Çindəki ultra zəngin ailələr öz sərvətlərini Pekin administrasiyasından qorumaq üçün Sinqapura qaçırlar.
Hafta.az-ın "Japan Times"ə istinadən yazdığına görə, Sinqapurda məskunlaşan varlı ailələrin "Rolls Royce" və "Bentley" kimi dəbdəbəli avtomobillər sürdükləri və elitist qolf klublarında vaxt keçirdikləri deyilir.
Əcnəbilərdən illik 670 min dollar üzvlük haqqı tələb edən Sentosa Qolf Klubunun meneceri Benni Teo kluba gələnlərin əksəriyyətinin xüsusi modelyerlərin paltarlarını geyinən çinli gənclər olduğunu bildirib.
Köçürülmə prosesləri ilə bağlı xidmətlər göstərən AIMS-in baş direktoru Pearce Çeng, "Onların pulu necə xərclədiklərini təsəvvür edə bilməzsiniz. Bu, dəlilikdir" deyib. Çeng bildirib ki, müştərilərindən birinin dəvətilə iştirak etdiyi ziyafətdə qonaqlara təxminən 800 min dollar dəyərində "Yamazaki 55" viskisi təklif olunub.
Anonim çinli mühasib deyib ki, Sinqapura köçmək ailə sərvətinin təhlükəsiz olmasını və bir neçə nəsil davam etməsini təmin etmək deməkdir.
Aktivlərini idarə etmək üçün Sinqapura köçən zənginlərin qurduğu “ailə ofislərinin” sayı rəsmi rəqəmlərə görə 2021-ci ildə 700-ə yüksəlib. Hansı ki, 2020-ci ildə bu rəqəm 400-ə yaxın olub. Ölkənin qabaqcıl hüquq firmalarından olan Dentons Rodyk-in direktorlarından Loh Kia Meng bu rəqəmin ilin sonuna kimi 1500-ə yüksələ biləcəyini ifadə edərək, “Yeni açılan hər iki ailə ofisindən biri məhz Çindən gələn insanlar tərəfindən qurulacaq" deyib.
Sinqapurdakı CIMB Private Banking-dən Sonq Senq Vun iddia edib ki, ölkə ultra varlıların bizneslə məşğul olması üçün “çox faydalı bitərəf zonadır”. Hesabatda həmçinin qeyd olunub ki, ölkədə vergi dərəcələri nisbətən aşağıdır və əhalinin əksəriyyətini Çin əsilli insanlar təşkil edir.
Bu arada, Sinqapurun ABŞ-la yaxşı münasibətlər saxlamaqla yanaşı, Çinlə güclü ticarət əlaqələrinə malikdir. Xəbərdə məşhur e-ticarət saytı Alibaba-nın qurucusu Cek Manın maliyyə şirkəti Ant Group-un IPO-nun 2020-ci ildə Pekin rəhbərliyi tərəfindən bloklandığı da xatırladılıb. Nəticədə Ma təxminən 25 milyard dollar zərər çəkib. Həmçinin, bu addımın Manın Çin prezidenti Si Cinpinin administrasiyasını tənqid etməsindən sonra atıldığı iddia edilib. Bundan əlavə, Alibaba 2021-ci ildə inhisarçılıq və rəqabət qanunlarına əməl etmədiyi üçün 2,8 milyard dollar cərimələnib.