Ölkədə həm ali, həm orta məktəblərdə distant təhsilə keçid baş verdi. Karantin rejimi "online" dərslərə məcburiyyət yaratdı desək, yanılmarıq. Bəs bu praktika necə, özünü doğrulda bilibmi?
Bu barədə hafta.az-a danışan təhsil eksperti Kamran Ağayev dedi ki, martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi:
"Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət pılanlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasına səbəb ola bilər. Ona görə də Təhsil Nazirliyi 11 martdan etibarən "Mədəniyyət" tv-də teledərs layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmn olunmasına imkan verdi. Virtual məktəb layihəsini - evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələri olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması, ibtidai sinif şagirdləri üçün təhsilin əlçatımlılığının təmin olunması anlamına gəlir. Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydən düşmə olacaq. Hesab edirəm ki, bu proqramlar əsasında şagidrlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin virtual məktəb layihəsi tam şəkildə proqramı əhatə edir. Amma ilk vaxtlar istifadəçilərin qeydiyyatdan keçməklə bağlı probleminin olması hal hazırda yaranmış çətinlikdir. Bundan başqa 4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Belə ki, mövcud internet qiymətləri bahadır və şagirdlər şəxsi komputer, planşet və telefona sahib deyillər. Lakin görünən budur ki, qeydiyyat zamanı texniki qüsurlar əmələ gəlir. Lakin buna baxmayaraq qısa müddətdə “Virtual məktəb” portalında 36 min şagird qeydiyyatdan keçib ki, bu sevindirici haldır. Bir məqamı da qeyd edim ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir. Amma təssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq təhsilin əlçatanlılığı tam şəkildə təmin olunmayıb. Xüsusi ilə Ali təhsil pilləsində ciddi çatışmazlılar mövcuddur. Onlar 2009-cu ildən etibarən distant təhsili təmin etməli idilər. Maraqlıdır ki, universitetləri akreditasiyadan keçirən şəxs və qurum niyə buna göz yumub? Bu müddət ərzində universitetlər azı 2 dəfə akreditasiyadan keçiblər və onlar ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda onu nəyəsə və ya kiməsə görə akreditasiyadan keçiriblər. İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb. Düşünürəm ki, mobil operatorlar və interenet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar. Nəzərə alsaq ki, internet hazırda təhsil alanların təhsil verənlərlərə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa müəyyən qədər şagirdlərin bilik və bacalıqlarında mövcud vəziyyətdə artım olar. DİM-in youtube resursları və okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar. Tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilərlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır. Real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi online dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə online dərslərdən 10-15 faiz şagird istifdə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür. Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizə aiddir. Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avtopa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi çün onlard təhsilin davamlılığında hansısa bir problem yaranmayıb".