BMT Təhlükəsizlik Şurasından Şimali Koreyaya çağırış

12:07 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild BMT Təhlükəsizlik Şurasını Şimali Koreyanın son raket sınaqlarına qarşı tədbir görməyə çağıraraq, “İki üzv dövlət (Çin və Rusiya) Şuranın mandatını yerinə yetirməsinə mane olmağa davam edərsə, Şimali Koreya meydan oxuyaraq yeni silahlar təqdim edəcək, sınaqları davam etdirəcək” deyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (UNSC) Şimali Koreyanın son raket sınaqlarını müzakirə etmək üçün iclas keçirib. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild üzv ölkələrin nümayəndələri qarşısında çıxışında ABŞ-ın Şimali Koreyanın fevralın 18-də və 19-da keçirdiyi raket sınaqlarını kəskin şəkildə pislədiyini bildirib.

Şimali Koreyanın raket sınaqlarını pisləyən BMT Təhlükəsizlik Şurasının bəyanatını da dərc etməyə çağıran Qrinfild deyib ki, şuranın birgə cavab verməməsi Pxenyanı sabitliyi pozan raket sınaqlarını qorxmadan davam etdirməyə təşviq edib. “Şimali Koreyanı raket sınaqlarının nəticələrindən qoruyanlar Asiya regionunu və bütün dünyanı münaqişə riski qarşısında qoyurlar”, - Qrinfild bildirib.

BMT Təhlükəsizlik Şurası keçən il Şimali Koreyadan gələn təhlükəsizlik təhdidini müzakirə etmək üçün 10 iclas keçirib, bütün görüşlər şuranın veto hüququna malik daimi üzvləri olan Çin və Rusiyanın müxalifəti səbəbindən nəticəsiz qalıb.