Türkiyə İmmiqrasiya İdarəsinin rəhbəri Atilla Toros Böyük Millət Məclisində verdiyi açıqlamada 28 sentyabr 2023-cü il tarixinədək Türkiyədə hüquqi statusu olan 4 milyon 741 min 115 əcnəbi olduğunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Toros deyib ki, bunların təxminən 70 faizi - 3 milyon 279 min 152 suriyalıdır və onlar hazırda müvəqqəti qoruma altındadır. Ölkəmizə təhsil, turizm, iş, investisiya kimi məqsədlərlə gələn 1 milyon 174 min 13 əcnəbi var ki, onlar əsasən ticarətlə sahəsində işləyir: "Ölkəmizdə beynəlxalq mühafizə altında olan 287950 əcnəbi var. 2023-cü ilin avqust ayına olan məlumata görə, 32 milyon 525 min 92 əcnəbi ölkəmizə qanuni yolla daxil olub".
Türkiyədə ən çox yaşayış icazəsi alanlar isə Rusiya vətəndaşlarıdır. Rusiyadan 130482 nəfərə rəsmi yaşayış və iş icazəsi verilib. İkinci yerdə 103607 nəfərlə Türkmənistan vətəndaşları, üçüncü sırada 98253 icazə ilə İraq, dördüncü yerdə 84542 nəfərlə İran gəlir. Suriya 80657 yaşayış icazəsi ilə beşinci sırada yer alıb.
İlk 10-luğa daxil olan digər ölkələr bunlardır: Azərbaycan 64998 nəfər, Özbəkistan 53515 nəfər, Əfqanıstan 45184 nəfər, Qazaxıstan 43053 nəfər, Ukrayna 38747 nəfər. Digər ölkələr 430975 nəfər.