İndiyədək ölkəmizdə gender probleminin müsbət həlli ölkə iqtisadiyyatının inkişafına, ölkənin sosial həyatına, Azərbaycanın hərtərəfli inkişafına zəmin yaradıb.
Bu fikirləri hafta.az-a sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyib.
Onun sözlərinə görə, hazırda bir çox sahələrdə qadınlar kişilərdən daha aktv fəaliyyət göstərirlər:
“Məsələn, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qadınların məhsuldarlığından istifadə böyük nailiyyətlərin əldə edilməsi ilə nəticələnib. Yəni, bu sahədə qadınlar olduqca aktivdirlər. Təbii ki, gender probleminin çözülməsi, gender bərabərliyi məsələsinin həlli qadınların cəmiyyətdə rolnunun artırılmasına xidmət edir.
Amma bəzi sahələr var ki, orada kişi əməyindən,bəzi sahələrdə qadınların əməyindən istifadə kütləvi xarakter alıb. Əslində qadınların əmək hüquqlarının qorunmaması, onların məşğulluğunun təmin edilməməsi, ayrıseçkiliyin yaradılması digər problemlər həmişə iqtisadi zərərlə yadda qalır.
Başqa sözlə, qadın üçün xarakterik işlərin kişilər tərəfindən icrası yüksək effektiv nəticə vermir. Ona görə də gender və gender bərabərliyi probleminin həlli üçün qadın əməyindən və məşğulluğundan düzgün və səmərəli istifadə ölkə iqtisadiyyatına böyük səmərələr verə bilər.
Bu gün dövlət səviyyəsində bu istiqamətdə ciddi tədbirlər görülür, nəticədə qadınların əvvəlki illərlə müqayisədə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə yüksəlib. Ona görə demək olmaz ki, qadınlar kişilərdən daha az əməkhaqqı alırlar.
Belə bir diskriminasiya, ayrıseçkilik bizim cəmiyyətdə mövcud deyil. Məsələn, mən ali məktəbdə dərs deyirəm. Mənimlə eyni işi görən, eyni dərs bölgüsü olan qadın həmkarımla eyni məbləğdə əməkhaqqı alırıq. Bu məsələ səhiyyə və digər sahələrə də aiddir. Sadəcə olaraq elə sahələr var ki, orada əməkhaqqı daha yüksəkdir, amma qadın əməyindən istifadə olunmur. Tutaq ki, mədənçıxarma sənayesi. Bu sahə spesifik və ağır əmək rejimi tələb etdiyindən burada əsasən kişilər çalışırlar. Əməkhaqqında yananan fərq bu kimi sahələrlə bağlı ortaya çıxır. Digər bir məsələ də var ki, bizdə məşğul əhalinin əsas hissəsi kişilərdən ibarətdir. Yəni, qadınlarla müqayisədə kişilərin əməkhaqqı fondunda payı daha yüksəkdir.Bu da istər-istəməz statistik nəticələrdə özünü göstərir”.