İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər.
Hafta.az-ın yazdığına görə, Azərbaycanın xarici işlər naziri əvvəlcə iranlı həmkarının tibbi vəziyyəti ilə maraqlanıb, onun tezliklə sağalmasını arzu etdiyini bildirib. Əmir Abdullahian İranla Azərbaycan arasında qardaşlıq və yaxın əlaqələri xatırladaraq qeyd edib ki, son aylar bəzi anlaşılmazlıqların qarşıya çıxdığı şəraitdə, iki ölkə arasında yaxşı münasibətləri sevməyən tərəflər fəallaşıb, amma iki ölkə rəsmilərinin müdrikliyi sayəsində artıq bu arxada qalıb. "İndi biz iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində irəliləyə bilərik", – deyə iranlı nazir vurğulayıb.
C.Bayramov da öz növbəsində iki ölkə arasında anlaşılmazlıqdan başqalarının istifadə etməsinə imkan verilməməsinin lazım olduğunu bildirərək, hər hansı anlaşılmazlığın dostluq və qardaşlıq mühitində həll edilməli olduğunu, Azərbaycanın hərtərəfli əlaqələri genişləndirmək istədiyini deyib.
Nazirlərin telefon söhbətində ikitərəfli ticarət əlaqələri və iki ölkənin Birgə İqtisadi Komissiyasında nümayəndənin təyin edilməsi kimi məsələlər də müzakirə olunub. Əmir Abdullahian həmçinin qeyd edib ki, İran regional formatları, o cümlədən 3+3 formatını qətiyyətlə dəstəkləyir və regional problemlərin regiondaxili mexanizmlər vasitəsilə həll oluna biləcəyinə inanır.