Dini tolerantlığın Azərbaycan modeli

12:14 11.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan kimi tanınıb. Belə ki, ayrı-ayrı dinlərə etiqad edən insanlar ölkəmizdə daima sülh və əmin-amanlıq şəraitində yaşayıb, Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynayıb, etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxlayıblar. Tarix boyu ölkəmizdə yaşayan xalqlar arasında milli, irqi, dini ayrı-seçkilik, ədavət və qarşıdurma müşahidə edilməyib. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq yeri olub, bura təkcə ayrı-ayrı dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan dini cərəyanların nümayəndələri də pənah gətiriblər. Onlar burada özlərini yad hesab etməmiş, yerli əhali ilə qaynayıb qarışıb, qohumluq əlaqələri qurmuş və hər zaman yerli əhali ilə həmrəy olublar. Yəni, dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrdə Azərbaycan Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı ən unikal nümunədir.

Məlumat üçün xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan xalqının zəngin tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasına xüsusi diqqət yetirilmiş, ölkəmizdə dini dözümlülüyün möhkəmləndirilməsi hökumətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Heydər Əliyev mütəmadi olaraq müxtəlif dinləri təmsil edən din xadimləri ilə görüşər, ibadət ocaqlarını ziyarət edər, dindarlar qarşısında çıxışlar edər, dini bayram və mərasimlər münasibətilə onları təbrik edərdi. Hazırda bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə böyük diqqət və qayğı ilə yanaşmaq Azərbaycan hökumətinin din siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, mütəmadi olaraq dini icma rəhbərləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər bir sıra məscidlər, tarixi mədəniyyət abidələri yüksək memarlıq üslubunda təmir və bərpa olunub. Həmçinin, dövlət dini icmalara daima xüsusi qayğı ilə yanaşır, dövlət büdcəsindən onlara maliyyə yardımı ayırır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir. Bu, Azərbaycan hökumətinin dini icmalara yüksək diqqət göstərdiyinə dəlalət edir.

Azərbaycanda dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu da mühüm işlər görür. Fondun xətti ilə xristianlığa və İslama aid bir çox dini abidələr təmir və bərpa edilib. Məsələn, Fondun dəstəyi ilə 2009-cu ildə Bakıda yerləşən “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpa işləri aparılıb. 2016-cı ilin fevral ayının 23-də isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilmiş Marçellinio və Pietro katakombalarının açılış mərasimi keçirilib. Bu Azərbaycanın təkcə ölkəmizdə deyil, dünyanın ayrı-ayrı bölgələrində yerləşən müxtəlif mədəniyyətlərə və dinlərə aid abidələrə göstərdiyi qayğının və diqqətin göstəricisidir.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkəmizdə əhalinin təxminən 90.6 faizini təşkil edən azərbaycanlı-türklərdən əlavə, say nisbətinə görə sıralasaq, ləzgilər, ruslar, ermənilər, talışlar, avarlar, türklər, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, kürdlər, tatlar, yəhudilər, udinlər və digər daha azsaylı xalqlar - ingiloylar, xınalıqlılar, lahıclılar, haputlular, əliklilər, ceklilər, qrızlılar, rutullular, kilitlilər yaşayır. Bu xalqların əksəriyyəti yalnız öz etnik tərkiblərindən ibarət olmaqla kompakt şəkildə ayrıca yaşayış məntəqələrində məskunlaşıblar. Hazırda ölkənin şimal və şimal-qərb bölgəsində etnik tərkibin əsas faizini təşkil edənQuba, Qusar, Xaçmaz, Oğuz,  Qəbələ və digər rayonlarda bütövlükdə, yaxud böyük əksəriyyəti ləzgilərdən ibarət çoxlu sayda kənd mövcuddur.

Azərbaycanda sayı 150 mindən artıq olan ruslar isə Bakıda, Sumqayıtda və Gəncədə, o cümlədən kompakt halda İsmayıllının İvanovka, Gədəbəyin Novosaratovka, Novoivanovka, Qorelsk və Slavyanka, Goranboyun Rus Borisi, Şamaxının Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində məskunlaşıblar. Bu kəndlərdən əsası XIX əsrin ortalarında qoyulan və yaradıcısı İvan Perşin şərəfinə adlandırılan İvanovka daha məşhurdur. Kənddə əsasən, çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş molokanlar yaşayır. İsmayıllıda qədim etnik xalqın məskunlaşdığı kəndlərdən biri də Lahıcdır. Əsasının erkən orta əsrlərdə qoyulduğu ehtimal olunan kəndin əhalisinin - lahıclıların Sasanilər dövründə Gilanın Lahican əyalətindən köçüb gəldikləri güman edilir.

Etnik zənginliyinə görə ölkənin ən rəngarəng rayonu hesab olunan Quba, azsaylı nadir etnik toplumların mövcudluğu baxımından da diqqəti çəkir. Rayon ərazisində yerləşən, nəinki ölkəmizdə, bütün dünyada tanınan, 99 faizi dağ yəhudilərindən ibarət Qırmızı Qəsəbənin 280-300 ilə yaxın tarixi var. Vaxtilə indiki İsrail ərazisindən İraqa, sonra İrana, oradan isə xanlıqlar dövründə Azərbaycana köç etmiş yəhudilər Qudyalçayın sol sahilində məskunlaşıblar və Quba xanı Fətəli xan tərəfindən onların təhlükəsizliyi tam təmin edilib.

