Aprelin 29-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dünyanın müxtəlif ölkələrindən aparıcı beyin mərkəzlərinin tanınmış ekspertləri iştirak edirdilər. Tədbirdə çıxış edən və müxtəlif aspektli sualları cavablandıran Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdə bir çox mühüm məqamlarla bağlı dövlətimizin siyasi baxışları, reallıqlara hansı səviyyədə və meyarlar əsasında qiymət verdiyi əksini tapdı. Ən çox diqqəti cəlb edən məqamlardan biri isə Cənubi Qafqaz bölgəsinin siyasi-iqtisadi və beynəlxalq sahələr üzrə gələcək on ildəki durumunun rəsmi Bakının planlarında nə cür təsəvvür olunmasına dair ölkə başçısının açıqlamaları idi.
44 günlük Vətən müharibəsindən Zəfərlə çıxan Azərbaycaın Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratdığı artıq heç kimə sirr deyil. Bunun məntiqi nəticəsi olaraq işğal faktı aradan qaldırıldı, erməni faşizminə ağır zərbə vuruldu, 30 il ərzində münaqişənin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk qrupu, demək olar ki, ləğv edildi.
...Rəsmi Bakının qarşısında yeni hədəf var. Gələcək nəsillərin təhlükəsiz, sabit bir bölgədə qarşılıqlı əməkdaşlığa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmətə əsaslanan sülh şəraitində yaşamını təmin etmək, Azərbaycanın siyasi, iqtisadi, hərbi müstəqilliyini gücləndirmək. Bu hədəflə bağlı Vətən müharibəsindən keçən müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox gərgin diplomatik-siyasi fəaliyyət yürüdülür. Bu fəaliyyətin ilkin nəticələrini görməkdəyik.
Keçmiş Minsk qrupu həmsədrləri, artıq Cənubi Qafqaz üzrə xüsusi nümayəndə adlandırılır, Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın beynəlxalq hüquqa əsaslanan təklif etdiyi 5 prinsip İrəvan tərəfindən qəbul edilib. Ermənistanda iki il əvvəl eşitdiyimiz «Dağlıq Qarabağ Ermənistandır və nöqtə» bəyanatının yerini «Dağlıq Qarabağ Azərbaycan ərazisidir nida» tezisi tutur. Türkiyə irə Ermənistan arasında 30 ildən sonra münasibətlərin normallaşdırılması üçün danışıqlar başlayıb, təbii ki, Azərbaycanın maraqları nəzərə alınmaqla. Prezident İlham Əliyevin təklif etdiyi «3+3» formatında region ölkələrinin qarşılıqlı əməkdaşlıq platformasının qurulması istiqamətində ciddi iş gedir. Regional kommunikasiyaların bərpası və sərhədlərin müəyyənləşdirilməsi istiqamətində İrəvanın bütün təxribat cəhdləri iflasa uğrayıb.
Təbii ki, əldə olunan müsbət nəticələr rəsmi Bakının Cənubi Qafqazın on ildən sonrakı vəziyyəti ilə bağlı açıqladığı məqamların reallaşdırılacağı ümidlərini artırır.
Bununla belə, Azərbaycan rəhbərliyi bu məsələdə ehtiyatlıdır və gözlənilən risklərə, təhdidlərə və çağırışlara daim hazırdır. Bu, dövlət başçısının sözügedən məsələ ilə bağlı çıxışında da əksini tapıb:
«Hesab edirəm ki, postsovet məkanında dünyadakı vəziyyət regional vəziyyətə ciddi şəkildə təsir edəcək. Buna görə də bu proqnozu verəndə biz ağlımızda iki ssenarini tutmalıyıq. Birinci ssenari postsovet məkanı üçün sülh şəraitində gələcəkdir, digər ssenari isə sülh şəraitində olmayan gələcəkdir. Rusiya və Ukrayna arasında indi gedən müharibəni nəzərə alsaq, biz müharibənin nə vaxt bitdiyini və postmüharibə vəziyyətinin nədən ibarət olduğunu bilmirik. Lakin Azərbaycana gəldikdə, hesab edirəm ki, 10 il müddətində, əlbəttə ki, biz qat-qat güclü olacağıq. Mən ümid edirəm ki, o vaxta kimi və bəlkə hətta ondan da əvvəl Ermənistanla olan bütün bu anlaşılmazlıqlar və bu problemlər öz həllini tapacaqdır. Cənubi Qafqaz regionu möhkəm şəkildə inteqrasiya edəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaqdır. Bunun üçün imkanlar mövcuddur».
Bəli, artıq Azərbaycan keçmiş illərdə regional sülh və satibliyə, beynəlxalq təhlükəsizliyin təmininə töhfə verən bir çox mühüm layihələrə imza atıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Qars, Şimal-Cənub, Şərq-Qərb layihələri Ermənistan istisna olmaqla, Azərbaycan, Türkiyə və Gürcüstanın regional əməkdaşlığının bəhrəsidir. Bu layihələrin əsas təşəbbüskarının Azərbaycanın siyasi rəhbərliyi, iqtisadi lokomativinin isə dövlətimiz olması heç kimə sirr deyil.
Prezident bu məsələdə Azərbaycanın miüharibədən yeni çıxan ölkə olmasına baxmayaraq, bu ilin 3 aylıq göstəricilərinə xüsusi diqqət çəkir. 2022-ci ilin üç ayında Azərbaycan iqtisadiyyatı 7 faiz, ixrac 90 faizdən çox artıb. O cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım qeydə alınıb.
