Dərsliklərin hazırlanması ilə bağlı xüsusi komissiya olmalıdır - Ekspert

18:18 29.04.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son günlər tez-tez sosial şəbəkələrdə dərsliklərdəki səhvlərlə bağlı paylaşımlara şahid oluruq. Məktəblilər üçün nəzərdə tutulan bu tədris vasitələrində həlli olmayan məsələlərin sayı durmadan artır. Belə, həll edilə bilməyən məsələlər, həlli tapılmayan dərslik çapı problemindən qaynaqlanır.

Bəs görəsən, dərsliklər çapa verilmədən öncə onların yoxlanışını kimlər həyata keçirdir? Bu yoxlanış neçə müddət vaxt aparır? Səhvlərin aradan qaldırılması üçün növbəti tədris ilindən hansı yeniliklər tətbiq edilə bilər?

Təhsil eksperti Elçin Əfəndi hafta.az-a bildirib ki, dərsliklər, indiyə qədər müvafiq tender vasitəsilə elan edilərək, qalib gələn şəxs və yaxud nəşriyyat tərəfindən nazirliyə satılırdı. Daha sonra nazirlik dərslik olaraq həmin kitabları nəşrlərə təqdim edirdi. Ancaq bu proses artıq dəyişdirilməlidir:

“Fikrimcə biz bu anlayışı aradan qaldırmalıyıq. Təhsil İnstitutu və müvafiq müəlliflər tərəfindən keyfiyyətli dərs kitabları yazılmalıdır. Təbii ki bu işə Təhsil Nazirliyi ciddi nəzarət etməlidir. İstənilən halda dərsliklərdə səhvlərin olması bir şagirdə mənfi təsir göstərmir. Bu eyni ildə 100-200 min şagirdə təsir etmiş olur. Onlara yanlış informasiya verilmiş olur. Ona görə də dərs kitabı hazırlayan müəllif, redaktorlar, korrektorlar diqqətli olmalıdırlar. Təbii ki, bir dərslik heç də asan ərsəyə gəlmir. Bunun üçüb kifayət qədər çox 1-2 il vaxt tələb olunur. Dərslik hazır olandan sonra nəşrə buraxılır. Təkrar nəşrlər zamanı səhvlər aradan qaldırılır. Buna baxmayaraq biz dərslik hazırlayanda səhvlərin olmamasına maksimum dərəcədə çalışmalıyıq”.

Ekspert onu da vurğuladı ki, neqativ halların aradan qaldırılması üçün dərsliklərin hazırlanması ilə bağlı xüsusi komissiya olmalıdır:

“Komissiyanın tərkibində peşəkar mütəxəssislər, pedaqoqlar yer almalıdır. Mükəmməl dərs kitabları hazırlayan zaman, təkcə bu ili deyil, gələcək bir neçə ili də nəzərə almalıyıq. Valideyn hər il dərslik almalı deyil. Dərsliklərin hazırlanması zamanı şagirlərin yaşı və psixologiyası da nəzərə alınmalıdır. Bunun üçün müvafiq kriteriyalar müəyyən olunmalıdır”.