“Hesab edirəm ki, Gürcüstan rəhbərliyi Baydenin dövründən fərqli olaraq Trampın idarəçiliyi dönəmində daha sərt münasibət görəcək. Həm də ona görə ki, Gürcüstan ordusu qardaş Türkiyə tərəfindən NATO-ya hazırlanır...”
“Düşünürəm ki, noyabr ayında hələ Gürcüstanla bağlı müəyyən gərginliklər yaşanacaq. Son parlament seçkilərindən sonra Rusiyayönlü Bidzina İvanişvilinin tərəfdarlarının hakimiyyətlərini davam etdirməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın dönəmində bir qədər fərqli mənzərədə olacaq. Yəni Amerikanın yeni rəhbərliyi Moskvaya təzyiqləri artıracaq və çalışacaq ki, Güney Qafqaz siyasətində dönüş edilsin. Hazırkı rəhbərlik dönəmində belə bir dönüşü Moldovada artıq gördük. Odur ki, ABŞ Gürcüstanı da öz maraq dairəsinə gətirmək üçün aktiv fəaliyyətə başlayacaq”.
Bu fikirləri hafta.az-a açıqlamasında “Trampın hakimiyyəti dönəmində Birləşmiş Ştatların Gürcüstan siyasətində hansı dəyişikliklər gözlənilir? Bu ölkənin işğal altındakı ərazilərin azad edilməsi ehtimalı varmı?” sualını cavablandırarkən hərbi-siyasi ekspert Üzeyir Cəfərov ifadə edib.
“Hesab edirəm ki, Gürcüstan rəhbərliyi Baydenin dövründən fərqli olaraq Trampın idarəçiliyi dönəmində daha sərt münasibət görəcək. Həm də ona görə ki, Gürcüstan ordusu qardaş Türkiyə tərəfindən NATO-ya hazırlanır. Bu da göstərir ki, ABŞ NATO-nun ən böyük, ən güclü donor ölkəsi olaraq Gürcüstanı tam şəkildə Rusiyanın təsirindən çıxarmağa çalışacaq. Ona görə də hazırda Gürcüstanın hazırkı rəhbərliyi baş nazir İrakli Kobaxidze, Tiflis meri Kala Kaxadze və s. Bidzina İvanişvilinin mövqeyinə uyğun bəyanatlar səsləndirsələr də, 2025-ci ildə biz bu cür bəyanatları, yəqin ki, daha az eşidəcəyik. Hər halda Gürcüstan Qərbə doğru öz yolunu seçəcək və böyük ehtimalla Tramp Rusiyaya təzyiqləri artıracaq ki, Kremlin faktiki işğal altında saxladıqları Gürcüstan əraziləri də işğaldan azad edilsin”,- deyə davamında ekspert vurğulayıb.