Çin narahatdır: Filippin öz ərazisində ABŞ-a daha 4 hərbi baza verdi

14:10 04.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Filippin hökuməti ABŞ hərbçilərinin yerləşməsi üçün ölkədə 4 hərbi bazanın yerini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Filippin Prezidentinin Kommunikasiya Ofisi bazar ertəsi bildirib ki, Caqayan əyalətinin Santa Ana rayonunda donanma bazası, Lal-lo şəhərində hava limanı, İzabela əyalətindəki hərbi düşərgə və Balabak adasındakı aviabaza ABŞ hərbçilərinin istifadəsinə verilib.

Caqayan əyalətindəki Santa Anadakı donanma bazasının Tayvana 400 kilometr, Balabac adasındakı aviabazanın isə Cənubi Çin dənizinə yaxın olması Çin tərəfindən narahatlıqla qarşılanıb.

Filippin və ABŞ 2014-cü ildə Çinin Cənubi Çin dənizi və Tayvan ətrafında fəallığının artması ilə əlaqədar Gücləndirilmiş Müdafiə Əməkdaşlıq Sazişi (EDCA) imzalayıb. Hazırda EDCA çərçivəsində ABŞ Filippindəki 5 bazaya girişi təmin edib. Bununla belə, Filippinin ABŞ-a daha 4 baza açmaqla bağlı icazə verib. Bununla da ABŞ Filippin ərazisində Çinə qarşı ümumilikdə 9 bazadan istifadə edəcək.

Sözügedən razılaşmaya əsasən, ABŞ bazalara müdafiə avadanlığı yerləşdirmək hüququna malikdir.