“Davos Forumu dünya ölkələri üçün çox vacib və əhəmiyyətlidir. Bu Forumun keçirilməsində dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox dövlətləri iştirak edir. Və Forumda dünyada baş verən hadisələr, iqtisadi problemlər, eləcə də qarşıda duran vəzifələr müəyyənləşdirilir. Cənab Prezident İlham Əliyevin bu Forumda müntəzəm iştirakı bilavasitə ölkəmizin beynəlxalq arenada tanıdılmasına, habelə iqtisadi inkişafımızın təmin edilməsinə və dünya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə xidmət edir”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Deputat vurğulayıb ki, bu il keçirilən Forum da ölkəmiz üçün olduqca əhəmiyyətli olub: “Ümumiyyətlə, bu elə bir tədbirdir ki, burada ölkələr potensiallarını təqdim edir, müzakirələr aparılır, eyni zamanda, iş adamları müxtəlif dövlətlərin investisiya imkanlarını araşdırırlar. Bu dəfə də ölkəmizin Prezidenti Forumda bir çox ölkələrin rəhbərləri, siyasətçiləri, dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb və müəyyən məsələləri gündəmə gətirib. Davos Forumunda iştirak çərçivəsində cənab Prezidentin Çinin CGTN televiziya kanalına verdiyi müsahibə də xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı müsahibəsində Çinlə əməkdaşlığa çox böyük önəm verdiyini bildirib və və müsahibə zamanı iki ölkə arasında enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrə aid bir çox məsələlər müzakirə edilib. Prezident həmçinin bildirib ki, Çin İpək yolunun üzərində yerləşir və bu yolun yenidən işlək vəziyyətə gətirilməsi bütün dünya ölkələri üçün olduqca vacibdir. Digər tərəfdən Prezidentimiz görüş iştirakçılarına Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlət başçısı həmçinin keçirdiyi görüşlərdə dünyada baş verən iqtisadi böhranın aradan qaldırılması, iqtisadi əlaqələrin genişləndirilməsi, Azərbaycanın bu prosesdə fəal iştirakı ilə bağlı fikirlərini də bölüşüb”.
Millət vəkili onu da qeyd edib ki, qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.