Biznes kart təcrübəsi - Araşdırma

13:01 27.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yaxın gələcəkdə yerli bankların bu məhsulunun bazarda daha aktiv işləyəcəyi proqnozlaşdırılır

Bu gün ölkə bankları öz müştərilərinə işlərini asanlaşdırmaları üçün müxtəlif növ bank kartları təklif edirlər. Yerli banklar arasında bir neçə il olar ki, yeni – biznes kartları sahəsinin rəqabəti başlayıb. Hələlik bu sahədə ciddi inkişaf olmasa da, iqtisadi aktivliyin tədricən artması ilə biznes kart sektorunun inkişafı proqnozlaşdırılır. Bunu nəzərə alan yerli banklar isə iş adamları üçün daha cəlbedici təkliflərlə çıxış etməyə çalışırlar.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Mərkəzi Bankının hesabatına əsasən 2020-ci ilin sonuna ölkədə istifadə edilən ödəniş kartlarının sayı 9 milyon 230 minə çatıb. Bu göstərici əvvəlki ilə nisbətən təxminən 2 milyon ədəd çoxdur.

Artımın isə daha çox sosial və əməkhaqqı kartlarının hesabına baş verdiyi qeyd edilir. Belə ki, 2019-cu ildə sosial kartların ümumi sayı 2 milyon 383 min ədəd olduğu halda, 2020-ci ildə bu rəqəm 3 milyon 443 min ədədə çatıb. Əməkhaqqı kartlarının sayı isə ölkə üzrə 185 min ədəd artaraq 2 milyon 501 min ədəd təşkil edib. Kredit kartlarının sayı 2020-ci ildə 1 milyon 93 min ədədə çatıb.

Bundan başqa, 2020-ci ildə debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 28 milyard 951 milyon manata çatıb. 2019-cu ildə bu göstərici 23 milyard 241 milyon manat olub. Deməli, bir il ərzində kartlarla aparılmış əməliyyatların ümumi həcmində 5 milyard 710 milyon manat artım olub.

Maraqlıdır, görəsən, biznes kartların hansı özəlliyi var? Bu kartları konkret olaraq kimlər əldə edə bilər?Bu növ kartlardan istifadə müştəri üçün hansı üstünlüyü qazandırır?

Xərclərə nəzarət etmək imkanı

Əvvəlcə ondan başlayaq ki, biznes kartları hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslər, yəni iş adamları üçün nəzərdə tutulur. Biznes kartlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə bir sıra önəmli ödənişlərini həyata keçirmək üçün nəzərdə tutulur. Məlumdur ki, şirkətlər tez-tez xidməti ezamiyyətlər təşkil edir, ofisdən kənarda müştərilərlə və partnyorlarla təqdimatlar və görüşlər keçirir. Bu da çoxlu xərclər tələb edir. Şirkətlərin bu tip xərcləri biznes kartlar vasitəsi ilə həyata keçirməsi daha sərfəlidir. Bu zaman işçilər üçün edilən bütün xərclərə nəzarət etmək mümkün olur. Bu növ kartlar təşkilatın cari hesabına bağlansa da, hər bir kart üzrə fərdi limit müəyyən etməyə imkan verir. Bununla da əməkdaşların iş zərurəti ilə əlaqəli xərcləri asan və rahat idarə olunur, həmçinin əməkdaşlara vəsaitlərin ayrılması proseduru və mühasibatlıq hesabatı əhəmiyyətli dərəcədə sadələşir.

Biznes kartlarının müxtəlif növləri var. Buraya VISA Business, MasterCard Business, VISA Business Gold, VISA Business classic, MasterCard Business, Visa Corporate və s. növlər daxildir. Kartların müddəti bankdan asılı olaraq 1,2,3 və ya 5 illik olur.Bu növ kartlardan nağdlaşdırma zamanı bankın komissiyasından əlavə həm də 1faiz vergi tutulur. Bu da Vergilər Məcəlləsinə əsasən tənzimlənir. Lakin bəzi bankların kartları yalnız onlayn əməliyyatlar üçün nəzərdə tutulduğundan nağdlaşdırmaq mümkün deyil.

Bir məqamı da diqqətinizə çatdıraq ki, sahibkarların istifadə etdiyi əsas əməliyyatlar üzrə bəzi banklar komissiya haqqı tutmurlar. Bu əməliyyatlara gömrük və vergi ödənişləri daxildir. Ümumilikdə isə bu ödənişlər zamanı bankların komissiyaları 0-0,2 faiz arasında dəyişir.

Kart əldə etməyə tələsməyin

Mütəxəssislər hesab edirlər ki, sərfəli biznes kart əldə etmək üçün ilk növbədə yerli bankların bu xidmət növü üzrə irəli sürdüyü təklifləri araşdırmaq lazımdır. Təklifləri dəyərləndirdikdən sonra sizin üçün sərfəli hesab etdiyiniz bankla əməkdaşlıq edə bilərsiniz. Bunun üçün bankda hesab açmaq lazım olacaq. Bu hesablar vasitəsilə ölkə daxilində və ölkə xaricinə vəsait göndərə və qəbul edə, əmək haqqı ödənişlərini icra edə biləcəksiniz. Bank hesabı açmaq üçün ilk növbədə banka bir sıra sənədlər təqdim edilməlidir. Bu sənədlər bank hesabının sahibkar və ya hüquqi şəxs olmasından asılı olaraq dəyişir. İlk növbədə sahibkar hesabları üçün tələb olan sənədlərə diqqət yetirək. Bu sənədlər də sahibkarın rezident və ya qeyri-rezident olmasından asılı olaraq dəyişir.

Ərizə;

Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd;

Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

İmza və möhür nümunələri vərəqəsi;

FATCA/CRS tələblərinə uyğun özünüqiymətləndirmə anketi.

İndi isə hüquqi şəxslərin bank hesabı açmaq üçün banka təqdim etməli sənədləri nəzərdən keçirək.

Ərizə;

İmza və möhür nümunələri vərəqəsi;

Hüquqi şəxsin Nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın (ən son dəyişiklikləri əks etdirməklə) notariat qaydasında təsdiq edilmiş surəti;

Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

FATCA/CRS tələblərinə uyğun özünüqiymətləndirmə anketi.

Bundan əlavə, hesaba sərəncam vermək (imza) hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsi, bununla bağlı təsdiq olunmuş protokol və ya qərar, təsisçi və benefisiar şəxslər barədə əlavə sənədlər tələb oluna bilər.

Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşünasları tərəfindən yoxlandıqdan sonra hesabın açılması üçün qərar qəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa, müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir. Bank hesabının açılması bəzi banklarda onlayn formada da mümkündür.

Bank hesabı açıldıqda artıq hesabla bağlı əməliyyatları həyata keçirə bilərsiniz. Açılan hesabları isə onlayn formada idarə edə bilərsiniz.

Nə qədər limit tətbiq olunur?

Bəzən hesabda olan məbləği nağdlaşdırmağa ehtiyac yaranır. Digər xidmətlər kimi nağdlaşdırma zamanı da komissiya tutulur. Bu komissiya banklardan asılı olaraq dəyişir. Lakin hesabdan istənilən qədər məbləğ nağdlaşdırıla bilməz. Bu limiti  "Nağdsız hesablaşmalar haqqında" qanunla müəyyən olunur. Belə ki, qanunun 3.3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri təqvim ayı ərzində 30 (otuz) min, digər vergi ödəyiciləri isə təqvim ayı ərzində 15 (on beş min) manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər.

 

Oxunma sayı 648