Beynəlxalq Valyuta Fondu (BVF) 3 milyard dollarlıq stand-by razılaşmasından sonra Pakistan Mərkəzi Bankına ilk 1,2 milyard dollarlıq krediti yatırıb.
Hafta.az-ın “Geo News” televiziyasında yer alan xəbərə istinadən yazdığına görə, Pakistanın maliyyə naziri İshak Dar, BVF-nin Mərkəzi Banka 1,2 milyard dollar sərmayə qoyduğunu təsdiq edib. O, 3 milyard dollardan qalan 1,8 milyard dollarlıq kreditin 2023-cü ilin noyabrında və 2024-cü ilin fevralında ediləcək qiymətləndirmələrdən sonra yatırılacağını bildirib.
Pakistan son 3 gündə 4,2 milyard dollar maliyyə dəstəyi alıb. Pakistan Səudiyyə Ərəbistanından 2 milyard dollar, dünən isə Birləşmiş Ərəb Əmirliklərindən 1 milyard dollar maliyyə dəstəyi alıb.
BVF Rəhbərlər Şurası dünən Pakistanla iqtisadi sabitləşdirmə proqramını dəstəkləmək üçün 9 ay müddətinə 3 milyard dollarlıq stand-by sazişini təsdiqləyib.
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings BVF ilə razılaşdıqdan sonra Pakistanın xarici valyutada uzunmüddətli kredit reytinqini "CCC-"dən "CCC"ə yüksəldib.
BVF-nin Pakistan missiyasının rəhbəri Nathan Porter iyunun 30-da BVF və Pakistan səlahiyyətlilərinin 9 aylıq 3 milyard dollarlıq stand-by razılaşması barədə razılığa gəldiyini açıqlayıb.
Pakistanın maliyyə naziri İshak Dar, BVF razılaşmasından sonra Twitter səhifəsində "Allaha şükür" mesajını paylaşıb. Baş nazir Şahbaz Şərif isə Tvitter hesabında verdiyi açıqlamada razılaşmanın reallaşmasından məmnunluğunu ifadə edib. Şərif qeyd edib ki, bu saziş Pakistanın valyuta ehtiyatlarını gücləndirəcək, iqtisadi sabitliyi təmin edəcək və ölkəni davamlı iqtisadi artım yoluna çıxaracaq.