin rəhbərlərinin həbsi də bu zaman gerçəkləşdi. Ola bilər ki, bu cinayətkarların həbsi xalqımıza hələ tam aydın olmayıb, amma bu, böyük əhəmiyyəti olan hadisədir. Bu böyük günü yaşadıqsa, Allahımıza şükür edirik.
– Azərbaycanın ədalətli mövqeyinə, özünün ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi yönündə apardığı savaşa Avropanın, Qərbin münasibəti necədir?
– Qərbin, Avropanın Qarabağ məsələsində bizə qarşı mövqeyini hələ 30 il müddətində yaxşı görmüşük. BMT-də qəbul olunan 4 qətnamənin heçə sayılması, 907-ci düzəlişin ləğvi, ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi, Azərbaycana qarşı soyqırımı törədən Ermənistana heç bir sanksiyanın tətbiq edilməməsi, işğalçıya “dur” deyilməməsi və sərgilənən qərəz, bu gün də Makronun, Fransanı müdafiə edən bəzi Avropa dövlətlərinin timsalında davam edir. Azərbaycan haqlı ola-ola, onu haqsız çıxarmağa çalışırlar. Bundan sonra da belə basqıların olacağını gözləyirik. Azərbaycan Prezidenti bu basqıların da öhdəsindən qətiyyətlə gələcək. Qardaş Türkiyə ilə apardığımız siyasət, türk dövlətlərinin bölgəyə daxil olması türk birliyinin inkişafına gətirib çıxaracaq.
Təbii ki, oktyabrın 5-də Azərbaycana qarşı qəbul olunan qətnaməyə səs verən dövlətlərin heç birini tanımaq istəmirəm. Onların mövqeləri əvvəldən bizə bəlli idi və onlar bu gün də öz niyyətlərini davam etdirirlər. Onlar Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çalışır. Yaxşı bilirlər ki, biz öz torpağımızda separatizmə qarşı savaşmışıq, öz torpaqlarımızı işğaldan azad etmişik. Biz şəhidləri öz torpaqlarımızda vermişik. Bütün bunları yaxşı bilən imperialist siyasətçilərin bundan sonra da bu cür münasibət sərgiləməsinə hazır olmalıyıq.
– İctimai birliklər bu istiqamətdə özünü necə göstərə bilir?
– Dünyada mövcud olan erməni lobbiçiliyi, erməni diasporası uzun zamandan bəri yaranıb və inkişaf edib. Biz xaricdə yaşayan ermənilərin Azərbaycanla bağlı yalanları necə məharətlə dünyada tirajladığını, ən sadə məsələləri necə siyasiləşdirdiklərini yaxşı müşahidə elədik. Ona görə də Azərbaycan ictimaiyyəti, hər bir qurum, təşkilat, vətəndaşlarımız bu gün cəmiyyətimizin üzləşdiyi bu prosesləri, yaşadıqlarını “tərəziyə qoymalı”, öz fəaliyyətlərini həqiqətlərin ortaya çıxmasına yönəltməlidirlər. İnsanlarımız 1 milyon qaçqın-köçkünün hansı həyatı yaşadığını, torpaqların necə işğal olunduğunu, hansı beynəlxalq təsirlərlə üzləşdiyimizi unutmamalıdırlar. Həyat bizim insanlara haqqı göstərdi.
Xaricdə olan Azərbaycan gəncləri çoxdur. Onların potensialından istifadə edərək, Azərbaycan lobbiçiliyi, diasporası yaranmalı, təşkilatlar arasında əlaqəli şəkildə işlər görülməlidir. Onlar bizim xaricdə özümüzdən olan düşmənlərə təsir göstərməlidirlər. Daxildə siyasətimiz dəyişməli, ictimaiyyət Prezidentin ətrafında daha da birləşməlidir. Biz siyasi müharibədən üzüağ çıxmalıyıq.
– Azərbaycanı, türkü düşmən kimi təbliğ etmək üçün erməni lobbisi maliyə vəsaiti ayırır, kitablar, nəşrlər vasitəsilə yalançı tarix yazır, təbliğat qururlar. Ermənilərin yalanlarına qarşı hansı imkanlarımızla çıxa bilirik?
– Ermənilər bu sahədə bizdən güclüdür. Mentalitetimizdə düşmənçilik aparmaq, kiminsə ərazisinə göz dikmək, gücümüzü bu sahəyə yönəltmək niyyətimiz yoxdur. Biz 50 il qabaq bu barədə heç düşünməmişik. İnsanlarımız xarici ölkələrə gedib orada yaşamayıblar. Ailəcanlı, torpağa bağlı olublar. Ermənilər isə daim dünyaya səpələniblər, orada çoxalıblar. Məsələn, hər hansı bir ölkədə erməniləri daha çox görüb tanıyıblar. Hətta 1969-cu ilə qədər Rusiyada belə “Azərbaycan” deyəndə tanımırdılar. 1970-ci illərdə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanı tanımağa başlamışdılar. Bu, həqiqətən belə idi, amma ermənini tanıyırdılar. Azərbaycanlılara hər cür ad qoyurdular – gürcü, tatar, sıqan... Çünki erməni onlarla yaşayırdı, qız verirdilər, qız alırdılar. Bizdə isə başqa millətdən evlənməyə qəbahət kimi baxırdılar. Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycan inkişaf etdi, lobbiçiliyimiz başladı. Ulu Öndər Azərbaycan tələbələrini Rusiyaya, digər xarici ölkələrə oxumağa göndərdi. “Azərbaycan” adı yavaş-yavaş tanındı. Yəni ictimai birliklərin bu sahədə ciddi işlər görə bilməməsi bizdən asılı deyildir. Bizim mentalitetimiz, sovet dövrünün siyasəti bizə buna imkan verməyib.
