Con Kennedinin qardaşı oğlu ABŞ prezidenti olmaq istəyir

09:30 07.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu vəkil Robert F.Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmağa hazırlaşır.

Hafta.az-ın yazdığına görə, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı, keçmiş ədliyyə naziri və prezidentliyə namizəd Robert Kennedinin 69 yaşlı oğlu Robert F.Kennedi Demokratlar Partiyasından prezident seçkilərində namizəd olmaq üçün Federal Seçki Komissiyasına lazımi sənədləri təqdim edib.

Ətraf mühit üzrə hüquqşünas və peyvənd əleyhinə çıxışları ilə tanınan Kennedinin aprelin 19-da namizədliyini rəsmən elan edəcəyi gözlənilir.

Kennedi prezidentliyə namizədliyini hələlik elan etməyən, lakin "etmək niyyətində olduğunu" bəyan edən hazırkı demokrat prezident Co Baydenin ikinci partiya rəqibidir.

Məşhur yazıçı Marianna Villiamson Demokratlar Partiyasından namizədliyini rəsmən elan edən ilk şəxs olub.

Məlumat üçün deyək ki, namizədliyini elan etmiş Respublikaçılar Partiyasından olan adlar arasında keçmiş prezident Donald Tramp, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, siyasətçi Stiv Laffi, gənc multimilyonçu Vivek Ramasvami və iş adamı Perri Conson da var.