Bu rəqəmlər o anlama gəlir ki, Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq nüfuzu Ermənistanla əməkdaşlıq qurulmadan da reallaşır.
Təbii ki, bölgədə sülhün və sabitliyin əldə olunması təktərəfli təşəbbüslərlə mümkün deyil. Münaqişənin iki tərəfi olduğu üçün qarşı tərəfin də Azərbaycanın bu təşəbbüslərinə eyni dərəcədə adekvat cavab verməsi əsas şərtdir. Dövlət başçısının da vurğuladığı kimi:
«Bu, əlbəttə ki, Ermənistandakı gündəmdən, orada nə baş verəcəyindən, Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından, yəni, onların icra olunub-olunmayacağından asılı olacaqdır. Lakin hesab edirəm ki, siyasi nöqteyi-nəzərdən tərkib tamamilə yeni olmalıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Çünki biz artıq yeni nəqliyyat xəritəsini yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə yeni mənzərədir».
Dövlət başçısının açıqladığı digər mühüm məqam gələcəkdə regional əməkdaşlığın tək «3+3» formatı ilə yekunlaşdırılmamasıdır. Artıq bu platformanın növbəti mərhələdə «3+5» və ya «6+5» formatında genişləndirilməsidir. Söhbət Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın genişləndirilməsindən gedir. Prezidentin çıxışından sitat:
«Düşünürəm ki, bundan əvvəl bəlkə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha çox qarşılıqlı əlaqələr ola bilər. Bu gün bu, baş vermir, bu, bir az qeyri-müntəzəm xarakter daşıyır və bu, əsasən, Azərbaycan üzərindən, bizim infrastruktur müəssisələrimiz üzərindən baş verir. Lakin hesab edirəm ki, Azərbaycanın Xəzər dənizinin sahilində yerləşən bir dövlət, Cənubi Qafqazın bir dövləti kimi bu formatda xüsusi rolu var və bu, baş verə bilər. Beləliklə, bu, bizim planlarımızdır. Adətən bizim planlar rəsmən elan edildikdə icra olunur. İndi dediklərim mənim düşüncələrimdir. Mən bunu rəsmi gündəliyin bir hissəsinə hələ də çevirməmişəm. Biz bunun üzərində işləyirik. Hesab edirəm ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin öz aralarında apardığı siyasi məsləhətləşmələrə qoşulmaq üçün böyük potensialı var. Bilirsiniz ki, beş ölkə formatı var. Bizim bu ölkələrlə və ölkələrin xalqları ilə çox yaxın tarixi əlaqələrimiz və ənənəvi münasibətlərimiz var. Əlavə olaraq, Xəzər dənizi mədəniyyətlər və iqtisadiyyatlar arasında daha böyük körpü rolunu oynamalıdır. Ermənistan bu prosesdə iştirak edəcəkmi? Bilmirəm. Düşünürəm ki, onlar iştirak etsələr hamı üçün yaxşı olar. Bunun üçün imkan var. Bizim təklif etdiyimiz Zəngəzur dəhlizi adlandırılan dəhliz onların ərazisindən keçəcək. Əminəm ki, keçəcək, lakin onlar yenə də vaxt itirirlər. Çünki biz artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikirik və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra. Beləliklə, onlar bu prosesdə iştirak etməsələr, onda onlardan dolayı yollarla keçəcəyik».
Əslində, hələlik hədəf olaraq tam açıqlanmasa da, bu ideyanın da reallığa çevrilmək şansları böyükdür. Bu gün Avropaya yeni çıxış imkanları arayan Çinlə Azərbaycan arasında çox yaxşı qarşılıqlı əməkdaşlıq, siyasi və iqtisadi münasibətlər mövcuddur. Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropa İttifaqı ilə rəsmi Bakı arasında qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlandığını söyləyə bilərik. Artıq iki tərəf arasında münasibətlərə dair yeni Saziş üzərində işlər yekunlaşmaq üzrədir. Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan və Türkiyənin çox sıx münasibətləri var.
Bundan əlavə, Azərbaycan Şərq-Qərb dəhlizinin inkişafı ilə bağlı bu gün ən müasir tankerlərin istehsalı ilə məşğuldur. Limanlar artan yük daşımalarını qarşılamaq üçün genişləndirilir, infrastruktur sürətlə reallaşdırılır. Təbii ki, bu məsələdə müsbət irəliləyişlərin əldə olunması üçün təktərəfli yox, bütün tərəflərin eyni hədəfə yönəlməsi zəruridir.
Beləliklə, Azərbaycan Cənubi Qafqaz regionunda hansı proseslərin baş verməsindən asılı olmayaraq, növbəti 10 ildə yenə də iqtisadiyyatı, hərbi gücü, siyasi çəkisi, beynəlxalq nüfuzu baxımından əsas söz sahibi olaraq qalacaq. Rəsmi Bakının yaratdığı yeni reallıqlardan, imkanlardan yararlanıb-yararlanmamaq seçimi isə qarşı tərəfin siyasi iradəsindən və beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyü və suerenliyə qarşılıqlı hörmət, sərhədlərin tez bir zamanda müəyyənləşdirilməsi üçün qəti ərarlar verməsindən asılıdır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, «Biz sərvət və sabitlik yaradıcısıyıq». Azərbaycan dövlət olaraq həm sərvətini, həm də qurub yaratdıqlarını müdafiə etmək gücündədir. Bu indi də belədir. On il sonra da belə olacaq.