COP29-a ən yüksək səviyyədə ev sahibliyi edəcəyik - Mahir Abbaszadə

14:44 16.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qərbin, Avropanın qərəzli, absurd iddialarla regiona müdaxilə cəhdləri davam edir. Bölgə üzərində  maraqlarını təmin etməyə çalışan  müəyyən xarici güclər məqsədləri naminə erməni maşası ilə bölgəni qarışdırır. Milli Məclisin deputatı Mahir Abbaszadə ilə bu istiqamətdə bir çox məqamlara aydınlıq gətirdik.

-30 ildən sonra Laçın ilk dəfədir ki, doğma sakinləri ilə yazın gəlişini qeyd edir. Laçında bərpa, məskunlaşma prosesi hansı mərhələdədir, Laçına yeni köç olacaqmı?

- II Qarabağ müharibəsində qələbə əldə etdikdən sonra Laçın rayonunun şəhər mərkəzi və kəndlərində yazın gəlişinə xüsusi hazırlıq gedir. Belə ki, bu gün Laçın rayonunun mərkəzində 400-dən artıq, Zabux kəndində 210-dan artıq ailə məskunlaşıb. Eyni zamanda, Laçın rayonunun Güləbird, Şəlvə, Qorçu kəndlərində artıq söküntü, quruculuq işləri başlayıb, hava limanının tikintisi sürətlə həyata keçirilir. Laçında kommunikasiya və təminat yollarının çəkilişi ən yüksək səviyyədə aparılır. Laçının “Zerti” deyilən ərazisində sənaye müəssisələrinin inkişafı sürətlə davam etdirilir. Artıq bəzi müəssisələr fəaliyyətə başlayıb, şəhərə köçürülmüş əhalinin sosial, iş təminatı uğurla həyata keçirilir. Laçın şəhərinin mərkəzində 2 nömrəli tam orta məktəb və Zabux kəndindəki orta məktəb yüksək səviyyədə fəaliyyət göstərməkdədir. Bütün bunlar onu göstərir ki, qayıdış prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə həyata keçirilməkdədir. 2024-cü il ərzində həm Laçın şəhər mərkəzinə, həm də kəndlərinə qayıdış prosesinin davam edəcəyi gözlənilir. Beləliklə, ölkə rəhbərinin qarşıya  qoyduğu məqsədlərə tam nail ola biləcəyik.

Təbii ki, yazın gəlişi bu ərazilərdə xüsusilə diqqət çəkir. Təbiət burada daha müxtəlif, daha füsünkardır.

- Ötən il aprelin 23-dən Fransanın, ABŞ-ın “rahatlığını pozan” Laçın sərhəd-buraxılış məntəqəsi bu günə qədər həmin qüvvələrin Azərbayacana qarşı davam edən qərəzli çıxışları, ittihamları ilə üzləşir. Bu mövqe niyə dəyişmir?

- Fransa və ABŞ nümayəndə heyətləri Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsini guya Qarabağda yaşayan erməniləri blokadada saxlamaq niyyəti ilə qurduğunu iddia edirdi. Hətta “humanitar yardım” adlandırdıqları tırlarla dolu yüklərin Xankəndi ermənilərinə çatdırılmasına manelər yaradılmasına görə Azərbaycanı qınayır, qərəzli fikirlər bildirirdilər.

Hazırda o yol  tamamilə açıqdır, İstənilən şəxs sərbəst şəkildə o yoldan istifadə edərək Qarabağa gedib-gələ bilər. Onu da qeyd edim ki, Qırmızı Kaç Komitəsinin üzvləri Qarabağda qalan etnik ermənilərin həyat şəraitini yoxlamaq üçün tez-tez bu yoldan istifadə edirlər. Eyni zamanda Qarabağda fəaliyyət götərən Rusiya sülhməramlı qüvvələri buraxılış məntəqəsindən keçərək Ermənistana, oradan isə geriyə qayıdışlarını təmin edə bilirlər.

Həmin qüvvələrin məqsədləri  Azərbaycana qarşı təzyiq göstərmək, öz şərtlərini qəbul etdirmək, məkirli məqsədlərini həyata keçirməkdir. Amma Ermənistan və havadarları, konkret olaraq Amerika, Fransa başa düşməlidir ki, bütün bu bəhanələri keçərsizdir. Çünki Azərbaycan ərazi bütövlüyünü tam təmin edib, regionda və dünyada öz müstəqil siyasətini davam etdirməkdədir.

-Avropanın, Qərbin Azərbaycana qarşı qərəzli qərarlarından, iddialarından həvəslənən Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı sərgilənən mövqeyi ortadadır...

