COP29 ən yüksək tələblərə cavab verəcək şəkildə təşkil olundu - Elşad Mirbəşir

15:30 25.11.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ölkəmiz olduqca əhəmiyyətli bir tədbirə ev sahibliyi etdi. COP29 ən yüksək tələblərə cavab verəcək şəkildə təşkil olundu. Digər mötbər tədbirlər kimi, Azərbaycanın ev sahibliyi etdiyi bu konfrans öz işini uğurla başa vurdu. Biz konfransın uğurlu nəticələrinin göstəricilərini növbəti zaman mərhələlərində daha aydın şəkildə müşahidə edəcəyik”.

Bunu hafta.az-a professor Elşad Mirbəşir COP29 konfransı və nəticləri ilə bağlı açıqlamasında bildirib.

E.Mirbəşir COP29 konfransı çərçivəsində olduqca vacib müzakirələrin aparıldığını, mühüm qərarların qəbul olunduğunu qeyd edib.

“Ən əhəmiyyətli qərar ondan ibarət oldu ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri üzrə mübarizə istiqamətində daha böyük maliyyə ayıracaqlar. Nəzərə almaq lazımdır ki, iqlim dəyişmələri nəticəsində zərərin aradan qaldırılması məqsədi ilə fondun yaradılması haqqında qərar hələ COP27 çərçivəsində verilmişdi. COP28 çərçivəsində isə artıq fondun fəaliyyətə başlaması haqqında qərar qəbul edilmişdi və inkişaf etməkdə olan ölkələrə hər il 100 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulurdu. COP29 çərçivəsində aparılan müzakirələr nəticəsində Azərbaycan hər il olmaqla bu rəqəmin 2035-ci ilə qədər 300 milyard dollar civarında müəyyənləşməsinə töhfə verə bildi. Yəni 2035-ci ildən sonrakı mərhələdə bu rəqəmin daha böyük məbləğdə müəyənləşəcəyi gözləniləndir”.

Professor eyni zamanda hesab edir ki, COP29 iqlim dəyişmələri istiqamətində yeni bir mərhələnin başlanğıcını şərtləndirdi. O, bu mərhələdə bəşəriyyət üçün çox ciddi təhlükə yaradan iqlim dəyişmələrinə qarşı mübarizənin daha effektiv nəticələr verəcəyini qeyd edib. Professor müvafiq olaraq Paris sazişinin 6-cı maddəsi üzrə tam razılaşmanın əldə olunması bütövlükdə inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələri ilə mübarizədə daha yaxından dəstəyin göstərilməsi və ümumbəşəri təhlükəsizliyin təmin olunması istiqamətində çox təsirli rol oynayacağını önə çəkib.

“Azərbaycan kiçik ada dölətlərinin hüquqlarının qorunması, Prezidentin də səsləndirdiyi kimi, onlara qarşı ədalətsiz davranışların qarşısının alınması istiqamətində də hər zaman fəallıq göstərir. COP29-da belə ölkələrə əlavə dəstək imkanlarının yaradılması Azərbaycanın dünyaya vermiş olduğu böyük töhfədir. Nəzərə almaq lazımdır ki, bu gün beynəlxalq təhlükəsizliyə bir sıra təhdidlər mövcuddur. Beynəlxalq terrorizm, ayrı-ayrı coğrafiyalarda mövcud olan aktiv silahlı münaqişələrlə yanaşı iqlim dəyişmələri beynəlxalq təhlükəsizliyə çox ciddi təhdid yaratmaqdadır. Ona görə də iqlim dəyişmələri ilə mübarizədə məsuliyyət tək bir dövlətə, dövlətlər qrupuna deyil, bütün dünya ölkələrinə aiddir. COP29 çərçivəsində rəsmi Bakının nail olduğu əsas nəticələrdən biri də ondan ibarət oldu ki, bütün dünya ölkələri öz məsuliyyətlərini dərk etsinlər. İnkişaf etmiş ölkələrin artıq 2025-ci ildən başlayaraq 100 milyard deyil, 300 milyard civarında vəsaitin inkişaf etməkdə olan ölkələrə yönləndirilməsi ilə bağlı qərarın qəbul olunması bunu bir daha aydın təsdiq etmiş olur”.
E.Mirbəşir eyni zamanda qeyd edib ki, COP29 konfransı çərçivəsində verilmiş qərarlar, aparılan müzakirərlə bir neçə istiqamətdə öz töhfəsini verəcək. Onun fikrincə, ən böyük töhfə ondan ibarət olacaq ki, artıq dünya dövlətləri daha mütəşəkkil, koordinasiya olunmuş şəkildə iqlim dəyişmələri ilə mübarizədə iştirak edəcəklər. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə yaşıl enerji sahəsinin inkişafına ciddi dəstək göstəriləcək. Bu da sözügedən istiqamətdə dünyada vəziyyətin stabilləşməsinə gətirib çıxaracaq. Eyni zamanda iqlim dəyişmələri ilə mübarizə istiqamətində yeni əməkdaşlıq imkanlarının formalaşdırılması, bütövlükdə dövlətlər arasında konstruktiv dialoqu gücləndirəcəkdir. Bu da bütövlükdə dünyanın rifahı, inkişafı, təhlükəsizliyini təmin olunması üçün vacib nəticələr vəd edir”.