Bu şərtlərlə ermənilər üçün Ağdərə-Kəlbəcər-Basarkeçər yolunu açmalıyıq... – GÖZLƏNİLMƏZ TƏKLİF

19:37 06.01.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hesab edirəm ki, Rusiya “sülhməramlı”ları  Xankəndi-Laçın-Ermənistan sərhədi marşrutunu bağlı saxlasa da,  biz Azərbaycan olaraq Qarabağdakı ermənilər üçün Ağdərə-Kəlbəcər-Ermənistan sərhədi(Basarkeçər) marşrutunu sərhəd buraxılış məntəqəsi, gömrük postları, konvoyların xüsusi müşayiəti və s. təşkil etmək şərti ilə açmalıyıq”.  

Bu gözlənilməz təklifi hafta.az-a  açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Zənnimcə, bu, həm də Qarabağdakı ermənilərdən ötrü daha qısa yol olacaq. Bundan əlavə,  Qarabağda qalmaq istəyən ermənilər üçün onların mülkiyyətinin, daşınmaz əmlakının Azərbaycan qanunlarına uyğun olaraq yenidən qeydiyyata alınması üçün onlayn prosesə başlamaq gərəkdir. Bu, sadə bir prosedurdur. Qarabağdakı hər hansı bir erməni onlayn şəkildə Azərbaycan dövlətinin müvafiq qurumuna müraciət edir, mülkiyyətinə aid lazımi sənədləri onlayn şəkildə təqdim edir və  cavabında bizim dövlət qurumu onun mülklərini  Azərbaycan qanunlarına uyğun şəkildə qeydiyyata alaraq həmin erməniyə gərəkli ismarış göndərir.  Ermənistana getmək istəyən digər qism ermənilər üçün isə Azərbaycan qanunlarına uyğun olaraq daşınmaz əmlakın alqı-satqısı üzrə onlayn hərracların keçirilməsinə şərait yaratmaq gərəkdir. Bu və digər uyğun addımlarla biz Vardanyanın Azərbaycana qarşı mübarizəyə qaldırmaq istədiyi ermənilər arasında təfriqəyə start vermiş oluruq. Və bununla “yumşaq güc” taktikasını davam etdirmiş oluruq”- deyə açıqlamasının davamında politoloq bildirib.

“Bəs Suqovuşan-Kəlbəcər-Basarkeçər yolunun açılması hazırda Laçın-Şuşa-Xankəndi yolundakı aksiyanın effektivliyini azaltmaz ki?” sualını isə sabiq baş diplomat belə cavablandırıb:

“Zənnimcə, qeyd etdiyim marşrutun açılması Laçın yolundakı aksiyanın effektivliyinə təsir göstərməyəcək. İkincisi də biz bununla Laçın yolunu bağlı saxlayan Rusiyanın oyununu pozmuş olacağıq”.