Daşınmaz əmlak bazarında son vəziyyət - Qiymətlər necə dəyişəcək?

11:48 14.04.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Dünyada qlobal problemə çevrilən koronavirus pandemiyası bütün sahələrə öz təsirini göstərir. Bu təsirlər Azərbaycandan da yan ötüşmür. Bəs koronavirus pandemiyası ölkədə daşınmaz əmlak bazarına necə təsir edib?

Mövzu ilə bağlı hafta.az-a danışan əmlak bazarı üzrə ekspert Nüsrət İbrahiimov bildirdi ki, bu gün bu təsiri rəqəmlə ifadə etmək olmur, amma iki-üç aydan sonra bu rəqəmi müəyyən etmək olacaq:

“Hazırda mənzil bazarı tamamilə dayanıb, gəlirlər sıfır vəziyyətə düşüb. Zaman lzımdır ki, mənzil bazarından bu durğunluq aradan qalxsın. İki aydan sonra biz durğunluğun tədricən aradan qalxmağının şahidi olacağıq”.

Ekspert  pandemiyanın sona çatdığı müddətdən sonra mənzil bazarında ən çox həyət evlərinə təlabatın qaçılmaz olduğunu bildirdi:

“Koronavirus müddətində insanlar evlərində qaldılar. Bina evləri qalanlar üçün cansıxıcı keçir. Həyət evlərində yaşayanlar daha çox həyətə çıxa bilirlər, gəzirlər və ya müəyyən işlər görə bilirlər. Bu, bir qədər insanların stresinin azalmasına köməklik göstərir.  Bunu nəzərə alaraq imkanlı adamlar gələcəkdə həyət evlərinə üstünlük verəcəklər. Bağ evlərinə üstünlük verildikcə qiymət bazarında dəyişiklik olacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, insanların alıcılıq qabliyyətinin aşağı düşməsi bütün bazarlara, eləcə də daşınmaz əmlak bazarına təsirsiz ötüşmədi:

“Həm kirayə mənzil bazarında, həm də satışlarda azalmaların şahidi olacağıq. Bu qaçılmaz hadisədir. Pandemiyadan doğan problem nəticəsində gəlirlərin azalması müşahidə olunmaqdadır. İnsanlar vardır ki, illərdir hazırlaşır ki, mənzil ala bilsin. İnsanlar gələcəyi görə bilmədiyi üçün əlində olan sərbəst vəsaiti xərcləmək istəmir. Yəni pulunu mənzilə və digər dəyərlərə çevirməkdən qorxur. Nağd pul şəklində saxlamağa üstülük verir. Yəni gələcəkdə daha böyük problem ortaya çıxarsa, obrazlı desək, təhlükəsizlik yastığından istifadə edə bilsin. Düşünürəm ki, kirayə və mənzil satışlarında qiymətlərdə enmə olacaq. Əsasən də bu azalma lüks mənzillərin qiymətində daha çox müşahidə olacaq. Orta və kiçik mənzillərə maraq yenə üstün olaraq qalacaq. İndiki dövrdə, yaxın aylarda isə mənzil bazarında durğunluğunun şahidi olacağıq”.

Hazırda Bakı şəhəri üzrə 1, 2, 3, 4 otaqlı mənillərin satış qiymətini araşdırdıq. Belə ki, qiymətlər rayonlar üzrə dəyişir:

Binəqədi rayonu

1 otaqlı həyət evi - 15500 AZN

2 otaqlı həyət evi - 195000 AZN

3 otaqlı həyət evi - 34500 AZN

4 otaqlı həyət evi - 58000 AZN

Binəqədi rayonu həyət evlərinə təlabatın çox olduğu rayonlardan biri olduğunu deyə bilərik. Burada torpaq sahəsi digər yerlərə nisbətən ucuz təklif olunur. Mərkəzdən kənar yerlərdə 1 sot üçün 3500 AZN-dən başlayır. Mərkəzlərdə isə bu rəqəm 10 minə qədər yüksəlir.

Nizamir rayonu

1 otaqlı bina evi 58000 AZN

2 otaqlı bina evi - 73000 AZN

3 otaqlı bina evi - 112000 AZN

Nizami rayonu şəhərin mərkəzlərindən sayıldığı üçün burada torpağın qiyməti bahadır. Yəni 1 sot torpaq təxminən 70 minə təklif olunur.

Nərimanov rayonu

2 otaqlı bina evi - 90000 AZN

3 otaqlı bina evi - 130000AZN

Nərimanov rayonunda 1, 2, 3 otaqlı mənzillər 60 mindən başlayaraq 120 min arası dəyişir. 

Yasamal rayonu

1 otaqlı bina evi - 62000 AZN

2 otaqlı bina evi - 65000 AZN

3 otaqlı bina evi - 770000 AZN

Yasamla rayonunda torpaq sahələri mərkəzdən kənarlarda 15 mindən başlayaraq 30 minə qədər yüksəlir.

Qeyd edək ki, yuxarıda qeyd olunan mənzillərin qiymətləri metro kənarlarındadır. Metroya yaxın ərazilərdə bu qiymət hətta iki dəfəyə qədər yüksəlir. Eləcə də torpaq sahələrinin də qiyməti metroya yaxın ərazilərdə bahadır. Məsələn metroya yaxın yerdə 1 sot torpaq hətta 200 minə təklif olunur. 

Kirayə mənzil bazarında da qiymətlər fərqlidir. Şəhərin mərkəzlərində 1 otaqlı mənzillər 300-400 AZN, 2 və 3 otaqlı mənzillər isə 600-800 AZN-ə kirayə verilir. Həyət evlərində isə kirayə bina evlərinə nisbətən ucuzdur. Bir otaqlı mənzil üçün 150 AZN ödəyib kirayələmək olar.