44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradan Azərbaycan bu bölgənin mərkəzi böyük gücünə çevrildikcə, ona qarşı yönələn təsir və təzyiqlər də artıb. Bəzi xarici qruplar noyabr ayında Bakıda keçiriləcək beynəlxalq miqyaslı COP29 konfransından istifadə edərək sosial mediada Azərbaycana qarşı kampaniya keçirirlər. “Vardanyana və Arsaxa azadlıq”dan tutmuş, “siyasi məhbus” və sair mövzulara qədər paylaşımlar edilir. Kimlərsə bu kampaniya ilə işğalçı Ermənistanı, erməni cinayətkarlarını haqlı çıxarmaq üçün çapalayır.
Professor Elşad Mirbəşir COP29 konfransı ərəfəsində sosial şəbəkələr üzərindən Azərbaycana qarşı yönələn bu cür təxribatları növbəti uğursuz cəhd adlandırıb. Onun sözlərinə görə, bu təxribatların arxasında dünya erməniləri dayanır və bu, bütün istiqamətlərdə Azərbaycanın nüfuzuna xələl gətirmək, gələcək uğurlarının qarşısını almaq üçün edilən cəhdlərdir.
E.Mirbəşir qeyd edir ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edəndən sonra ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdləri sistemli xarakter alıb.
Ermənistan və onun havadarları güclü Azərbaycanı həzm edə bilmir. COP29-un Azərbaycanın gücünə güc qatacağını, siyasi təsir imkanlarını artıracağını, dostlarının əhatəsini genişləndirəcəyini bilirlər.
“Həmin qüvvələr Azərbaycanda həbsdə olan erməni separatçılarının hüquqlarını müdafiə etmək adı ilə məsələni qabartmağa, müxtəlif amillər üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq imkanlarını işə salmağa çalışırlar. Azərbaycan kifayət qədər güclü mövqelərə və müxtəlif xarakterli təxribatların qarşısını almağa qadirdir. Ermənistan və havadarları COP29 ərəfəsində apardıqları informasiya təxribatlarında da uğursuzluğa düçar olacaqlar”.
E.Mirbəşir Azərbaycanın COP 29 konfransına ev sahibliyi etməsini olduqca əlamətdar hadisə kimi səciyyələndirir:
“Azərbaycan buna qədər də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizin yüksək təhlükəsizlik mühiti, sahib olduğu unikal infrastruktur ən yüksək tələblərə cavab verə biləcək mötəbər beynəlxalq tədbirlərin keçirilməsinə imkan verir. COP29-un Azərbaycanda keçirilməsi qərarı həm ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində olduqca yüksək nüfuza sahib olduğunu, həm də digər istiqamətlər üzrə yüksək potensialının göstəricisidir. Bu, zərbaycanın dünyaya yenidən təqdim olunması baxımından əhəmiyyətlidir, həm də gələcəkdə rolunu daha da artıracaqdır. Azərbaycan yaşıl enerji sektorunun inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atmaqdadır və ciddi hədəflərə sahibdir. Azərbaycan bərpa olunan enerji mənbələrinin yaradılması üçün vəsaitin cəlb olunmasında və bu istiqamətdə beynəlxalq əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Əminəm ki, COP29 konfransında bu istiqamətdə müzakirələr aparılacaq və Azərbaycan yaşıl enerji sahəsinin inkişafında ciddi beynəlxalq dəstək alacaq. Bu da o anlama gələcəkdir ki, Azərbaycan gələcəkdə enerji bazarında öz yerini və rolunu daha da möhkəmləndirəcək. Bu, Azərbaycan iqtisadiyyatının güclənməsi, siyasi mövqelərinin möhkəmlənməsi deməkdir. Bütün bunlar kənardan da müşahidə edilir və qısqanclıqla qarşılanır”.
Politoloq Natiq Miri bildirir ki, COP29 sammiti öncəsi Azərbaycana qarşı düşünüln təzyiq mexanizmi yaranıb. Onun sözlərinə görə, bu prosesin başında dolayısı ilə Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Okanto dayanıb. Bu, onun ideyası kimi ortalığa atılsa da, arxasında erməni lobbisinin çirkli maliyyəsi ilə fəaliyyət göstərən konkret şəbəkələr dayanır.
“Bu şəbəkələr ABŞ, Fransa kimi ölkələrdə daha aktivdirlər. Onlara züy tutanlar Ermənistanda da mövcuddur. Həm Qarabağ separatçıları, həm də revanşist qüvvələr arasında bu cür cılız adamlar mövcuddur. Belə bir kampaniya ilə guya Azərbaycana təzyiq göstərib, qorxudub cinayət törətmiş, 30 il ərzində torpaqlarımızı işğal edən, insanlarımızı öldürən, zülmlər verən separatçıları və onların başçılarının həbsdən azad edilməsinə nail olacaqlar. Bu məsələnin ətrafında Vardanyanın maliyyəsinə tabe olan kriminal şəbəkələr də mövcuddur . Ona görə də COP29-dan istifadə edərək Azərbaycanı dünya səviyyəsində təkləmək və bu kontekstdə ölkəmizi iddialarını yerinə yetirmək məcburiyyəti qarşısında qoymaq istəyirlər”.