-II Qarabağ savaşında əldə etdiyimiz zəfərdən sonra 10 noyabr bəyanatına görə Ermənistan Azərbaycanla bütün kommunikasiyaların açılmasını təmin edəcəyi barədə öhdəlik götürüb. Bu o deməkdir ki, münaqişədən öncə, yəni 1988-ci ilə qədər hansı kommuniksiya xəttləri fəaliyyət göstəribsə, onların bərpası həyata keçirilməlidir. Bunun içərisində Azərbaycanın Zəngilan rayonundan keçərək Meqriyə, oradan Naçıvana keçən dəmir yolu xətti də var. Bu, Zəngəzur dəhlizi adlanır. Ermənistan götürdüyü öhdəliyi yerinə yetirməlidir. Amma 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməmək üçün min bir bəhanələr gətirir, dəhlizin açılmasını ləngidirlər. Gətirilən bəhanələr isə ciddi arqument deyil.  Zəngəzur dəhlizinin açılmamasının əsas səbəbi havadarlarının Ermənistana verdiyi dəstəklə bağlıdır. Maraqlı qüvvələr Ermənistanı silahlandırmaq, onu güclü göstərmək və beləliklə dəhlizin açılmasına mane olmaq üçün əllərindən gələni edirlər. Bu, eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına maneə olmaq məqsədi daşıyır. Bu dövlətlər üzdə münasibətlərin normallaşmasından danışsalar da, əslində həyata keçirdikləri siyasət, işlər Ermənisan -Azərbaycan münasibətlərinin normallaşmasını, Zəngəzur dəhlizinin açılmasını ləngidən, əngəlləyən əsas səbəblərdəndir.

-Bu gün Ermənistanda separatçı rejimin aktivləşməsində hansı maraqların təsiri var və region üçün hansı təhlükəni yaradır?

-Separatçı rejimin qalıqlarının aktivləşməsi göstərir ki, Ermənistan 44 günlük müharibə və antiterror tədbirlərindən hələ də nəticə çıxarmayıb. Bu onu göstərir ki, Ermənistan regionda vəziyyəti hərbi yolla  dəyişəcəyinə ümid edir. Digər bir tərəfdən qeyd etmək lazımdır ki, bu təkcə Ermənistanın fikri deyil. Onu silahlandıran, vədlər verən qüvvələr separatizmin inkişaf etməsində maraqlıdırlar. Təbii ki, separatçı meyillərin gücləndirilməsi gələcək perspektiv üçün müsbət mənada heç nə ifadə etmir. Biz hesab edirik ki, bölgədə sülhün alternativi yoxdur. Amma Ermənistanı silahlandırma, separatçı meyillərin gücləndirilməsi göstərir ki, Ermənistanı gələcəkdə Azərbaycanla qarşı-qarşıya gətirmək üçün ciddi işlər aparılmaqdadır.

-Fransa, ABŞ-ın Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı yalançı iddiaları hansı nəticəyə köklənib?

- Çox təəssüflər olsun ki, Cənubi Qafqazın bu yollarla diqqət mərkəzdə saxlanılması bölgədə vəziyyətin olduqca gərginləşməsinə səbəb ola bilər. Çünki həm ABŞ, həm Fransa Ermənistanı bu məsələlərdə aqressiv davranışa təhrik edir, bir tərəfdən Ermənistan hökumətini silahlandırır, başqa bir tərəfdən isə guya Qarabağdan köçən ermənilərin hüquq və bərabərliyini qorumaq üçün bu  prosesi diqqət mərkəzində saxlayırlar. Əgər diqqət sülhün icra olunmasına yönəlsəydi, biz müsbət nəticə gözləyə bilərdik. Amma ABŞ və Fransanın bu addımları göstərir ki, onlar burada sülhə doğru atılan addımları əngəlləmək və Cənubi Qafqazda gərginlik yaratmaq niyyətini güdürlər.

-Azərbaycana qarşı yönələn qərəzli ittihamlar fonunda COP29 konfransı Azərbaycanda keçiriləcək...

-Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, COP29 tədbiri bir daha dünyada Azərbaycanın artan nüfuzunun göstəricisidir. Məlumdur ki, Dubayda bu məsələ müzakirə olunan zaman Azərbaycanın böyük səsçoxluğu ilə konfransa evsahibliyi etməsi barədə qərar qəbul olundu. COP29 o ölkələrdə keçirilə bilər ki, orada siyasi etimad, ciddi təhlükəsizlik, sülh və siyasi sabitlik var. Əgər COP29-un Azərbaycanda keçirilməsi qərarı verilibsə, deməli ölkəmiz bu kriteriyaların hamısına cavab verir.

Azərbaycan dövləti, başda Prezident olmaqla bu etimadı öz fəaliyyəti ilə qazana bilib. Biz cənab Prezidentin rəhbərliyi ilə iqtisadi, siyasi, mədəni  və digər sahələrdə islahatlar aparıb ölkəmizdə davamlı təhlükəsizlik və sülhü təmin edə bilmişik. Siyasi sabitlik, xalq-iqtidar birliyi ən yüksək səviyyədədir. Bütün bunlar göstərir  ki, Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir. Təbii ki, Ermənistan və ona havadarlıq edən qüvvələr, Azərbaycanda COP29 konfransının təhlükəli şəraitdə keçirilməsi ilə bağlı ciddi işlər aparmaqdadır. Amma bütün bunlara Azərbaycan dövləti və hökuməti güclü şəkildə sinə gərməkdədir. Biz COP29 konfransına da ən yüksək səviyyədə ev sahibliyi edəcəyik.