Son günlərdə sosial şəbəkələrdə ayrı-ayrı rayon və kəndlərin girişində postların qurulması, covid pasportu olmayan şəxslərin hərəkətinə məhdudiyyət qoyulması barədə xəbərlərlə tez-tez qarşılaşırıq. Bir qrup vətəndaş hətta iddia edir ki, rayonlarda bəzi bazarlara belə vaksin olunmayan şəxsləri buraxmırlar.
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin rəsmisi Nurlan Əliyev deyir ki, yayılan xəbərlərin heç biri həqiqətə uyğun deyil. Ümumiyyətlə bu tip hallar yaşana bilməz:
“Pandemiya tədbirləri ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edir. Biz də həmin qanunların icrasına nəzarət edirik. Guya məhtudiyyətlərin qoyulması ilə bağlı yayılan xəbərlər yalandır”.
Qeyd edək ki, covid-19 pasportu olmayan vətəndaşların restoran, mehmanxana və iri ticarət mərkəzlərinə buraxılmama qərarı sentyabr ayının 1-dən qüvvəyə minəcək.