“Bu uğurun memarı müzəffər Ali Baş Komandandır” - Politoloq

18:38 26.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 Prezident İlham Əliyev tviter səhifəsində paylaşım etdi: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

Siyasi şərhçi Aytən Qurbanova hafta.az-a bildirib ki, Azərbaycan ordusunun Laçın şəhərində yerləşməsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz hərbi qələbənin bizə verdiyi üstünlüklə qazanılmış növbəti diplomatik uğurdur.

“Heç şübhəsiz ki, bu uğurun memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Çünki hamımıza məlumdur ki, Laçın dəhlizinin alternativ yola keçirilməsi ilə bağlı müvafiq bənd 10 noyabr üçtərəfli bəyanata məhz Ali Baş Komandanın təşəbbüsü və təkidi ilə salınmışdır. Bu gün Azərbaycan Respublikası həmin bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməklə yanaşı, həm də Ermənistan tərəfinin öhdəliklərinin icrasına da nəzarət etməyə davam edir. Çünki Azərbaycanın əsas məqsədi qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət prinsipi əsasında regionda sülh və təhlükəsizliyi təmin etməkdir”.

A.Qurbanova bildirib ki, bu gün ermənilərin bütün təxribat xarakterli çıxışlarının tam əksinə olaraq bizim aydın və qətiyyətli mövqeyimiz dəyişməz olaraq qalır.

“Yeni yol müvəqqəti olaraq rus sülhməramlıların nəzarəti altında ola bilər, amma üçtərəfli bəyanatdan irəli gələn öhdəliklər tam icra olunduqdan sonra sülhməramlıların missiyası bitəcək və Azərbaycan Respublikasının suveren ərazisi olaraq həmin yol üzərində də ordumuzun tam nəzarəti təmin ediləcəkdir”.