Çində tapılan 1300 illik məzar alimləri heyrətləndirdi

09:41 29.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çində tapılan təxminən 1300 illik məzarın içindəkilər elm adamlarını heyrətə gətirib. Tədqiqatçılar Tan sülaləsi dövrünə aid məzarın divarlarında sarışın bir insanın təsvir olunduğu divar rəsmini görəcəklərini gözləmirdilər.

Hafta.az-ın “New York Post”a istinadən yazdığına görə, arxeoloqlar Çinin şimalındakı Şansi əyalətinin mərkəzi Tayiuan yaxınlığındakı dağda kiçik bir məzar tapıblar. Şansi Əyaləti Arxeologiya İnstitutu bu kəşfi 2018-ci ildə etsə də, onun məzmunu yaxın vaxtlara qədər açıqlanmırdı.

Sinxua-nın məlumatına görə, türbə 618-907-ci illərdə hökm sürən Tan sülaləsi dövründə tikilib.

Qəbirüstü yazıya görə bu yerin sahibi 736-cı ildə vəfat edib. 63 yaşında öldüyü güman edilən bu adam elə həmin il dünyasını dəyişən həyat yoldaşı ilə birlikdə dəfn edilib.

Döşəmədən başqa hər yeri divar rəsmləri ilə örtülmüş tikilidəki rəsmlərdə gündəlik işləri görən insanlar təsvir edilib.

Çinli arxeoloqlar bu əsərlərin güclü konturları, sadə kölgələri və ikiölçülü dizaynları ilə eyni dövrə aid digər rəsmlərdən fərqləndiyini deyirlər.

Divar şəkillərində ən çox görünən iki nəfərin məzarda yatan ər və arvad olduğu düşünülür.

Türbənin divarlarını əhatə edən rəsmlərdən ən maraqlısı əlində qutu tutan qadın və onun arxasında sarışın bir kişi təsvir edilib. Əlində qamçı tutan bu adamın yanında üç at və bir dəvə dayanır. Tədqiqatçılar bu “Qərb” fiqurunun İpək Yolu üzərindən başqa ölkələrlə əlaqənin göstəricisi olduğunu düşünürlər.

Araşdırmada iştirak etməyən Qərbi Miçiqan Universitetinin Tarix Departamentindən Dr. Viktor Xionq “Üz cizgilərindən və geyim tərzindən deyə bilərik ki, o, ola bilsin ki, Orta Asiyadan olan Soqdidir” deyib.

İndiki Tacikistan və Özbəkistanda yaşayan soqd xalqı İpək Yolu ticarət yolları boyunca fəal idi.

Türbənin günbəzvari tavanını 4-ə bölən rəsmlər digər əsərlərdən bir qədər fərqlənir. Bəzi canlıları təsvir edən bu rəsmlərdən birində əjdaha görünür.

Digər əsərlərdə isə məzarın sahibi hesab edilən insanların odun doğraması, düyü əriştəsi hazırlaması və ya su daşıması təsvir edilir. 63 yaşında dünyasını dəyişən kişi şəkildəki ilana yaxınlaşır.

Bəzi əsərlərdə yalnız ağaclar, çiçəklər, dağlar görünür.

Dr. Xionq qeyd edir ki, divar rəsmlərinin bir çoxu Tan sülaləsi dövründə gündəlik işlərin "əvvəllər görülməmiş" təsvirini təqdim edir.