Görkəmli Səudiyyə İslam alimi və Böyük Alimlər Şurasının üzvü Şeyx Yusuf bin Məhəmməd bin Səid builki Həcc ziyarəti üçün Ərəfat xütbəsini oxuyacaq. Ehtiyat imamı Böyük Məscidin imamı və xətibi Şeyx Maher bin Həməd əl-Muaiqli olacaq. Səudiyyə Ərəbistanının ali orqanları bununla bağlı sərəncamlar verib.
Hafta.az-ın yazdığına görə, Şeyx Bin Səid Məkkədəki Məscidül-həramda, Mədinədəki Məscidi Nəbəvidə və bir sıra başqa məscidlərdə müəllimlik edib. O, həmçinin 20 ildən artıq bir sıra məscidlərdə və bayram namazı yerlərində xətib işləyib, müxtəlif nazirliklərin və universitetlərin proqramlarında iştirak edib.
Şeyx Bin Səid bir sıra vəzifələrdə, o cümlədən Böyük Alimlər Şurasının üzvü olub. O, bundan əvvəl dörd il müddətinə İslam İşləri nazirinin müavini işləyib. O, İmam Məhəmməd bin Səud İslam Universitetində müxtəlif akademik vəzifələrlə yanaşı müəllim köməkçisi, müəllim, dosent, professor kimi fəaliyyət göstərib.
Şeyx Bin Səid eyni zamanda İslam İşləri Nazirliyində Kibertəhlükəsizlik Komitəsinin sədri, nazirlikdə Qurani-Kərim yarışması komitəsinin rəhbəri, eləcə də Həcc komitəsinin sədr müavini və digər vəzifələrdə də çalışıb. Kral Fəhd Quran Çap Kompleksində Quran Tərcümə Komitəsinin rəhbəri olub.
Şeyx bin Səid hələ kiçik yaşlarında Qurani-Kərimi əzbər bilirdi. Onun müəllimləri arasında Səudiyyə Ərəbistanının keçmiş Baş Müftisi Şeyx Əbdüləziz bin Abdullah bin Baz və Baş Müfti Şeyx Əbdüləziz bin Abdullah əl-Şeyx kimi tanınmış alimlər olub. Şeyx Bin Səid 30-dan çox kitabın müəllifidir.