Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq 60,8 milyard manata bərabər olub, onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,1 manat çox vəsait xərcləyib.
Maraqlıdır, görəsən, istehlak bazarının böyüməsinə səbəb nədir? Adambaşına düşən xərclər ötən illə müqayisədə hansı səbəbdən artıb?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, ötən illərlə müqayisədə ölkədə natural ifadədə alış-verişin həcmi artıb: “Yəni, burada həm əhalinin sayının artması, həm də alış-verişin genişlənməsi amilləri var. İstehlak bazarının daha çox böyüməsinin, eyni zamanda, adambaşına düşən xərclərin ötən illə müqayisədə artmasının əsas səbəbi inflyasiya və bahalaşma ilə bağlıdır. Biz bilirik ki, pandemiyadan sonra, yəni 2020-ci ildən etibarən ölkədə qlobal bazarda baş verən inflyasiya ilə əlaqədar qiymətlər sürətlə yüksəlib. Həm ötən il, həm də 2021-ci ildə inflyasiya səviyyəsi həddindən artıq yüksək olub. Düzdür, bu ilin aprel ayından etibarən inflyasiya sürəti nisbətən zəiflədi. Bütövlükdə bu ilin 11 ayının nəticələrinə baxsaq yenə də görərik ki, xüsusilə ərzaq məhsulları üzrə inflyasiya səviyyəsi ikirəqəmlidir. Ümumiyyətlə, istehlak qiymətləri indeksi də yenə ikirəqəmli səviyyədə olaraq qalır. Düzdür, hökumət, Mərkəzi Bank ilin sonuna kimi inflyasiyanın birrəqəmli səviyyədə olacağını proqnoz edirdilər. İlin sonuna on gün qalır və adətən, bizdə bayramlar yaxınlaşanda qiymətlər də adəti üzrə yüksəlir. Bu baxımdan hökümətin proqnozuna qarşı çıxmasam da, əmin deyiləm ki, ilin sonunu birrəqəmli inflyasiya ilə başa vuraq”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli də vurğulayıb ki, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır: “Keçən il ölkəmizdə inflyasiya yüksək olub və bu il də inflyasiya davam edir. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almağa keçən il daha az, bu il isə daha çox vəsait sərf olunur. Növbəti aylarda əgər inflyasiya davam etsə, adambaşına düşən xərclərin artması da davam edəcək. Amma müşahidələr göstərir ki, ötən illə müqayisədə bu il inflyasiya sürəti nisbətən zəifləyib. Ona görə də növbəti aylarda inflyasiyanın bir qədər azalacağı gözlənilir".