N.Miri belə cəhdlərin mənasız olduğunu bəyan edib. Onun fikrincə, Azərbaycanda həbsdə olan işğalçı Ermənistan ordusuna məxsus məhbuslar ciddi faktlar əsasında məhkəmədə ittiham olunub, konkret cəzalarını alıblar.
“Burada hansısa “siyasi əsir”dən söhbət gedə bilməz. Ortada faktlar, haqq, hüquq var. Azərbaycan da bir dövlət olaraq öz təhlükəsizliyini təmin etmək üçün hüquqi proseduru ortaya qoyub. Ona görə də bu məsələyə heç bir dövlət qarışa bilməz. Separatçıların, onların quldur başçılarının həbsdən azad olunması iddiası açıq şəkildə Azərbaycan dövləti və cəmiyyətinə qarşı cinayət xarakteri daşıyır. Bunun üçün yüzlərlə dəlil, faktlar var. Bu erməni məhbusların əlləri ilə öldürülən minlərlə insan, evlərindən didərgin salınan ailələr var. Ona görə də heç bir sosial media, heç bir kriminal maliyyə və şəbəklər, heç bir siyasi iddialar bu məsələdə Azərbaycan dövlətinin, onun başçısının iradəsinə təsir edə bilməz. Hər kəs etdiklərinin bədəlini ödəməlidir. Heç kəs üç-dörd erməni və kriminal şəbəkələrin maliyyəsi ilə məsuliyyətdən qaça bilməz. Biz belə şeyləri çox görmüşük”.
N.Miri belə təxribatların davamlı olacağını deyir. Onun fikrincə, bu təxribatların qarşısını almaq üçün Azərbaycan mediası faktları ortaya qoymaqla fəaliyyət göstərməli, erməni separatçılarının cinayətlərini və onların havadarlarını ifşa etməlidir.
Professor Kamilə Əliyeva bildirir ki, Ermənistan və onun Qərbdəki havadarları hər zaman, istər kütləvi informasiya vasitələrində, istərsə də sosial mediada Azərbaycana qarşı yalan və iftiradolu məlumatlar yayıblar. Onun sözlərinə görə, ermənilər Vətən müharibəsi dövründə də sosial mediada Azərbaycana qarşı belə yalan xəbərlər yayırdılar.
“Avropanın bir sıra KİV-ləri də bu cür çirkin fəaliyyətə qoşulmuşdular. Azərbaycanlı gənclər o zaman sosial şəbəkələrdə böyük fəallıq göstərərək erməni yalanlarını ifşa edirdilər. Prezident İlham Əliyev də dünyanın nüfuzlu KİV-inə müsahibə verərək ermənilərin əsl riyakar sifətlərini, yalanlarını və Ermənistanın işğalçı bir dövlət olduğunu bütün dünyaya çatdırdı. Bu gün də ermənilər və Qərbdəki ermənipərəst qüvvələr həmin ssenarini təkrarlamağa çalışırlar”.
K.Əliyeva qeyd edir ki, dünyanın ən böyük və nüfuzlu bir tədbiri olan COP29-un keçirilməsi ərəfəsində yenidən fəallaşan bu qüvvələr Azərbaycanın dünyada artan nüfuzuna xələl gətirmək niyyəti güdürlər.
“Prezident İlham Əliyevin qətiyyətli, müdrik siyasəti və Azərbaycanın Xüsusi Xidmət Orqanlarının peşəkarlığı nəticəsində Qarabağdakı separatçıların liderləri həbs edilərək Bakıya gətirildi. Qərbdən, xüsusən Fransadan Ermənistanı idarə edən qüvvələr Azərbaycan dövlətinə qarşı cinayətlər törətmiş və azərbaycanlıların qətlində iştirak edən separatçıları "siyasi məhbus" kimi qələmə verməyə çalışırlar. Dövlətimizə və xalqımıza qarşı misli görünməmiş cinayətlər törətmiş separatçıların cinayət əməlləri sübuta yetirilərək dünya ictimaiyyətinə çatdırılacaq. Azərbaycan bütün beynəlxalq tədbirlərdə olduğu kimi COP29-a da ən yüksək səviyyədə ev sahibliyi edəcək və bütün dünya Azərbaycan dövlətinin nəyə qadir olduğunu görəcək. Bu tədbirdə Azərbaycan bəşəriyyətin gələcəyinə böyük töhfələr verəcək layihələri reallaşdıracaq”.