Hazırda Qərb ölkələrinin - birinci növbədə Fransa, Amerika və digərlərinin Ermənistana və Azərbaycana yönəlik siyasətlərinin konkret hədəfləri var. Bunlar Ermənistanın bölgədəki davakar siyasət mövqeyini gücləndirmək, bu bölgədə Qarabağ münaqişəsinin həll olunmasından sonrakı reallıqların işləmə prinsiplərini tormozlamaq, eyni zamanda münaqişənin yeni bir mərhələsini alovlandırmaq niyyətindədir. Sülh sazişinin imzalanması üçün ciddi çabaların göstərildiyi bir vaxtda Ermənistanın sülh sazişinə qarşı apardığı siyasətlə eyni zamanda Ermənistana göstərilən bu dəstəklərin izahı, mənası yoxdur.
Bu fikirləri hafta.az-a siyasi təhlilçi Aydın Quliyev bildirib:
“Açıq desək, xaricdən müəyyən mərkəzlər həll olunmuş Dağlıq Qarabağ münaqişəsinin yeni bir tarixi mərhələsini açmağa çalışırlar. Bu mərhələ isə onların siyasəti nöqteyi-nəzərindən birinci növbədə Ermənistan hakimiyyətinin revanşist siyasətini dəstəkləməkdən ibarətdir, ikincisi isə artıq Azərbaycandan köçüb getmiş və söndürülmüş separatçı ocağı yenidən alovlandırmaqdır. Təsadüfi deyil ki, həmin mərkəzlər Ermənistanın özündən daha çox Qarabağdan köçmüş ermənilərin yenidən Azərbaycana qaytarılması və onların hüquqlarının təhlükəsizliyinin hansısa bir beynəlxalq müdafiə mexanizminin yaradılması məsələsini tez-tez qabardırlar. Bu nöqteyi-nəzərdən separatçı rejimin nümayəndələrinin Amerikaya dəvət olunması, Konqresdə müzakirələrdə onların iştirakı diqqətçəkən faktdır. Bir daha sübut edir ki, həqiqətən bu bölgədə separatçı münaqişənin sönməsinə imkan vermək istəmirlər. Eyni zamanda aparılan bu siyasətlər otuz ildə Qarabağın separatçı rejiminə verilmiş dəstəyin yeni şəraitdə davamıdır. Necə ki, separatizmin davam elədiyi illərdə hər il Azərbaycana dövlət yardımı qadağan olunduğu halda Ermənistanla bərabər Qarabağın separatçı rejiminə də humanitar yardım altında yardımlar olunurdu. Bu gün də həmin siyasət davam etdirilir və keçmiş separatçı rejimin üzdəniraq təmsilçiləri Amerikada, Avropada müxtəlif mötəbər səviyyələrdə qəbul olunublar. Bu gün keçmiş “arsax”ın gəlirlərinin kompensasiya olunması üçün aparılan kampaniya da bu siyasətin tərkib hissəsidir. Belə hesab olunur ki separatçı rejimin rəhbərliyi və onun dayaqları olan insanlar Qarabağdan köçüb gedəndən sonra guya onlara böyük ziyan dəyib. Və onların ötən bu 1 il ərzində guya əldə edəcəkləri böyük maddi-mənəvi gəlirlərdən məhrum olublar və həmin gəlirlərin bərpa olunması üçün separatçı “arsax”ın gəlirlərinin bərpa olunması kimi bir fond təsis olunması istiqamətində iş aparırlar. Əlbəttə bunlar mifik səslənir. Çünki ən azı Azərbaycan cəmiyyətində bilirik ki, Qarabağ ermənilərinin belə kompensasiya fondunun yaradılmasına çalışanlar bu 35 il ərzində 250-300 mindən artıq azərbaycanlının Ermənistandan qovulandan sonra gəlirlərinin bərpa olunması, kompensasiya olunması üzərində düşünmədilər. Bu açıq riyakarlıqdır. 250 min insanın bu illər ərzində itirdiklərini hesablasaq, trilyonlarla dollar vəsait edir. Hansı ki, onlar özlərinin hər bir şeyini Ermənistanda qoyub, canlarını götürüb qaçmışdılar. Onların daha böyük maddi itkilərindən danışmaq mümkündür. Ona görə də aparılan bu işlər həm Qərb ölkələrinin indiyə qədər apardıqları siyasətin davamıdır, həm də bölgədə sulhə maneə olmaq siyasətidir”.