Qubada nadir etnik xalqın yaşadığı daha bir ecazkar yaşayış məskəni Qafqaz dağlarının 2400 metrlik zirvəsində, 5 min illik tarixə malik olduğu güman edilən Xınalıq kəndidir. Özlərini kətşlər (Xınalıq dilində - müqəddəs) adlandıran xınalıqlılar etnik qrupu minilliklər boyu xalqımızın tolerantlığına borclu olaraq öz dilini, adət-ənənələrini bugünədək qoruyub saxlamağı bacarıblar. Rayon ərazisində Şahdağ milli etnik qrupuna aid edilən yergüclülər, əliklilər, buduqlular, ceklilər, qrızlılar, haputlular və tatların məskunlaşdığı eyniadlı kəndlər də var.

Lənkəran-Astara bölgəsində talışların, ermənilərin işğalına qədər Laçın, Qubadlı, Zəngilan və Kəlbəcərdə kürdlərin, Balakən, Zaqatala və Qaxda gürcülərin, ingiloyların, avarların, saxurların, Oğuzda və Qəbələnin Nic kəndində qədim Qafqaz Alban tayfalarından udinlərin - bu adda etnos hazırda yalnız Azərbaycanda mövcuddur - kütləvi şəkildə məskunlaşmaları, bu xalqların hər birinin öz dilində danışmaq, ənənəvi dinlərinə tapınmaq, özlərinə aid hər şeyi qorumaq hüququna və müstəqilliyinə malik olmaları Azərbaycandakı tolerantlığa parlaq misaldır. Xalqımız Ahıska türklərinə də XX əsrin 50-ci illərindən qucaq açıb. 1944-cü ildə Ahıskadan sürgün edilən ahıskalılar həmişə qayğı, məhəbbət gördükləri Azərbaycanı özlərinin ikinci vətəni hesab edirlər. Fərqanə hadisələrindən sonra yenidən ölkəmizi pənah yeri seçən Ahıska türklərinin burada sayı hazırda 100 mindən artıqdır. Bütün sadalanan faktlar bu xalqların nümayəndələrinin özlərini Azərbaycanda qətiyyən yad hiss etmədiyinə, onların respublikanın bərabərhüquqlu vətəndaşları olaraq milli kimliklərini qoruduğuna əyani sübutdur.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili Ceyhun Məmmədov da deyib ki, hazırda Azərbaycanda müxtəlif dinlərin, xalqların nümayəndələri sülh və anlaşma şəraitində yaşayırlar: “Dövlət bu istiqamətdə onların fəaliyyəti üçün gərəkli hər bir şəraiti yaradıb. Bu gün onu da qeyd etməliyik ki, Azərbaycan azsaylı ölkələrdəndir ki, burada yəhudu, xristian, müsəlmanlar bir evdə, bir həyətdə, bir məhəllədə yaşayaraq bir-birlərinin tədbirlərində, toylarında, yaslarında yaxından iştirak edirlər. Bu gün Bakıda 3 pravoslav kilsəsi fəaliyyət göstərir, 1 katolik kilsəsi mövcuddur, 2 sinaqoq fəaliyyətdədir. Eləcə də Sumqayıtda, Gəncədə pravoslav kilsələri mövcuddur. Yəni, tarixən Azərbaycan belə olub və dini, millətlərarası münasibətlər ən yüksək səviyyədə özünü göstərib. Tarixən ayrı-ayrı ölkələrdə zülmə, ayrı-seçkiliyə məruz qalan dinlərin nümayəndələri Azərbaycana pənah gətirərək burada məskunlaşmış, burada yaşamış və qaynayıb-qarışmışlar.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da Ulu Öndər bu istiqamətdə çox mühüm qərarlar qəbul etdi. Konstitusiyamızda  dini etiqad azadlığı təsbit olundu. Eləcə də qeyd etmək lazımdır ki, bu gün həmin siyasəti cənab Prezident uğurla davam etdirir. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də dini abidələrin təmir və bərpası yüksək səviyyədə həyata keçirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda dinə çox yüksək səviyyədə qayğı var, dövlət milli-mənəvi dəyərlərimizi qoruyur, dövlət etiqad azadlığı üçün hər cür şəraiti yaradır. Eyni zamanda, ölkədə cərəyan edən prosesləri də öz diqqətində saxlayır və bir sıra hallarda da ölkədəki dini duruma mənfi təsir göstərə biləcək halların qarşısının alınması üçün də davamlı olaraq müxtəlif tədbirləri həyata keçirir. Yəni, bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan dövlət-din münasibətlərində dünyada nümunəvi ölkədir. Bunu bütün dünya ölkələri etiraf edirlər”.

Oxunma sayı 550