Diaspor təşkilatlarının maliyyə təminatı - Aktual

11:10 21.07.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın tarixi və mədəniyyəti kimi diasporunu da kifayət qədər qədim və zəngin hesab etmək olar. Qeyd edək ki, bu gün dünyada təqribi sayı 60 milyon nəfər olan azərbaycanlıların 10 milyondan çoxu hazırda öz dədə-baba torpaqlarından kənarda yaşayır. Planetin 5 qitəsində məskunlaşan soydaşlarımızın sosial-mədəni və iqtisadi-siyasi fəaliyyətləri yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlif meyarlarla sıx əlaqədardır.

Vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi isə dövlət üçün hər zaman prioritet məsələlərdən olub. Təbii ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır. Müstəqillik illərində qəbul edilən və milli dövlətçiliyimiz üçün strateji əhəmiyyət kəsb edən bütün sənədlərdə xaricdə yaşayan azərbaycanlıların hüquq və əsas azadlıqlarının təminatı diqqət mərkəzində saxlanılıb. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən 2002-ci il iyulun 5-də “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanının və 2002-ci il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun imzalaması isə Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya edilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması, onların təşkilatlanması baxımından ciddi rol oynadı. Bu siyasətin davamı olaraq, Azərbaycan ziyalılarından, tanınmış şəxslərdən, dövlət və hökumət nümayəndələrindən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradılması bu sahəyə xüsusi əhəmiyyət verildiyini bir daha təsdiqlədi. Həmçinin elmi-intellektual potensialın formalaşmasına və inkişafına gətirib çıxardı. 2006, 2011, 2016-cı illərdə Bakı şəhərində Dünya Azərbaycanlılarının İkinci, Üçüncü və Dördüncü qurultaylarının keçirilməsi, müasir dövrün tələbləri nəzərə alınaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı müvafiq Sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması da məhz zərurətdən irəli gəlir və bu sahənin inkişafına öz töhfəsini verirdi. Bu Dövlət Komitəsinin yaradılmasından sonra soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanması daha geniş vüsət alıb. Hazırda, bu istiqamətdə ümummilli lider Heydər Əliyev dövlət idarəçilik məktəbi mövcudluğu əsasında Azərbaycan diasporu yeni inkişaf mərhələsinə qədəm qoyub.

Bundan başqa, Prezident İlham Əliyevin 2018-ci ilin iyul ayında Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında fərman imzalayıb, publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondunun Nizamnaməsi təsdiq edilib. Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb.

Maraqlıdır, görəsən, Azərbaycan diasporuna maliyyə dəstəyi hansı formada olmalıdır? Bu məsələdə əsas yük dövlətin, yoxsa böyük biznes fəaliyyəti olan soydaşlarımızın üzərinə düşməlidir?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdi hesab edir ki, dövlət qəti surətdə diasporu maliyyələşdirməməlidir: “Bunun qəti əleyhinəyəm. Bu maliyyələşmə niyə olmamalıdır. Məsələn, götürək, erməni və yaxud yəhudi diasporunu. Bəziləri onları Azərbaycan diasporuna örnək göstərməyə çalışırlar. Əslində bu doğru örnək deyil. Düzdür, ola bilər ki, erməni və ya yəhudi diasporunun hansısa güclü layihəsi olub. Amma biz həmin diasporlara baxdıqda nə görürük. Məsələn, erməni diasporu konkret olaraq bu gün Ermənistan dövlətinə təzyiq vasitəsi kimi istifadə olunur.Onlar dövlətin işlərinə qarışırlar, öz maraqlarını dövlətə diktə etdirirlər. Təbii ki, bu da yanlışdır və diaspor hər zaman dövlətə dəstək nümayiş etdirməli, onun yanında olmalıdır. Biz bunun əyani sübutunu Vətən Müharibəsində gördük və şahidi olduq ki, Azərbaycan diasporası həm malı, həm canı ilə dövlətimizin yanında dayandı. Lakin onu da etiraf etməliyik ki, bu gün xaricdə bəzi şəxslər yalandan 2-3 nəfər üzvdən ibarət “təşkilat” yaradaraq Azərbaycan dövləti ilə pul davası edirlər. Bunlar yolverilməzdir. Ona görə də konkret olaraq dövlətin diasporu, xaricdəki Azərbaycan dərnəklərini maliyyələşdirməsi dayandırılmalıdır. Azərbaycan dövləti bununla bağlı çox gözəl addım atıb və  Azərbaycan Diasporuna Dəstək Fondu yaradıb. Bu maraqlı layihədir. Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Bu gün bildiyim qədər dövlət də ancaq bu Fondla işləyir. Onu da qeyd edim ki, elə ölkələr var ki, onsuz da həmin ölkələrdən kənardan, xaricdən pul almaq mümkün deyil. Əgər Azərbaycandan birbaşa diaspor təşkilatlarına pul gedərsə, o zaman həmin adamlar pul göndərilən ölkənin agenti hesab edilir. Ona görə birbaşa maliyyə yardımı almaq diaspor nümayəndələrimizə də sərf etmir. Bu mənada Azərbaycan Diasporuna Dəstək Fondu vacib bir qurumdur. Hazırda bu qurum öz fəaliyyətini şəffaf şəkildə davam etdirir və Azərbaycanla bağlı layihələri maliyyələşdirir”.   

