Həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcək. Tibbi-meteoroloji proqnoza əsasən, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
Belə bir vəziyyətdə ölkədə, xüsusilə də açıq hava altında işləyənlər ciddi təçhlükə ilə üz-üzə qalırlar. Bununla bağlı artıq işəgötürənlərə xəbərdarlıq da edilib.
İşəgötürənlər havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirir ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. "Məcəlləyə əsasən, fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilir. İşçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən biridir", - deyə A. Osmanqızı vurğulayıb.
Qeyd edək ki, anomal istilər tək Azərbaycanda yox, dünyanın bir çox yerlərində qeydə alınır. Məsələn, Moskvada da görünməmiş istilər hökm sürür.
Rusiya paytaxtında havanın temperaturunun iqlim normasından 13-15 dərəcə artıq olacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə, sonuncu dəfə Moskvada 34,7 dərəcə isti 1901-ci ildə qeydə alınıb. Yaxın iki gündə paytaxtda havanın hərarətinin 1901-ci ilin rekordunu qıracağı gözlənilir. Sinoptiklərin proqnozlarına görə, iyunun 22-də Moskvada termometrin civəsi 36 dərəcəyədək qalxacaq. İsti hava şəraiti iyunun 24-dək davam edəcək.
Bu cür hava şəraitinin mənfi təsirinə məruz qalan əsas sahələrdən biri də təbii ki, kənd təsərrüfatıdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov hafta.az-a bildirib ki, havaların temperaturu mövsüm normalarından yüksək keçir:
"Lakin unutmayaq ki, yay ayları onsuz da hər zaman isti olur. Quraqlıq dönəmində belə isti havaların keçməsi suvarma ilə bağlı müəyyən çətinliklərin yaranmasına gətirib çıxarır. Bu da bizə heç də yad olmayan bir haldır. İndi taxıl biçinin ən aktiv dövrüdür. Taxıl biçini zamanı ilk öncə arpa, ondan 10-15 gün sonra isə buğda yetişir. Havaların isti keçməsi ilə buğda ilə arpanın yetişməsi eyni vaxta təsadüf edir. Bu halda əksər rayonlarda həm arpanın, həm də buğdanın biçini eyni vaxtda gedir. Nəticədə, hər iki dənli bitkinin bir vaxtda biçilməsi kombaynla bağlı təminatda problemlər yarada bilər. Biz bütün ehtimalları nəzərə alaraq kombaynların bu cür vəziyyətlərdə düzgün dislokasiya aparması ilə bağlı xəritə hazırlamışıq. Hazırda, xüsusilə də aran rayonlarında anomal istilərə rəğmən biçin prosesi davam edir. Bu baxımdan da bir mənfi təsirlə qarşılaşmamışıq. Digər bitkilərə gəldikdə isə havanın yüksək olması o qədər də ciddi təhlükələr törətmir. Yalnız suvarmada çətinliklər yaşana bilər. Onu deyə bilərəm ki hazırkı məqamda istilər kənd təsərrüfatına ciddi mənfi təsiri müşahidə edilmir".
Bu cür hava şəraitində insanlar da diqqətli olmalıdır. Sağlamlıqlarına ciddi fikir verməlidirlər.
Pediatr Vaqif Qarayev hafta.az-a bildirib ki, son günlər müşahidə olunacaq temperatur mövsüm normalarının üzərindədir:
"Bu zaman günvurma hadisələrinin yaşanması qaçılmazdır. Günvurma mərkəzi sinir, qan-damar və tənəffüs sisteminə təsir edir. Uzun zaman anomal temperatur şəraitində olduqda bədəndə çox sadə dillə desək, "qızma" gedir. Bunun da ən ağır fəsadları qıcolmaya gətirib çıxarır. Daha çox xroniki ürək qan-damar, yaxud mərkəzi sinir sistemi problemi olan insanlara və uşaqlara təsir göstərir.
Günvurmanın əsas əlamətləri, başağrısı, başgicəllənməsi, ürəkbulanma, nəfəsdarlığı, güclü tərləmə və zamanında müdaxilə edilməzsə qıcolmadır. Yaxşı olardı ki, uşaqlar, hamilə qadınlar, yaşlılar və az əvvəl sadaladığım xəstəliklərdən əziyyət çəkən insanlar gündüz saat 12-dən 5-6 ya qədər açıq havada qalmaqdan çəkinsinlər.
Əgər günvurma halı yaşanıbsa, insan dərhal kölgəyə çəkilməlidir. Bu vaxt adətən kişilər soyuq alkoqollu içkilərdən - pivədən istifadə edirlər. Nəinki pivə, saf sərin su xaric heç bir rəngli-qazlı içkilərdən istifadə etmək olmaz. Adi sərin su da aram-aram içilməli, gün vurmuş şəxsin sifətinə çilənməli, ən ağır halda isə soyuq suda isladılmış örtü ilə bütün bədəni bükmək lazımdır.
Küçədə 40-44 dərəcə isti varsa, insan dərhal 18-20 dərəcəli kondisionerin işlədiyi məkana girməməlidir. Bu çox ciddi bir təhlükədir. Qıcolma olduqda isə şəxs təcili xəstəxanaya çatdırılmalıdır".