İctimai birliklərimizin, diasporalarımızın, lobbiçilərimizin xaricdə iş görməsinə səy göstərilməlidir. Gənclərlə iş aparılmalıdır. Səfirliklərdə lobbiçilik üçün şərait yaradılmalıdır. Lobbiçilik, diaspor fəaliyyətinə ciddi vəsaitin ayrılmasına xəsislik edilməməlidir. Dünyanın harasında olursa-olsun, azərbaycanlı, türkdürsə, onları tapmaq və olduğu yerlərdə inkişaf etməsinə, orada mühüm yerlərə qədər getməsinə imkan yaratmaq, kömək etmək lazımdır. Bu gün Almaniyada yaşayan türklərlə azərbaycanlılar birləşib ciddi diaspora işi, lobbiçilik fəaliyyəti göstərməlidirlər. Azərbaycan və Türkiyənin “iki millət bir dövlət” siyasəti xaricdə də təşəkkül tapmalıdır. Avropada 3-4 milyon türkün birləşməsi böyük işlər orataya qoya bilər.
– Tez-tez fikirlər səslənir: “xaricdə birləşə bilmirik”. Niyə?
– Azərbaycanlılar xaricdə əksər hallarda bir-birinə nəvaziş, dəstək göstərmək əvəzinə, “əzələ” nümayiş etdirirlər. Bizim daxili yumşaqlığımız hələ özümüzə qarşı milli olaraq formalaşmayıb. Ermənilər isə xaricdə öz yalanları ətrafında biləşirlər. Deyirlər ki, Adəm erməni olub. Ona “Adamyan” deyirlər. Biz ideoloji gücü özümüzdə formalaşdırmalıyıq. Harada oluruqsa-olaq, Azərbaycan adına çıxış etməli, birləşməliyik. Bunun geriyə yolu yoxdur.
– Azərbaycanda illərdir separatçı rejimin çətirində yaşayanlar, sanki öz sərsəm iddialarından əl çəkib, ərazilərimizi tərk etsələr də, Avropa, Qərb əl çəkmir. Sonrakı perspektivi neçə görürsünüz?
– Tarixən “daşnaqsütun partiyası”, erməni lobbiləri, Ermənistan daxilindəki siyasi çəkişmələrində Qarabağda yaşayan etnik ermənilərdən alət kimi istifadə ediblər. Çox yaxşı bilirlər ki, hətta işğal dövründə belə Azərbaycanda 30 minə yaxın erməni yaşayıb, onların dini, mədəni tələbləri daim qorunub və Azərbaycanda yaşayan xalqlara qarşı münasibət necədirsə, həmin ermənilərə də eyni tolerant yanaşma sərgilənib. Bu günə qədər də Qarabağdan kənarda, digər ərazilərimizdə yaşayan erməniəsilli vətəndaşlarımıza “Gözün üstündə qaşın var”, – deyən yoxdur. Düşünürəm, Qarabağda olan ermənilər də bundan nümunə götürüb yaşayacaqlar. Qərb də, Avropa da bu gerçəkliyi anlayacaq. Son Avropa Parlamentinin verdiyi qətnamədən də görünür ki, elə bölgədə gərginliyin saxlanılmasında maraqlı olan da həmin Qərb, Avropa, Fransa dövlətidir. Ermənilərin Qarabağdan köçüb-getmələrindən başqa bir olay yaratmağa çalışır, müxtəlif iddialarla ölkəmizə qarşı təsir göstərməyə çəhd edirlər. Görünür, regionda maraqlı olan qüvvələr ermənilərin köçməsindən istifadə edərək, dünyanı Azərbaycana qarşı qışqırtmağa, növbəti təxribatlara əl atmağa və bunu gələcəkdə “etnik təmizləmə” kimi qələmə verməyə hesablayıblar. Lakin gedən üçün yol açıqdır. Cənab Prezident mülki, heç bir cinayətdə əli olmayan ermənilərin ərazilərimizdə yaşaması üçün digər xalqlara olduğu kimi, onlara da bütün imkanların yaradılacağını dəfələrlə söyləyib, təkliflər verib. Böyük logistik imkanların yaradılması, dəmir yollarının, Zəngəzur yolunun açılması, təkcə Azərbaycan, Türkiyə üçün deyil, Ermənistanın özü üçün də böyük uğurlu məsələdir. Əgər bundan yan keçəcəklərsə, özləri bilərlər. Azərbaycanın kimsənin torpaqlarında gözü yoxdur.
Azərbaycan öz siyasətini özü qurur, Zəngəzur yolu açılsa, türk dövlətləri birləşsə, bunun özü bu coğrafiyada Avropa bazarından böyük bir bazar yaradacaq. Burada böyük iqtisadi gücün əldə edilməsindən söz gedir. Avropadakı, Qərbdəki bəzi dairələr o gücü əldən vermək istəmir. Azərbaycan və onun tərəfdaş dövlətləri asılı olmamaq üçün əllərindən gələni edir və edəcəklər.