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya Babanlı isə bildirib ki, dövlətin əli mənəvi cəhətdən həmişə milli diasporumuzun üzərində olmalıdır: “Diaspor strateji amil kimi yaşadığımız dövrün vacib elementi hesab olunur. Diaspor həm ideoloji gücdür, həm də xaricdə milli mənafe və dəyərlərin təmsilçisidir. Diaspor amili xalqların yaxınlaşması, anlaşması, ölkələrarası münasibətlərin qurulması və dövlətlərarası əməkdaşlığın inkişafında mühüm amildir. Amma maliyyələşmənin birbaşa dövlətin üzərinə qoyulması düzgün yanaşma olmazdı. Ələxüsus nəzərə alsaq ki, bu təşkilatlar olduqları kənar dövlətlərin qanunvericiliklərinə uyğun fəaliyyət göstərirlər. Ona görə də kənardan birbaşa donor formasında maliyyələşdirmə arzuolunan deyil. Ancaq  ki, Azərbaycanın tanıtımı, təbliğatı, o cümlədən adət-ənənələrin qorunması ilə bağlı müəyyən dövlətlərdə xüsusi mədəni tədbirlər həyata keçirilir.Yəni, Azərbaycan diaspor təşkilatlarının bu və ya digər formada maliyyələşdirilməsi qaçılmazdır, mümkündür. Bunu normal hesab etmək olar. Lakin ən yaxşı o olardı ki, bu gün Azərbaycan diasporunun, Azərbaycan diaspor təşkilatlarının Ana Vətəndən maddi cəhətdən umduqları olmasın. Və bu əksinə olsun. Belə deyək ki, onlar Vətən üçün nə etməli olduqlarını düşünsünlər. Əslində biz ümumi götürsək, Vətən Müharibəsi dövründə Azərbaycan diasporunun ordumuza, o cümlədən aidiyyəti üzrə müəyyən yardımlarını, dəstəklərini nəzərə alsaq görəcəyik ki, heç də Azərbaycan dövləti diasporu maliyyələşdirmir. Yəni, əksinə olaraq bizim çox böyük dəstək aldığımız məqamlar olub. Xatırlayırsınızsa, Diaspora Komitəsi Yaşat Fondu ilə birlikdə Xeyriyyə Marafonu təşkil etmişdi. O aksiyada 1 milyon manatdan çox vəsait toplanmışdı. Bunun özü bir göstəricidir ki, Azərbaycan diasporu öz Vətəni, ölkəsi üçün həm də maddi dəstəyini heç vaxt əsirgəmir. Bir məqamı da qeyd edim ki, bizim bu gün işlədiyimiz diaspor zümrəsinin əksər hissəsi birinci nəsil azərbaycanlılardır. Yəni, onlar bu 30 il ərzində köçüb getmiş şəxslərdir. Ona görə onlar yaşadıqları cəmiyyətdə hələlik birmənalı mövqe tuta bilməyiblər. Ancaq gələcəkdə onların övladları, ikinci, üçüncü nəsil azərbaycanlılar bu çərçivədə iş aparsaq, o zaman şahidi olacağıq ki, diaspor öz Vətəni üçün çox böyük işlər görür və görəcək”.

Oxunma sayı 678