Dünən Nyu-Yorkda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM-ın xarici siyasət idarəsi rəhbərlərinin görüşü keçirilib.
Hafta.az-ın yazdığına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ukraynanın XİN başçısı Dmitri Kuleba döyüş bölgələrindəki vəziyyətdən, müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinin azad edilməsi üzrə səylərindən danışıb, həmçinin Ukraynaya humanitar yardım göstərdiyinə görə Gürcüstan, Azərbaycan və Moldovaya təşəkkür edib.
GUAM-ın iclasında Ukraynaya qarşı cinayətlərinə görə Rusiyaya qarşı beynəlxalq sanksiyaların gücləndirilməsi məsələləri, xüsusən də Moskvanın müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində psevdoreferendum keçirmək niyyəti və Kiyev Təhlükəsizlik Müqaviləsi konsepsiyası kontekstində qaldırılıb.
Kuleba Gürcüstan, Azərbaycan və Moldovanı Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində zərər çəkmiş Ukrayna rayonlarının bərpasına qoşulmağa dəvət edib.
Görüşün yekunu olaraq xarici işlər nazirləri vətəndaşlara qarşılıqlı konsul yardımının göstərilməsini nəzərdə tutan Konsulluq Konvensiyasını, habelə malların mənşə ölkəsinin müəyyən edilməsinə dair Protokolu imzalayıblar.
Qeyd edək ki, GUAM 1997-ci ildə postsovet inteqrasiyasının variantı kimi yaradılıb, lakin Rusiya olmadan. Bir müddət Özbəkistan da (GUÖAM) təşkilatın üzvü olub, sonradan ayrılıb. Təşkilatın Baş Katibliyinin ofisi Kiyevdə yerləşir.
Xəbər verdiyimiz kimi, adıçəkilən ölkələrin xarici işlər nazirləri BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-da işgüzar səfərdədirlər.